Estoniyalı parlamentarilər Xocalıda törədilən bəşəri cinayəti qətiyyətlə pisləyən bəyanat yayıblar

post-img

Estoniya Parlamentinin (Riigikogu) Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı qətliamının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı bildirir. Parlamentlərarası Dostluq Qrupu 600-dən çox mülki qurbanı anır və Azərbaycan dövlətinin öz ərazisində davamlı sülh quruculuğu səylərinə dəstəyini ifadə edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Estoniya parlamentinin Xocalı soyqırımı ilə bağlı yaydığı Bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı 600-dən çox günahsız mülki şəxsin, o cümlədən çoxlu sayda uşaq, qadın və qocanın amansızcasına qətlə yetirildiyi Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük. Xocalının işğalı zamanı Azərbaycan mülki əhalisinə qarşı törədilmiş bəşəri cinayətləri qətiyyətlə pisləyirik.

Biz regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququna malik olduğunu qəbul edir, Azərbaycan Respublikasının öz ərazisində davamlı sülhün bərqərar olunması, inteqrasiya və yenidənqurma istiqamətində səylərinə dəstəyimizi ifadə edirik.

Parlamentlərarası Dostluq Qrupu olaraq həmçinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin, habelə beynəlxalq hüquq prinsiplərinə hörmətin vacibliyini vurğulayaraq, dialoqa, etimadın qurulmasına və regionun dinc inkişafına dəyər veririk. Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ölkələrimiz arasında parlament əməkdaşlığını yüksək qiymətləndirir və onu daha da gücləndirməyə sadiqdir”, - deyə bəyanatda qeyd olunub.

Siyasət