Müasir beynəlxalq sistemin ən diqqətçəkən xüsusiyyətlərindən biri regional təşkilatların rolunun sürətlə artmasıdır. Qlobal güclər arasında rəqabət dərinləşdikcə, dövlətlər geniş regional platformalar vasitəsilə öz siyasi və iqtisadi mövqelərini möhkəmləndirməyə çalışırlar. Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev arasında keçirilən görüş və Bakıda planlaşdırılan növbəti yüksək səviyyəli toplantı ətrafında verilən mesajlar məhz bu transformasiyanın əlaməti kimi oxuna bilər.
Beynəlxalq sistem sabit deyil və regional təşkilatların funksiyası zamanla dəyişir. Son illər baş verən geosiyasi proseslər Türk Dövlətləri Təşkilatına münasibəti də əhəmiyyətli dərəcədə transformasiya edib. Əgər əvvəllər təşkilat daha çox mədəni diplomatiya aləti kimi qiymətləndirilirdisə, bu gün o, tədricən siyasi və iqtisadi koordinasiya platformasına çevrilmək istiqamətində irəliləyir. Təbii ki, transformasiyanın arxasında ilk növbədə dəyişən qlobal geosiyasi mühit dayanır. Ukrayna müharibəsi Avrasiya məkanında onilliklər ərzində formalaşmış iqtisadi və logistika sistemlərini ciddi şəkildə sarsıtdı. Şimal istiqamətindən keçən ənənəvi ticarət marşrutlarının bir hissəsi ya sanksiyalar, ya da təhlükəsizlik riskləri səbəbindən əvvəlki effektivliyini itirdi. Avropa ilə Asiya arasında əlaqələri təmin edən logistika xəritəsi yenidən nəzərdən keçirilməyə başlandı. Məhz bu məqamda Orta Dəhliz adlanan marşrutun strateji əhəmiyyəti sürətlə artdı. Orta Dəhliz Avrasiyanın yeni iqtisadi coğrafiyasını formalaşdıran əsas xətlərdən birinə çevrilmək potensialına malikdir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkiyə üzərindən Avropaya uzanan bu xətt bir neçə türk dövlətinin strateji maraqlarını bir nöqtədə birləşdirir. Orta Dəhlizdə logistika, enerji, ticarət və geosiyasi təsir imkanları eyni anda kəsişir. Belə bir reallıq isə Türk dövlətləri arasında koordinasiyanın mahiyyətini dəyişir. Çünki Orta Dəhlizin effektiv işləməsi siyasi koordinasiya, infrastrukturun uyğunlaşdırılması və institusional əməkdaşlıqla bağlıdır.
Digər tərəfdən, enerji marşrutlarının yenidən formalaşması da Türk dünyasının geosiyasi əhəmiyyətini artıran mühüm amillərdən biridir. Avropanın enerji təhlükəsizliyi məsələsi Ukrayna müharibəsindən sonra yeni mərhələyə daxil oldu. Alternativ enerji mənbələri və marşrutları axtarışı sürətləndi. Elə bu prosesdə də Xəzər regionu və xüsusilə Azərbaycan Avropanın enerji strategiyasında daha mühüm rol oynamağa başladı. Bunlar isə birbaşa regionun digər türk dövlətləri ilə iqtisadi və nəqliyyat əməkdaşlığının əhəmiyyətini artırdı.
***
Cevdet Yılmazın “regional və qlobal proseslər fonunda koordinasiyanın gücləndirilməsi” haqqında söylədiyi fikir əslində bugünkü beynəlxalq sistemin mahiyyətini əks etdirən diplomatik formuladır. Hazırkı geosiyasi şəraitdə bu sözlərin arxasında daha dərin siyasi məntiq dayanır. Çünki Avrasiya məkanı hazırda yeni strateji balansın formalaşdığı bölgələrdən birinə çevrilir. Son illərdə qlobal siyasətdə müşahidə olunan əsas tendensiyalardan biri nəqliyyat və enerji marşrutları üzərində geosiyasi rəqabətin artmasıdır. Qlobal iqtisadiyyat logistika zəncirlərinin təhlükəsizliyi ilə müəyyən olunur. Pandemiya dövründə qlobal tədarük zəncirlərinin necə asanlıqla pozula bildiyi aydın şəkildə göründü. İqtisadi təhlükəsizliyə artıq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi və strateji logistika qovşaqlarına nəzarət kimi amillər də daxildir. Başqa sözlə, XXI əsrdə iqtisadi güc getdikcə daha çox coğrafiya ilə əlaqəli olur. Hansı aktor əsas tranzit xətlərinə nəzarət edirsə, o həm də regional iqtisadi proseslərə təsir imkanları qazanır. Azərbaycan və Türkiyə isə Avropa ilə Asiya arasında körpü rolunu oynayan əsas logistika qovşaqları kimi çıxış edir. Belə bir geosiyasi mozaikada hər bir ölkənin maraqları müəyyən nöqtədə kəsişir və həmin kəsişmə nöqtəsi əməkdaşlıq üçün yeni impuls yaradır. Məhz buna görə koordinasiya məsələsi strateji zərurət kimi ortaya çıxır. Əgər Türk dövlətləri nəqliyyat, enerji və ticarət sahəsində fəaliyyətlərini uyğunlaşdıra bilsələr, Avrasiya məkanında formalaşan yeni iqtisadi sistemdə daha güclü mövqe əldə edə bilərlər.
***
Azərbaycan Avrasiyanın strateji kəsişmə nöqtələrindən birində yerləşir. Xəzər hövzəsi, Cənubi Qafqaz və Anadolu arasındaki bu coğrafiya tarix boyu ticarət yollarının qovşağı olub. Müasir dövrdə isə bu mövqe yeni məzmun qazanır. Enerji kəmərləri, dəmir yolu layihələri və tranzit marşrutları Azərbaycanı yalnız regional deyil, həm də qlobal logistika xəritəsində mühüm aktora çevirib. Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi enerji layihələri, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu kimi nəqliyyat infrastrukturu Azərbaycanın bu geoiqtisadi rolunu daha da möhkəmləndirib. Eyni zamanda, Bakı regionda siyasi dialoq üçün etibarlı platforma kimi qəbul olunur. Azərbaycanın son illərdə apardığı balanslı xarici siyasət kursu bu reputasiyanın formalaşmasında mühüm rol oynayıb. Rəsmi Bakı müxtəlif geosiyasi mərkəzlərlə – həm Qərb, həm Türkiyə, həm də Mərkəzi Asiya dövlətləri ilə – konstruktiv əməkdaşlıq modelini qorumağa çalışır.
Maraqlı və diqqət çəkən məqamlardan biri də Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin Azərbaycana dəvəti ilə bağlı verilən mesajdır. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bunu Türk dünyasında həmrəylik və qardaşlığın təzahürü kimi qiymətləndirib. Diplomatik ritorikada bu cür ifadələr çox zaman yumşaq siyasi siqnal rolunu oynayır. Ankara uzun illərdir ki, Şimali Kiprin beynəlxalq səviyyədə nüfuzunu artırmaq istiqamətində diplomatik səylər göstərir. Şimali Kipr beynəlxalq hüquqi baxımdan məhdud tanınma statusuna malik olsa da, Türkiyə onu müxtəlif regional platformalarda təqdim etməyə və siyasi əlaqələrini genişləndirməyə çalışır. TDT platformasında Şimali Kipr nümayəndələrinin iştirakı Ankara üçün beynəlxalq legitimlik müzakirəsində yeni siyasi imkanların axtarışı kimi dəyərləndirilə bilər.
Digər tərəfdən, bu məsələ Türk Dövlətləri Təşkilatının gələcək institusional inkişafı baxımından da maraqlı nümunədir. Çünki hər bir regional təşkilat zamanla iqtisadi və ya mədəni platforma olmaqdan çıxaraq siyasi məsələlərin müzakirə edildiyi məkanlara çevrilir. Əlbəttə, bu prosesin sürətli və problemsiz şəkildə inkişaf edəcəyini gözləmək realist olmazdı. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr fərqli iqtisadi modellərə, müxtəlif siyasi sistemlərə və fərqli xarici siyasət prioritetlərinə malikdirlər. Mərkəzi Asiya ölkələrinin bir qismi uzun müddət Rusiya və Çin kimi böyük güclərlə sıx iqtisadi və təhlükəsizlik əlaqələri çərçivəsində fəaliyyət göstərib. Türkiyə NATO üzvü olaraq Qərb təhlükəsizlik sisteminin bir hissəsidir. Azərbaycan isə öz xarici siyasətində balanslaşdırılmış və çoxşaxəli diplomatiya xəttini qorumağa çalışır. Belə müxtəlif geosiyasi reallıqlar fonunda vahid regional siyasət formalaşdırmaq, təbii olaraq, mürəkkəb prosesdir.
Digər tərəfdən, regional təşkilatların inkişaf tarixi göstərir ki, institusional inteqrasiya iqtisadi və geosiyasi zərurətlə irəliləyir. Avropa İttifaqının formalaşma prosesi də onilliklər ərzində mərhələli şəkildə inkişaf edib. Türk Dövlətləri Təşkilatı isə hələ nisbətən gənc institutdur və onun funksional potensialı tədricən genişlənir.
Son olaraq qeyd edək ki, əgər Türk dövlətləri nəqliyyat, enerji və ticarət sahəsində ortaq iqtisadi gündəlik formalaşdırmağa nail ola bilsələr, təşkilatın institusional çəkisi əhəmiyyətli dərəcədə arta bilər. Belə halda Türk Dövlətləri Təşkilatı tədricən Avrasiya məkanında formalaşan yeni regional əməkdaşlıq sisteminin mühüm elementlərindən birinə çevrilə bilər.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


