Baş nazir bəzi din xadimlərinin “müharibə partiyası”na rəhbərlik etdiyini bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 10-dan Fransada işgüzar səfərdədir. Hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, Paşinyan həmin gün Parisdə keçirilən nüvə energetikası üzrə sammitdə iştirak edib.
Eyni gündə Ermənistan Baş naziri Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tərəflər Ermənistan–Fransa münasibətlərinin gündəliyində dayanan bir çox məsələləri müzakirə ediblər. Xüsusilə, siyasi dialoqun dərinləşdirilməsi, eləcə də iqtisadi və infrastruktur sahələrində birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Tərəflər həmçinin, regionda baş verən proseslər ətrafında fikir mübadiləsi apararaq, bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Paşinyan və Makron görüşdə Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini də müzakirə edib. Onlar bu çərçivədə müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın dərinləşdirilməsinin və birgə təşəbbüslərin səmərəli şəkildə irəli aparılmasının əhəmiyyətini qeyd ediblər.
Martın 11-də isə N.Paşinyan Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb. Görüşdən sonrakı brifinqdə təhlükəsizlik məsələlərində Avropa İttifaqı ilə əməkdaşlıq barədə sualı cavablandıran Paşinyan bildirib ki, təhlükəsizliyin ən yaxşı təminatçısı sülhdür. Baş nazir xatırladıb ki, Ermənistan bu sahədə Avropa ölkələri, o cümlədən Fransa ilə əməkdaşlıq edir. Bundan başqa, Ermənistan Aİ-nin sülh aləti vasitəsilə iki dəfə dəstək alıb. Onun sözlərinə görə, Azərbaycanla bir müddət öncə əldə olunmuş sülh kontekstində də iş aparılır və xüsusilə infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur.
Paşinyan qeyd edib ki, “təhlükəsizlik” anlayışı tez-tez silah, ordu, xüsusi xidmət orqanları və sair ilə əlaqələndirilir: “Biz 30 ildən artıq müddətdə bu qavrayışla yaşamışıq. Lakin əsas problem və yanaşmadakı dəyişiklik təhlükəsizlik təminatları ilə bağlıdır. Mənim üçün aydındır ki, ən vacib təminat sülhdür. İkinci planda isə əməkdaşlıq, qarşılıqlı bağlılıq, iqtisadi əməkdaşlıq və qarşılıqlı fayda dayanır”.
“Avropa Parlamenti ilə Ermənistan arasında münasibətlərin dərinləşdirilməsi üçün güclü siyasi iradə mövcuddur”. Bunu isə AP-nin sədri Roberta Metsola bildirib. O, Ermənistanın təhlükəsizlik, ticarət və regional əməkdaşlıq sahələrində dialoqu inkişaf etdirmək niyyətini alqışlayaraq, Avropa tərəfinin də münasibətləri daha da genişləndirməyə hazır olduğunu qeyd edib: “Məhz buna görə də biz Ermənistanın Baş nazirini bura dəvət etmək istədik. Bu, mandat çərçivəsində atılan ilk addımdır”.
Avroparlament sədri daha sonra deyib: “Bizim mövcudluğumuza gəldikdə isə, bu qərarlar Büro tərəfindən qəbul edilir. Biz bir neçə ay əvvəl Moldovada ofis açmaq qərarına gəldik. Həmin ofis “Şərq tərəfdaşlığı” proqramının bütün istiqamətlərini, o cümlədən Ermənistanı da əhatə edəcək”.
Daha sonra AP deputatları qarşısında çıxış edən Paşinyanın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O deyib ki, Ermənistanda bəzi din xadimləri “müharibə partiyası”nın liderliyini öz üzərlərinə götürüblər: “2024-cü ilin mart–aprel aylarında biz Ermənistan dövlətçiliyinin sonuna gəlib çatmışdıq. Əgər Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı qərar qəbul edilməsəydi, bu gün Ermənistan müstəqil dövlət deyil, xarici hakimiyyətin idarəetməsi altında olan bir ərazi olardı. Delimitasiya ilə bağlı qərar vermək çox çətin idi. Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə arxiyepiskoplardan biri (Tavuş yeparxiyasının həmin dövrdə rəhbəri olan Baqrat Qalstanyanı nəzərdə tutur–S.H.) Ermənistanda hərəkat başladaraq təkcə delimitasiyanın qarşısını almağa deyil, əslində, Qarabağ hərəkatını, yəni münaqişəni yenidən aktivləşdirməyə çalışırdı”.
