Goranboy: Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası

post-img

Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Goranboy şəhərində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. Aksiya həm anım, həm də gələcəyə ümid rəmzi kimi dəyərləndirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də bir qrup ictimai fəal iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Çıxış edənlər bildiriblər ki, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı xalqımızın yaddaşına silinməz faciə kimi həkk olunub. Qeyd edilib ki, bu cür anım tədbirləri həm şəhidlərin xatirəsini uca tutmaq, həm də gənc nəsildə tariximizə hörmət və vətənpərvərlik ruhunu gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında vurğulayıb ki, Xocalı qurbanlarının xatirəsi hər zaman ehtiramla anılır və onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır. O qeyd edib ki, bu gün əkilən hər bir ağac həm şəhidlərin ruhuna ehtiramın, həm də torpaqlarımızda həyatın davam etməsinin rəmzidir.

Daha sonra aksiya çərçivəsində şəhərin müəyyən ərazisində yüzlərlə ağac əkilib, onlara qulluq göstərilib. İştirakçılar bu təşəbbüsün gələcək nəsillər üçün həm ekoloji, həm də mənəvi əhəmiyyət daşıdığını bildiriblər.

Beləliklə, Goranboyda keçirilən ağacəkmə aksiyası Xocalı şəhidlərinin xatirəsinə dərin hörmətin ifadəsi olmaqla yanaşı, gələcəyə yönəlmiş bir ümid mesajı kimi yadda qalıb.

Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri

















Qan yaddaşı