Kreml yenə təzyiq ritorikasına qayıdır?
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da İrəvanda “Ermənistan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatdırılmasına dair Birgə Bəyanat” imzalayıblar.
Paşinyan imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib: “Bu saziş Ermənistan və ABŞ arasında enerji tərəfdaşlığının dərinləşdirilməsində yeni səhifə açacaq və təhlükəsiz, innovativ texnologiyaların tətbiqi hesabına Ermənistanın enerji resurslarının şaxələndirilməsinə töhfə verəcək. Mən həmçinin, ABŞ-a nüvə təhlükəsizliyi sahəsində Ermənistana uzun illər göstərdiyi dəstəyə görə təşəkkürümü bildirdim və hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğumuzu ifadə etdim”.
Ceyms Devid Vens isə imzalanacaq sazişin iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edəcəyini deyib. Onun sözlərinə görə, Amerika tərəfi Ermənistana kiçik modul tipli reaktorlar tədarük edəcək. Vens layihənin məbləğini də açıqlayıb – 9 milyard dollar: 5 milyard dollar kiçik modul reaktorların tikintisinə, 4 milyard dollar isə uzunmüddətli perspektivdə yanacağın tədarükü və reaktorların texniki xidmətinə yönəldiləcək.
Bu məsələ Moskvada xoş qarşılanmayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, ölkəsinin nüvə enerjisi sahəsində bacarıqları ABŞ-dan daha yüksəkdir və xidmətlərin dəyəri daha aşağıdır: “Ermənistanla ABŞ arasında nüvə energetikası sahəsində əməkdaşlığa gəlincə, orada köhnə sovet obyektləri mövcuddur. Təbii ki, bunlar sovet və Rusiya layihələridir. Bu sahədə Rusiya, şübhəsiz ki, daha böyük təcrübəyə və daha yüksək rəqabət qabiliyyətinə malikdir”. Onun sözlərinə görə, nüvə enerjisi sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biri olan Rusiya tərəfdaşlar tərəfindən belə tələbat yaranarsa, istənilən səviyyədə beynəlxalq rəqabətə davam gətirə bilər: “Rusiya daha az vəsait müqabilində uzun illər üçün daha yüksək keyfiyyət təmin edə bilir”, – deyə Peskov vurğulamışdı.
Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilmişdi ki, Ermənistan, şübhəsiz, zəruri hesab etdiyi tərəfdaşlarla əməkdaşlıq etməkdə azaddır, lakin seçimin Amerika texnologiyalarının xeyrinə edilməsi həqiqətən suallar doğurur. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Vaşinqtonun təklif etdiyi kiçik modul tipli reaktorlar nəinki ABŞ ərazisində mövcud deyil, ümumiyyətlə, hələ praktikada yoxdur – onlar yalnız kağız üzərində mövcuddur.
İndi isə Ermənistan–ABŞ nüvə enerjisi əməkdaşlığına qarşı çıxmaq növbəsi deyəsən, Rusiya Təhlükəsizlik Şurasının katibi Seygey Şoyquya çatıb. O, dünən bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Deyib ki, ABŞ-ın İrəvana Ermənistanda Amerika istehsalı olan kiçik modul tipli reaktorlar tikməyi təklif etməsi faktiki olaraq bu ölkəni nüvə texnologiyaları sahəsində eksperiment meydanına çevirir. Çünki ABŞ indiyədək belə qurğulardan heç birini inşa etməyib.
Şoyqu bildirib ki, amerikalıların biznes təklifləri hər zaman çox cəlbedici görünür, lakin indiyədək ABŞ tərəfindən bir dənə də olsun kiçik modul reaktor tikilməyib: “Bəli, ABŞ-da bununla məşğul olan bir neçə şirkət var. Bəli, onların hamısının çox gözəl biznes təklifləri var. Amma necə deyərlər, nüanslar mövcuddur... indiyədək amerikalılar tərəfindən bir dənə də olsun kiçik modul reaktor nə tikilib, nə istismara verilib, nə də sənaye miqyasında işlədilməsi təcrübəsi var. Xüsusi vurğulayıram – bir dənə də!”.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, istehsal olunacaq enerjinin hər meqavat saatı üçün təxmini qiymət belə heç yerdə açıqlanmayıb. Halbuki bu məsələyə xüsusi diqqət yetirilməlidir: “Əgər söhbət “NuScale Power” şirkətinin 77 meqavatlıq modullarından gedirsə, məhz enerjinin bahalılığı Yuta ştatında həmin layihənin iflasına səbəb oldu. Layihə hələ hazırlıq mərhələsində olarkən dəyəri 1,5 dəfə artdı, planlaşdırılan enerjinin qiyməti isə hər meqavat saat üçün 58 dollardan 89 dollara yüksəldi və bu da 2023-cü ildə layihənin bağlanmasına gətirib çıxardı. Digər bir məqam ondan ibarətdir ki, ABŞ istifadə olunmuş nüvə yanacağının təkrar emalı texnologiyalarına malik deyil. Əgər Ermənistanda kiçik reaktorlar tikilərsə, işlənmiş yanacaq birmənalı şəkildə Ermənistan ərazisində saxlanılacaq”.
