İqtisadi əməkdaşlıqdan siyasi normallaşmaya

post-img

Kommunikasiyaların açılması regionda ümumi maraqlara xidmət edir

Azərbaycan Ermənistan məhsullarının öz ərazisi vasitəsilə üçüncü ölkələrə ixracına icazə verib. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib. “Hamımız bilirik ki, Azərbaycan üzərindən Ermənistana dəmir yolu əlaqəsi mövcuddur və maneəsiz işləyir. Çox vacibdir ki, Ermənistanın Azərbaycan ərazisi vasitəsilə xarici aləmə dəmir yolu əlaqəsinin də açıq olduğunu qeyd edək. Məndə belə təəssürat var ki, biznesimiz hələ bu xəbəri tam mənimsəməyib”, – Paşinyan deyib.

Onun sözlərinə görə, söhbət Gürcüstan və Azərbaycan üzərindən üçüncü ölkələrə – Rusiya, Mərkəzi Asiya və Çinə dəmir yolu əlaqəsindən gedir. Paşinyan əlavə edib ki, bu məsələlər Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə müzakirə olunub: “Azərbaycan nümayəndələri bu yolun açıq olduğunu təsdiqlədilər”.

Baş nazir Nikol Paşinyanın Azərbaycanın Ermənistan məhsullarının öz ərazisi vasitəsilə üçüncü ölkələrə ixracına icazə verdiyini açıqlaması təkcə iqtisadi xəbər olmayıb, siyasi baxımdan da mühüm hadisədir. Bu addım praktiki əməkdaşlığın mümkünlüyünü nümayiş etdirməklə yanaşı, sülh prosesinə real məzmun qazandırır. Bu faqkt bir daha göstərdi ki, regionun gələcəyi qarşıdurmadan deyil, kommunikasiyaların açılmasından keçir.

Azərbaycan uzun illərdir regionda bütün nəqliyyat xətlərinin açılmasının tərəfdarı kimi çıxış edib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Cənubi Qafqazın inkişafı yalnız qarşılıqlı iqtisadi inteqrasiya şəraitində mümkündür. İndi isə görünür ki, bu yanaşma konkret mexanizmlərlə müşayiət olunur. Ermənistanın Azərbaycan ərazisi vasitəsilə Rusiyaya, Mərkəzi Asiyaya və digər bazarlara çıxış imkanının yaranması regionda yeni iqtisadi konfiqurasiyanın formalaşdığını göstərir.

Bu qərarın əhəmiyyəti Ermənistanın mövcud nəqliyyat durumu fonunda daha aydın görünür. Hazırda Ermənistanı onun ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə birləşdirən yeganə quru yol Kazbek dağından keçən Yuxarı Lars gömrük-keçid məntəqəsidir. Çətin coğrafi relyef, sərt iqlim şəraiti, tez-tez baş verən qar uçqunları və buzlanma halları bu marşrutu daim risk altında saxlayır. İlin əksər aylarında yolun bağlanması adi hala çevrilir. Dayanacaq yerlərinin olmaması səbəbindən TIR-ların kilometrlərlə uzanan növbəsi yaranır. Son məlumata görə, Yuxarı Larsda yük və minik avtomobilindən ibarət tıxac formalaşıb. Yaranmış iqlim şəraiti və məntəqənin texniki imkanları isə bu qədər nəqliyyat vasitəsinin qısa müddətdə keçidini təmin etməyə qadir deyil. Nəticədə yük maşınları günlərlə, bəzən həftələrlə gözləməli olacaq. Bu isə əlavə xərc və vaxt itkisi deməkdir. Onu da qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu da bu istiqamətdə faktiki olaraq iflic vəziyyətindədir. Vaxtilə ölkənin Rusiyaya çıxışı üç istiqamətdən mümkün idi. Abxaziya üzərindən keçən xətt gürcü–abxaz münaqişəsindən sonra bağlanıb. Dilican–Qazax istiqamətində dəmir yolu 1989-cu ildən fəaliyyətsizdir və demək olar ki, sökülüb. Ermənistanın cənubundan keçən Mincivan–Culfa dəmir yolu xətti də dağıdılıb, infrastruktur yararsız vəziyyətdədir.

