Hərbi cinayətlərə siyasi don geyindirmək cəhdləri faydasızdır
Prezident İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalının “Üzbəüz” verilişinə müsahibəsində digər suallarla yanaşı, Bakı Hərbi Məhkəməsinin fevralın 5-də çıxardığı hökmlə azadlıqdan məhrum edilmiş Qarabağdakı keçmiş separatçı xunta rejiminin başçıları ilə bağlı sualı da dolğun şəkildə cavablandırdı.
Dövlətimizin başçısı telekanal müxbirinin “Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olmaq məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi?” sualına cavab olaraq bildirdi: “Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə – Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində – qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”.
Jurnalist bu cavabla kifayətlənməyərək mövzunu inkişaf etdirməyə çalışdı. O, fikrini “Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi? Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir” şəklində ifadə etdi. Prezident İlham Əliyev isə növbəti dəfə mövqeyini sərrast çatdırdı: “Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəməsində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”.
Müxbir, görünür, onun təmsil etdiyi telekanal üçün mühüm əhəmiyyət kəsb edən bu məsələni yenə də uzatmağa çalışaraq “Bu, Sizin üçün eyni şeydir?” sualını verdi. Prezident İlham Əliyev isə bu cavabla mövzuya nöqtə qoydu: “Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.
***
Prezident İlham Əliyevin bu mövzu üzrə suala cavabı bir neçə mühüm məqamı açıq şəkildə ortaya qoyur. Əvvəla, Prezident məsələnin gizli saxlanılmadığını göstərdi. ABŞ Vitse-prezidenti ilə görüş zamanı bu mövzu qaldırılıb və Azərbaycan öz mövqeyini aydın şəkildə ifadə edib. Burada əsas xətt ondan ibarətdir ki, Bakı qərarlarını kənar təzyiq və ya xahişlərlə deyil, dövlət maraqları və qanunlar əsasında verir. Dövlətimizin başçısının cavabında diqqətçəkən digər məqam prioritetlərin göstərilməsidir. Prezident görüşün əsas hissəsinin ikitərəfli əlaqələrə, regional inkişafa, TRIPP layihəsinə və Ermənistanla rəsmi sülh perspektivlərinə həsr olunduğunu vurğuladı. Bu, Azərbaycanın gündəliyin qisas və ya keçmişlə hesablaşma üzərində qurulmadığını, gələcəyə – əməkdaşlığa və sabitliyə yönəldiyini göstərir.
Keçmiş separatçı rejimin rəhbərləri ilə bağlı mövqeyə gəldikdə isə, Prezident sadə və konkret ifadə işlətdi: Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində qanunsuz fəaliyyət göstərmiş şəxslərdir. Bu cümlə, əslində, bütün mübahisələrə nöqtə qoyur. Qarabağ Azərbaycanın suveren ərazisidir. Bunu Ermənistan da daxil olmaqla bütün dünya tanıyır. Belə olan halda, həmin ərazidə qurulmuş və illərlə fəaliyyət göstərmiş qanunsuz rejimin rəhbərlərinin məsuliyyətə cəlb olunması hansısa siyasi qərar yox, hüquqi zərurətdir.
Burada bir vacib məqam da var. Bu da ondan ibarətdir ki, söhbət sıravi insanlardan deyil, illərlə silahlı qarşıdurmanı idarə etmiş, qanunsuz rejimi təmsil etmiş rəhbər şəxslərdən gedir. Onların məsuliyyəti fərdi xarakter daşıyır. Azərbaycan dövləti bütöv bir xalqı yox, konkret əməllərə görə konkret şəxsləri mühakimə etdi.
Əfv məsələsinə gəldikdə, Prezidentin cavabı göstərir ki, bu, hər hansı xarici istək əsasında veriləcək qərar deyil. Azərbaycan suveren dövlətdir və məhkəmə qərarlarına hörmətlə yanaşır. Əgər bir qərar varsa, o, ölkənin qanunlarına uyğun qəbul olunub. Dövlətimizin başçısının mövqeyi ondan ibarətdir ki, ədalət prinsipi siyasi danışıqların predmetinə çevrilməməlidir. Bu yanaşma, əslində, bölgədə uzunmüddətli sülh üçün də vacibdir. Sülh yalnız ədalət üzərində qurulanda davamlı olur. Əgər qanunsuz fəaliyyətə göz yumulsa və ya məsuliyyət daşıyan şəxslər siyasi razılaşmalar naminə toxunulmaz sayılsa, bu, gələcəkdə yeni risklər yarada bilər. Azərbaycan isə göstərir ki, suverenlik və qanunun aliliyi müzakirə mövzusu deyil. Bu mövqe həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə açıq və aydın mesajdır.
Bəli, onların saxlanılması hərbi əməliyyat nəticəsində, Azərbaycanın öz suveren ərazisində baş verib. Yəni burada nə sərhəd pozuntusu, nə də başqa dövlətin ərazisinə müdaxilə faktı var. Dövlət öz torpağında qanunsuz silahlı qurumun başçılarını saxlayıb və qanun qarşısına çıxarıb. Bu, hər bir ölkənin təbii haqqıdır. Eyni zamanda, Prezidentin vurğuladığı kimi, proses qapalı və gizli aparılmayıb.
Ümumiyyətlə, jurnalistin sualları əslində, hüquqi məsələni siyasi müstəviyə keçirmək xətti üzərində qurulmuşdu. “Yeni səhifə”, “jest”, “əfv” kimi ifadələrlə məsələ humanitar addım kimi təqdim olunmağa çalışılırdı. Ancaq İlham Əliyevin cavabı göstərdi ki, burada söhbət simvolik addımdan yox, ağır cinayətlərdən gedir. Dövlət başçısı mövzunu emosional müzakirə predmetinə çevirmədi, onu tarixi və mənəvi məsuliyyət kontekstinə çıxardı.
Nürnberq məhkəməsinə istinad da təsadüfi deyildi. İkinci Dünya müharibəsindən sonra nasist liderləri mühakimə olunarkən heç kim “yeni səhifə açaq” deyə onların azad edilməsini təklif etmirdi. Çünki törədilmiş cinayətlərin miqyası və mahiyyəti buna imkan vermirdi. Prezidentin verdiyi paralel mesajı aydındır: Əgər söhbət insanlığa qarşı ağır əməllərdən gedirsə, burada siyasi jest anlayışı keçərli deyil. “Bu, Sizin üçün eyni şeydir?” sualına verilən “Bəli, tamamilə” cavabı Azərbaycanın mövqeyinin nə qədər qəti olduğunu göstərdi. Hətta Prezidentin “daha da pisdir” deməsi təsadüfi vurğu deyil. Bu ifadə ilə dövlətimizin başçısı Qarabağda azərbaycanlılara qarşı törədilmiş cinayətlərin miqyasını və ağrısını xatırlatdı. Söhbət təkcə hərbi toqquşmadan getmir. Söhbət mülki insanların qətlə yetirilməsindən, şəhərlərin yerlə-yeksan edilməsindən, insanların doğma torpaqlarından qovulmasından gedir.
Burada əsas məsələ budur: ədalət anlayışı selektiv ola bilməz. Əgər dünya nasist cinayətlərini bəşəriyyətə qarşı cinayət kimi qəbul edirsə, onda vaxtilə işğal olunmuş ərazilərdə baş verənlərə də eyni prinsip tətbiq olunmalıdır. Prezidentin cavabı həm beynəlxalq auditoriyaya, həm də yerli ictimaiyyətə ünvanlanmış açıq mesaj idi – ağır cinayətlər siyasi güzəşt mövzusu ola bilməz.
Səxavət HƏMİD
XQ