Rusiyanın təkliflərinə dair suala cavab olaraq Şoyqu bildirib ki, Ermənistanın ali rəhbərliyi RF-in nüvə energetikası sahəsindəki təkliflərindən xəbərdardır. O vurğulayıb ki, Rusiyanın nevə enerjisi sahəsində dövlət korporasiyası – “Rosatom” xaricdə AES tikintisi layihələrinin sayına görə birinci yerdədir – dünya bazarının 90 faizi – və kiçik modul reaktorların layihələndirilməsi, tikintisi və istismarı sahəsində unikal təcrübəyə malikdir. Təfərrüatları açıqlamadan deyə bilərəm ki, şərtlər olduqca sərfəlidir, texnologiyalar isə ən qabaqcıl səviyyədədir və onların etibarlılığı çoxillik istismar təcrübəsi ilə sübut olunub. Ümid edirik ki, tərəfdaşlarımız müvafiq qərarlar qəbul edərkən “anaya acıq edib qulağını dondurmaq” məntiqi ilə deyil, ayıq hesablama və xalqın maraqları ilə hərəkət edəcəklər”. Şoyqunun sözlərinə görə, əgər Ermənistanda kiçik nüvə reaktoru tikintisi praktik mərhələyə keçərsə, Rusiya və regionun digər dövlətləri nüvə təhlükəsizliyi sahəsində yeni riskləri nəzərə almağa məcbur olacaqlar: “Biz mahiyyətcə, seysmik cəhətdən təhlükəli zonada, bizimlə qonşuluqda nüvə texnologiyaları sahəsində Amerika eksperimentlərinin aparılacağını əsas götürməli olacağıq. Buna görə də bəli, bunu təhdid kimi qiymətləndirmək lazımdır. Paralellər aparmaq istəməzdim, lakin xatırladım ki, Yaponiyadakı “Fukusima-1” AES-də zəlzələ nəticəsində məhz Amerika reaktorları dağıldı və bu, ətraf mühitin genişmiqyaslı radioaktiv çirklənməsinə səbəb oldu”.
Ermənişünas alim, professor Qafar Çaxmaqlı mövzu ilə bağlı XQ-yə bildirdi ki, “Metsamor” Atom Elektrik Stansiyasının istismar müddətinin sona çatdığı hər kəsə məlumdur. Onun sözlərinə görə, stansiya bu il bağlanmalıdır və onun istismar müddətinin uzadılması bölgə üçün təhlükə deməkdir: “Stansiyaya cavabdeh olan “Rosatom”dan dəfələrlə səsləndirilib ki, AES bağlanmalıdır. Çünki onun təmiri də çox baha başa gəlir. Ancaq Ermənistan rəhbərliyi Paşinyanın dilindən səsləndirdi ki, ölkə və bölgə üçün təhlükə olan bu stansiyanın müddətini daha 10 il uzatmaq istəyir. Ermənistandakı müzakirələrdə mütəxəssislər belə naşı yanaşmanı “siyasi avantüra” adlandırırlar.
Q.Çaxmaqlının fikrincə, “stansiya bağlansa, Ermənistan enerjini necə təmin edəcək” sualına birmənalı cavab vermək mümkün deyil. Bu səbəbdən ABŞ-ın təklif etdiyi modul tipli nüvə reaktorlarının inşası ideyası gündəmə gətirilib: “Amma modul tipli kiçik stansiyaların Ermənistanın enerjiyə olan ehtiyacını təmin etməsi məsələsi var və onlar “Metsamor” AES-i əvəz edə bilməzlər”.
Ekspert onu da bildirdi ki, stansiyanın müddətinin uzadılmasının özü də çətin bir prosesdir: “Bu, Rusiyanın verəcəyi siyasi qərara bağlıdır. “Metsamor”un bütün yanacağı Rusiyadan gəlir. Rusiyanın Ermənistanı öz təsir dairəsində saxlamaq üçün həmin müzakirələrdə İrəvana ciddi şərtlər qoyacağı aşkardır. Bu şərtlərdən biri modul tipli nüvə stansiyalarının tikintisindən imtina etməsidir. Paşinyanın parlamentdə dedikləri həmin məsələyə hesablanmışdı. O, “Metsamor”un yerinə hansı addımların atılacağından qəsdən danışmır və açıq şəkildə Rusiyaya mesaj verir ki, biz Rusiyanın nüvə asılılığından imtina etməyəcəyik. Buna ikili oyun oynamaq da demək olar. Ekspertlərin dediklərinə qulaq asmayan Ermənistan hökuməti “Metsamor” qərarına siyasi olaraq baxır və onun təhlükəsini, zəlzələ “fay xətti”nin, yəni qırılma nöqtəsinin üzərində olduğunu sadəcə, dərk etmir”.
Səxavət HƏMİD
XQ