Avtomobil yollarında da vəziyyət pisdir. Hazırda Ermənistandan Rusiyaya yük Yuxarı Larsdan daşınır. Abxaziya və Cənubi Osetiyadan keçən yollar ona alternativ ola bilər, lakin bu yollar da siyasi səbəblərə görə bağlıdır. Məsələn, Cənubi Osetiyadan keçən yol yalnız siyasi məsələ həll edildikdən sonra açıla bilər ki, bu da hələ baş verməyib. Bu yol hazırda işləmir, çünki Gürcüstan tərəfi bu layihəyə razılığının Tbilisinin Cənubi Osetiyanın müstəqilliyini tanıması kimi qəbul ediləcəyindən qorxur. Eyni vəziyyət Abxaziyadan keçən avtomobil yolu ilə bağlı da yaranıb.

Belə bir şəraitdə Azərbaycanın Ermənistan məhsullarının öz ərazisi vasitəsilə üçüncü ölkələrə ixracına icazə verməsi strateji əhəmiyyət daşıyır. İlk növbədə, bu addım Ermənistan üçün daha sabit və proqnozlaşdırılan tranzit marşrutu yaradır. Yuxarı Lars gömrük-keçid məntəqəsinin tez-tez bağlanması, sərt iqlim şəraiti və uzun növbələr Ermənistan ixracatçıları üçün daim risk mənbəyi olub. Azərbaycan üzərindən keçən marşrut isə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunub, ilboyu fəaliyyət göstərir.

Regionda yük axınının bu cür diversifikasiyası bütövlükdə Cənubi Qafqazda nəqliyyat risklərini azaldır, logistika xərclərini optimallaşdırır və regional inteqrasiyanı sürətləndirir. Deməli, Ermənistan üçün bu imkanın açılması təkcə iqtisadi nəfəs yolu deyil, həm də strateji seçimdir.

Azərbaycanın atdığı bu addım, eyni zamanda, siyasi mesajdır. Bu, qalib tərəfin minnətli yanaşma üsulu deyil, əməkdaşlıq modeli seçdiyini göstərir. İnteqrasiya xəttini əsas götürən yanaşma münaqişə ritorikasını zəiflədərək sabitliyi daha cəlbedici seçimə çevirir.

Beləliklə, qarşılıqlı asılılıq yaradan tranzit əlaqələri təkcə yükləri deyil, həm də etimadı daşıyaraq sülh sazişinə aparan yolu genişləndirir və Cənubi Qafqazda tamamilə yeni münasibətlər sisteminin təməlini qoyur. Çünki kommunikasiyalar açıldıqca etimad formalaşır, etimad artdıqca isə sülh müqaviləsinin imzalanması daha real görünür. Cənubi Qafqazın gələcəyi məhz bu rasional seçimdən – iqtisadi əməkdaşlıq üzərində qurulan davamlı sülhdən keçir.

Mövzu ilə bağlı Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli XQ-yə bildirdi ki, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün yeni bir eranın başlanğıcıdır: “Asiya ilə Avropanı birləşdirəcək nəhəng tranzit və logistik marşrut kimi TRIPP layihəsinin gerçəkləşməsi Azərbaycanın qlobal logistik mərkəz statusunu mıhkəmləndirir. Bu layihədə dünyanın ən güclü dövlətinin birbaşa iştirakı Azərbaycan və Ermənistan arasında sülhün ən real qarantı rolunda çıxış edir. Eyni zamanda, hər iki ölkənin dövlət müstəqilliyinə beynəlxalq təminat yaradır.

Azərbaycanın Ermənistan məhsullarına öz ərazisi vasitəsilə çıxış izni verməsi regionda formalaşan yeni siyasi-iqtisadi reallığın göstəricisidir. Bu addım sülh prosesini sadə bəyanatlar müstəvisindən real mexanizmlər mərhələsinə keçirir. Yuxarı Larsın qeyri-sabit fəaliyyəti və mövcud infrastrukturun iflic vəziyyəti fonunda Azərbaycanın təklif etdiyi marşrut Ermənistan üçün xilas yolu, iqtisadi əlaqələri genişləndirmək imkanıdır.

Görünən odur ki, Azərbaycan üzərindən açılan bu yol yalnız yük daşımır, həm də yeni bir etimad mühiti və qlobal inteqrasiya imkanları yaradır. Bu yeni reallıq Ermənistan üçün revanşizmdən tamamilə uzaqlaşıb, müstəqil və rifah dolu bir gələcəyə qoşulmaq üçün tarixi və unikal bir şansdır”.

Bakının təqdim etdiyi inklüziv əməkdaşlıq modeli və ABŞ-la bağlanan tarixi pakt regionu münaqişə ritorikasından təmizləyərək onu dünyanın ən cəlbedici logistik və siyasi mərkəzlərindən birinə çevirir. Bu, Ermənistan üçün də ixracını şaxələndirmək üçün yaranmış şansdır. İrəvan bu şansı düzgün dəyərləndirməlidir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət