Şərqdən Qərbə XXI əsr yolu

post-img

Münxen Təhlükəsizlik Konfransı da ölkəmizi Orta Dəhlizin əsas qovşağı kimi dəyərləndirdi

Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu beynəlxalq təhlükəsizlik platformalarından biri hesab olunur. Hər il Almaniyanın Münxen şəhərində keçirilən bu tədbir dövlət və hökumət başçılarını, xarici işlər və müdafiə nazirlərini, diplomatik nümayəndələri, beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirir.

Münxendə keçirilən sayca 62-ci Təhlükəsizlik Konfransı geniş proqrama malik olub. Dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu tədbirdə 60-a yaxın dövlət və hökumət başçısı iştirak edib. Qeyd edək ki, budəfəki konfrans qlobal geosiyasi və geoiqtisadi gərginliyin artdığı bir dövrə təsadüf edib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edən liderlər sırasında yer alıb. 

Dövlət başçısı Münxendə bir sıra xarici ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirib, yerli telekanallara, eləcə də “France 24”ə müsahibə verib və konfrans çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrə qatılıb.

Prezident İlham Əliyevin sıx qrafik çərçivəsində çoxsaylı görüşlərə qatılması Azərbaycanın beynəlxalq gündəmdə artan rolunu bir daha nümayiş etdirir. Budəfəki Münxen Təhlükəsizlik Konfransının Azərbaycan üçün əvvəlkilərdən əsas fərqi ondan ibarət olub ki, Prezident İlham Əliyev ilk dəfə bu tədbirdə sülh şəraitini təmin etmiş ölkənin dövlət başçısı kimi iştirak edib.

Panel müzakirələri və müsahibələrdə əsas diqqət Azərbaycan–Ermənistan münasibətləri üzərində cəmlənib. Bununla yanaşı, TRIPP dəhlizinin strateji əhəmiyyəti də aparılan müzakirələrdə əsas mövzulardan birinə çevrilib. Eyni zamanda, Azərbaycanın təhlükəsizlik sahəsində artan rolu, eləcə də iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılar, süni intellekt kimi istiqamətlər konfrans çərçivəsində gündəmin mühüm hissəsini təşkil edib.

“Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirə Azərbaycanın artan geoiqtisadi rolu bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb. Paneldə çıxış edən dövlət başçısı açıq şəkildə bildirib ki, coğrafiya üstünlükdür, lakin infrastruktur olmadan bu üstünlük strateji nəticə doğurmur. Prezidentin qeyd etdiyi kimi, 2023-cü ildə Azərbaycan ərazisindən keçən yükdaşımalar 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstəriciyə çatıb. Yaxın illərdə bu rəqəmin 200–300 minə yüksəlməsi, strateji hədəf kimi isə 500 min nəqliyyat vahidinə çatdırılması planlaşdırılır. Bu, Azərbaycanın Orta Dəhliz boyunca əsas logistika qovşağına çevrilməsi deməkdir.

Yeri gəlmişkən, Azərbaycanın yükdaşıma imkanlarının artımı konkret layihələrə söykənir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda illik 15 milyon ton yük və 100 min TEU konteyner ötürmə qabiliyyətinə malikdir. İkinci mərhələdə bu gücün 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Limanın Ələt Azad İqtisadi Zonası ilə inteqrasiyası isə əlavə dəyər zəncirinin formalaşmasına şərait yaradır.

Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyəti genişləndirilib. Orta Dəhliz üzrə multimodal daşımaların sürətlənməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması və “vahid pəncərə” mexanizmlərinin tətbiqi tranzit vaxtını əhəmiyyətli dərəcədə azaldır. Bununla yanaşı, Zəngəzur istiqamətində planlaşdırılan nəqliyyat bağlantıları Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası və Türkiyə üzərindən Avropaya çıxışının genişlənməsi baxımından yeni mərhələ açır. Prezident Münxendə vurğulayıb ki, infrastruktur layihələri yalnız fiziki yollar deyil, həm də siyasi etimad və regional inteqrasiyanın göstəricisidir.

Prezident İlham Əliyevin paneldə səsləndirdiyi ən diqqətçəkən məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına qoşulması idi. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan ibarət “beşlik” strukturuna Azərbaycanın da daxil olması ilə format altılığa çevrildi. Bu model beynəlxalq praktikada “C5+1” kimi təqdim olunur. Bu hadisə geo­siyasi baxımdan əlamətdardır. Azərbaycan coğrafi olaraq Cənubi Qafqaz ölkəsidir, lakin Xəzər üzərindən Mərkəzi Asiya ilə dərin tarixi, mədəni və iqtisadi bağlara malikdir. “C5+1” formatı nəqliyyat, enerji, rəqəmsal transformasiya və “yaşıl enerji” sahələrində koordinasiyalı əməkdaşlığa imkan yaradır.

Azərbaycan üçün bu platforma üç əsas üstünlük vəd edir. Birincisi, Trans-Xəzər marşrutunun institusional çərçivədə möhkəmlənməsi. İkincisi, Mərkəzi Asiya enerji resurslarının Qərb bazarlarına çıxarılmasında Azərbaycanın körpü rolunun güclənməsi. Üçüncüsü, regional siyasi dialoqda yeni balansın formalaşması. Bu, eyni zamanda, Avropa İttifaqının Orta Dəhlizə artan marağı fonunda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Münxen çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər iqtisadi diplomatiyanın prioritet olduğunu göstərib. Xüsusilə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə müzakirələr beynəlxalq maliyyə institutlarının Azərbaycana marağının göstəricisidir. Enerji keçidi, yaşıl maliyyələşmə və infrastruktur investisiyaları əsas müzakirə mövzuları sırasında olub.

Eyni zamanda, dövlət başçısının Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşü İttifaqın Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələrdə Avropa ilə Azərbaycanın strateji maraqları uzlaşır. Məlum olduğu kimi, Azərbaycan Aİ üçün artıq təkcə enerji ixracatçısı kimi deyil, həm də logistika və tranzit mərkəzi kimi çıxış edir. 2022-ci ildən etibarən Avropa ilə enerji əməkdaşlığının genişlənməsi, qaz tədarükünün artırılması və paralel olaraq nəqliyyat infrastrukturuna yatırımlar ölkənin çoxşaxəli iqtisadi model qurduğunu göstərir.

Musa BAĞIRLI 
XQ

 

İqtisadiyyat