Paşinyan əlavə edib ki, onlar öz ətraflarına keçmiş prezidentləri, eləcə də Rusiya və Belarusa yaxın oliqarxları toplayaraq Ermənistanın maraqlarını üçüncü ölkələrə qurban verməyə çalışırlar.
* * *
Qeyd etmək lazımdır ki, Ermənistan Baş nazirinin Fransaya səfəri və Strasburqda AP tribunasından səsləndirdiyi fikirlər yalnız diplomatik protokol çərçivəsində baş verən hadisə kimi qiymətləndirilə bilməz. Bu çıxış həm Ermənistanın hazırkı siyasi kursunun izahı, həm də ölkə daxilində davam edən ideoloji qarşıdurmaya beynəlxalq auditoriya qarşısında verilən siyasi cavab kimi diqqət çəkir.
Parisdə keçirilən görüşlər daha çox iki ölkə arasında münasibətlərin mövcud gündəliyi ilə bağlı idi. Paşinyanla Makron arasında aparılan danışıqlarda tərəflərin regionda sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı ardıcıl səylərin davam etdirilməsinin vacibliyini vurğulaması hazırkı mərhələdə Cənubi Qafqazın beynəlxalq gündəmdə qalmaqda davam etdiyini göstərir.
Strasburqda Roberta Metsola ilə görüş və keçirilən brifinq də Ermənistan–Avropa İttifaqı münasibətlərinin hazırkı mərhələsinin müzakirəsi baxımından diqqət çəkir. Avropa tərəfinin Ermənistanla dialoqun təhlükəsizlik, ticarət və regional əməkdaşlıq kimi istiqamətlər üzrə genişləndirilməsinə hazır olduğunu bəyan etməsi, eyni zamanda, Moldovada açılacaq Avroparlament ofisinin “Şərq tərəfdaşlığı” çərçivəsində Ermənistanı da əhatə edəcəyinin bildirilməsi Brüsselin regiona marağının davam etdiyini göstərir.
Lakin Paşinyanın səfərinin ən vacib hissəsi onun AP-də etdiyi çıxış oldu. Baş nazir burada yalnız xarici siyasət və regional proseslər barədə danışmaqla kifayətlənmədi, həm də Ermənistan daxilində gedən siyasi mübarizəyə toxundu. Xüsusilə bəzi din xadimlərinin “müharibə partiyasına” rəhbərlik etdiyini deməsi və kilsənin müəyyən nümayəndələrinin delimitasiya prosesinə qarşı çıxaraq münaqişəni yenidən alovlandırmağa çalışdığını bildirməsi açıq siyasi mesaj kimi səsləndi.
Paşinyanın bu mövqeyi, əslində, son aylar Ermənistanda müşahidə olunan proseslərin davamı kimi qiymətləndirilə bilər. Baş nazirin fikrincə, ölkənin təhlükəsizliyi və dövlətçiliyi üçün əsas təminat sülh gündəliyidir və bu kursa qarşı çıxan qüvvələr Ermənistanı yenidən qarşıdurma siyasətinə sürükləməyə çalışırlar. Bu kontekstdə kilsənin bəzi nümayəndələrinin siyasi proseslərə aktiv müdaxilə etməsi və revanşist ritorikanı dəstəkləməsi hakimiyyət tərəfindən dövlət maraqları ilə ziddiyyət təşkil edən addım kimi təqdim olunur.
Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, Paşinyan bu fikirləri məhz Avropa Parlamentində səsləndirdi. Bu isə təsadüfi görünmür. Avropada, o cümlədən AP-də Erməni Apostol Kilsəsinə simpatiya ilə yanaşan və onun siyasi mövqelərinə müəyyən dəstək göstərən dairələrin mövcudluğu məlumdur. Paşinyanın çıxışı, müəyyən mənada, həmin çevrələrə ünvanlanmış mesaj kimi də qəbul edilə bilər. Baş nazir bununla Ermənistan daxilindəki proseslərin yalnız dini və ya mənəvi müstəvidə deyil, konkret siyasi məqsədlərlə bağlı olduğunu Avropa auditoriyasına izah etməyə çalışdı.
Bütövlükdə, Paşinyanın Strasburq tribunasından səsləndirdiyi fikirlər həm daxili siyasi mübarizənin beynəlxalq platformaya çıxarılması, həm də Ermənistanın sülh gündəliyinin müdafiəsi baxımından diqqətçəkən siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu çıxış eyni zamanda göstərdi ki, İrəvanda kilsə ilə hakimiyyət arasında davam edən polemika artıq təkcə daxili məsələ deyil, beynəlxalq siyasi müstəvidə də müzakirə olunan mövzulardan birinə çevrilməkdədir.
Səxavət HƏMİD
XQ

