Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının Bakıda keçirilən ikinci görüşü təşkilatın institusional inkişafında və geosiyasi rolunun artmasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. TDT son illər siyasi, iqtisadi və təhlükəsizlik komponentləri olan regional əməkdaşlıq mərkəzinə çevrilmək istiqamətində hərəkət edir.
Beynəlxalq təşkilatların inkişaf təcrübəsi göstərir ki, hər bir regional təşkilat əvvəlcə humanitar və iqtisadi əməkdaşlıq platforması kimi formalaşır, daha sonra siyasi koordinasiya mexanizmləri meydana çıxır. Türk Dövlətləri Təşkilatı da eyni institusional inkişaf trayektoriyasını keçir. Əvvəl ortaq mədəniyyət, dil və tarix üzərində qurulan əməkdaşlıq sonradan nəqliyyat, enerji və ticarət layihələri ilə genişləndi, hazırda isə siyasi koordinasiya və təhlükəsizlik məsələləri gündəliyin əsas mövzularından birinə çevrilməkdədir.
Bu baxımdan Bişkekdə keçirilən hökumət başçılarının birinci görüşü təşkilatın icraedici səviyyədə əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm mərhələ idi. Bişkek görüşü daha çox strukturun qurulması, əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və hökumətlər səviyyəsində koordinasiya mexanizmlərinin yaradılması ilə yadda qaldı. Bakı görüşü isə mahiyyət etibarilə fərqli mərhələni ifadə edir. Əgər Bişkek mexanizmlərin yaradılması mərhələsi idisə, Bakı artıq həmin mexanizmlərin işləməsi, konkret layihələrin koordinasiyası, iqtisadi və nəqliyyat təşəbbüslərinin icrasının sürətləndirilməsi və siyasi gündəliyin uzlaşdırılması mərhələsi kimi qiymətləndirilə bilər.
Bakı görüşünün əhəmiyyətini kəskin şəkildə artıran əsas amillərdən biri regionda təhlükəsizlik mühitinin sürətlə dəyişməsi və qeyri-müəyyənliyin artmasıdır. İran ətrafında baş verən müharibə və onun yaratdığı geniş geosiyasi dalğalanma Cənubi Qafqaz, Mərkəzi Asiya və ümumilikdə türk coğrafiyası üçün yeni risklər və çağırışlar formalaşdırır. Bütün bu reallıqlar Türk Dövlətləri Təşkilatını əvvəlki passiv koordinasiya modelindən daha çevik və reaksiya verə bilən siyasi platformaya çevrilmək zərurəti ilə üz-üzə qoyur.
Son bir ay ərzində müşahidə olunan intensiv diplomatik aktivlik sistemli reaksiyanın tərkib hissəsidir. Xüsusilə Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumun və Türkiyəyə raket atılmasının pislənilməsi TDT daxilində formalaşmaqda olan siyasi həmrəyliyin praktiki təzahürü kimi qiymətləndirilə bilər. Belə reaksiyalar, hələ ki, kollektiv təhlükəsizlik mexanizmi səviyyəsində olmasa da, ortaq siyasi mövqe formalaşdırmaq baxımından mühüm siqnaldır.
Burada diqqətçəkən digər mühüm məqam isə gündəliyin strukturunda baş verən dəyişiklikdir. Əgər əvvəlki mərhələlərdə nəqliyyat, ticarət və enerji layihələri əsas prioritet idisə, hazırda təhlükəsizlik, risklərin idarə olunması və siyasi koordinasiya paralel və bəzən dominant istiqamətə çevrilir.
Bakı görüşü məhz bu keçid mərhələsində xüsusi əhəmiyyət daşıyır. Çünki burada müzakirə olunan məsələlər hökumətlər səviyyəsində konkret mexanizmlərə çevrilə bilər. Təhlükəsizlik sahəsində məlumat mübadiləsi, fövqəladə vəziyyətlərə koordinasiyalı reaksiya, kritik infrastrukturun qorunması və regional risklərin birgə qiymətləndirilməsi kimi istiqamətlər məhz bu səviyyədə praktik məzmun qazana bilər. Digər tərəfdən, bu proses TDT-nin gələcək institusional arxitekturası üçün də ipucları verir. Əgər hazırkı dinamika davam edərsə, təşkilat daxilində daha sistemli təhlükəsizlik məsləhətləşmə mexanizmlərinin, bəlkə də xüsusi koordinasiya strukturlarının formalaşması istisna deyil.
Bakı görüşünün gündəliyində əsas mövzulardan birinin nəqliyyat və logistika layihələrinin genişləndirilməsi olması birbaşa Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlıdır və əslində Türk Dövlətləri Təşkilatının iqtisadi inteqrasiyasının əsas sütunlarından birini təşkil edir.
Son illər qlobal ticarət marşrutlarında ciddi dəyişikliklər baş verir. Rusiya–Ukrayna müharibəsi Şimal marşrutunun etibarlılığını azaltdı, Yaxın Şərqdə gərginlik və dəniz yollarında təhlükəsizlik riskləri isə ənənəvi dəniz ticarət marşrutlarının sabitliyini sual altına aldı. Belə bir şəraitdə Avropa ilə Asiya arasında alternativ və daha təhlükəsiz quru nəqliyyat marşrutlarına maraq kəskin şəkildə artıb. Məhz bu geosiyasi və geoiqtisadi dəyişikliklər Orta Dəhlizin strateji əhəmiyyətini əvvəlki dövrlərlə müqayisədə xeyli artırıb.
Orta Dəhlizin xəritəsinə diqqət yetirdikdə aydın olur ki, bu marşrut əslində türk dövlətlərini vahid iqtisadi xətt üzrə birləşdirir: Mərkəzi Asiya – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa xətti boyunca uzanan bu dəhliz investisiya, sənaye əməkdaşlığı, logistika mərkəzləri və rəqəmsal ticarət platformaları üçün yeni imkanlar yaradır.
Lakin Orta Dəhlizin real iqtisadi gücə çevrilməsi yalnız infrastrukturun tikilməsi ilə mümkün deyil. Burada əsas məsələ koordinasiyadır: gömrük prosedurlarının sadələşdirilməsi, vahid tranzit sənədləri, rəqəmsal logistika platformaları, tariflərin optimallaşdırılması, sərhəd keçidlərinin sürətləndirilməsi kimi məsələlər həlledici rol oynayır. Məhz bu məsələlər hökumətlər səviyyəsində razılaşdırılmalı olduğu üçün Bakı görüşü xüsusi əhəmiyyət kəsb edir.
Digər mühüm məqam isə ondan ibarətdir ki, nəqliyyat layihələri adətən zamanla siyasi inteqrasiyanı da sürətləndirir. Tarix göstərir ki, əvvəl iqtisadi əlaqələr dərinləşir, daha sonra siyasi koordinasiya güclənir. Avropa İttifaqının formalaşma modeli də məhz kömür və polad birliyindən başlayaraq siyasi birliyə doğru inkişaf etmişdi. Türk Dövlətləri Təşkilatında da, müəyyən mənada, oxşar iqtisadi inteqrasiya məntiqi müşahidə olunur və Orta Dəhliz bu inteqrasiyanın əsas alətlərindən biri kimi çıxış edir.
Türk Dövlətləri Təşkilatının son illərdə keçdiyi transformasiyada ən diqqətçəkən istiqamətlərdən biri təhlükəsizlik məsələlərinin təşkilatın gündəliyində getdikcə daha çox yer tutmasıdır. Regional risklərin artması bu prosesi sürətləndirən əsas amillərdən biridir. Yaxın Şərqdə müharibə, Cənubi Qafqazda hələ tam sabitləşməyən təhlükəsizlik mühiti, Mərkəzi Asiyada təhlükəsizlik riskləri, enerji və nəqliyyat infrastrukturunun qorunması məsələləri türk dövlətlərini təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa sövq edir. Çünki Orta Dəhliz, enerji kəmərləri, nəqliyyat marşrutları və rəqəmsal infrastruktur kimi layihələr təhlükəsizlik məsələsidir.
TDT çərçivəsində siyasi həmrəylik və koordinasiya mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hələ ki, təşkilat çərçivəsində hərbi ittifaqın yaradılması və ya kollektiv müdafiə mexanizminin formalaşdırılması gündəmdə deyil və yaxın perspektivdə belə bir model real görünmür. Türk dövlətlərinin fərqli hərbi doktrinaları, müxtəlif təhlükəsizlik tərəfdaşlıqları və fərqli geosiyasi mühitləri buna imkan vermir. Lakin bu o demək deyil ki, təhlükəsizlik sahəsində əməkdaşlıq mümkün deyil. Əksinə, daha real model siyasi koordinasiya, təhlükəsizlik məsləhətləşmələri, kəşfiyyat məlumatlarının mübadiləsi, terrorizm və kiber təhlükələrə qarşı əməkdaşlıq, fövqəladə vəziyyətlərdə koordinasiya kimi sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Uzunmüddətli perspektivdə isə bu proses TDT-nin daha koordinasiyalı siyasi platformaya çevrilməsi ilə nəticələnə bilər.
Bakı görüşünün digər mühüm tərəfi onun geosiyasi mesajı ilə bağlıdır. Azərbaycan son illərdə Türk dünyasının geosiyasi və geoiqtisadi xəritəsində əsas tranzit və əlaqələndirici mərkəzlərdən birinə çevrilib. Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutları, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, enerji kəmərləri və logistika infrastrukturu Azərbaycanı faktiki olaraq Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirən əsas qovşağa çevirib.
Son olaraq qeyd edək ki, müxtəlif regional platformalarda təşəbbüslərlə çıxış etməsi, nəqliyyat və enerji layihələrinin təşviqi, regional əməkdaşlıq formatlarının dəstəklənməsi Azərbaycanın xarici siyasətində regional əməkdaşlıq arxitekturasının formalaşdırılmasında iştirak etmək ambisiyasının göstəricisidir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


