Nikol Paşinyan barış müqaviləsinin imzalanmasının bu il hökumətin gündəliyində olduğunu deyib
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyindədir. Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatından sonra İrəvanın siyasətində 180 dərəcəlik dönüş bu ehtimalın gerçəyə yaxın olduğundan xəbər verir.
Bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərindən uğurla çıxmaq üçün Nikol Paşinyan bütün resurslarını səfərbər edir. Bu kontekstdə əsas sual belə formalaşır: baş nazirin sülh təşəbbüsü real siyasi iradəyə əsaslanır, yoxsa seçkiqabağı daxili auditoriyaya hesablanmış təbliğat alətidir?
Paşinyan müsahibəsində sülh sazişi üzrə müzakirələrin ötən ilin martında başa çatdığını xatırladaraq faktiki olaraq demək istəyir ki, texniki baza mövcuddur və məsələ siyasi qərar mərhələsindədir. Eyni zamanda o, sənədin ötən ilin müxtəlif aylarında da imzalana biləcəyini deməklə prosesi uzadan tərəfin təkcə Ermənistan olmadığını vurğulayır. Çox güman ki, bu ritorika məsuliyyətin bölüşdürülməsi və seçki ərəfəsində mümkün tənqidlərin neytrallaşdırılması məqsədi daşıyır.
Baş nazirin real motivasiyasını anlamaq üçün Ermənistanın daxili siyasi mühitinə baxmaq vacibdir. Xatırladaq ki, 44 günlük müharibəsindən sonra onun hakimiyyəti ciddi sarsıntı yaşasa da, növbədənkənar seçkilərdə yenidən mandat qazandı. 2023-cü il sentyabr hadisəsindən sonra isə təhlükəsizlik arxitekturasının dəyişməsi Ermənistan cəmiyyətində qorxu və yorğunluq yaradıb. Elektoratın əhəmiyyətli hissəsi yeni hərbi eskalasiya riskini istəmir və sosial-iqtisadi sabitliyi prioritet sayır. Bu səbəbdən Paşinyan sülh gündəliyini seçki kampaniyasının əsas lokomotivinə çevirir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəalar aradan qaldırılmalıdır. Konstitusiya dəyişikliyi isə referendum və ya parlament prosedurları tələb edir. Bu isə daxildə ciddi siyasi müqavimət yarada bilər. Paşinyanın seçkiyə bir neçə ay qalmış bu riskli prosesə gedib-getməyəcəyi sual altındadır. İstisna hal kimi yekun sülh müqaviləsində Ermənistanın üzərinə Konstitusiya şərtini yerinə yetirmək öhdəliyi qoyula bilər. Bu təminat isə rəsmi Bakının siyasi iradəsi ilə mümkündür.
Şübhəsiz, yekun sülh müqaviləsi praktik icra mexanizmlərinə malik hüquqi sənəd olmalıdır. Əks halda o, uzunmüddətli sabitliyi təmin etməyəcək. Kommunikasiyaların açılması, xüsusilə Naxçıvanla quru əlaqə həssas mövzu olaraq qalır. Bu məsələ indiki situasiyada daha real görünür. Çünki Azərbaycan ərazisindən keçməklə Ermənistana yüklərin daşınması və TRIPP ətrafında aktivlik bu məsələnin sülh müqaviləsindən sonra inkişaf edəcəyini deməyə əsas verir.
Fevralın 19-da Ermənistan və Azərbaycan liderlərinin ABŞ Prezidenti Donald Trampın qlobal münaqişələri həll etmək üçün yaratdığı və şəxsən sədrlik etdiyi Sülh Şurasının ilk genişmiqyaslı liderlər zirvəsi çərçivəsində Ağ Evə səfərləri planlaşdırılır. Azərbaycan və Ermənistan arasında gərginliyin son mərhələdə olduğu sezilir və bunun hansı nəticə ilə yekunlaşacağı dünyanın diqqət mərkəzindədir. Bu baxımdan, Sülh Şurasının Zirvə görüşündə yekun sülh müqaviləsinin imzalanması ehtimalını dəyərləndirmək yerinə düşər. İntəhası, qeyri-rəsmi formada “yeni BMT” adlandırılan yeni qurum bu dəfə olmasa da, növbəti görüşlərində iki ölkə arasında yekun sülhün imzalanmasında vasitəçi rolunda çıxış edə bilər.
* * *
Dəqiq qiymətləndirmə aparsaq, 3 ssenari mümkündür. Seçkilərə qədər sülh müqaviləsinin imzalanması yalnız o halda mümkündür ki, Ermənistan Konstitusiyası ilə bağlı konkret yol xəritəsi təqdim edilsin və əsas müddəalar üzrə yekun razılaşma əldə olunsun. Hazırkı vəziyyətdə bu ehtimal zəifdir. İkinci ssenari fevralda və ya yaz aylarında sülh üzrə prinsipial razılaşmanın elan olunması, amma hüquqi təsdiqin seçkilərdən sonraya saxlanmasıdır. Bu, daha real görünür. Çünki bu variant Paşinyana seçki kampaniyasında “sülh prosesini irəli apardım” demək imkanı verər, eyni zamanda, riskli hüquqi addımları qısa müddətə təxirə salar. Üçüncü ssenari prosesin uzanması və sülh sazişinin imzalanmasının qeyri-müəyyən vaxta qalmasıdır. Bu isə seçki ritorikasının sərtləşməsi halında mümkündür. Amma tərəflərin mövcud siyasi iradəsi fonunda bu ssenari real görünmür.
Beləliklə, Paşinyanın sülh gündəliyi həm real siyasi zərurətdən, həm də seçki hesablamasından qaynaqlanır. O, sülh amilindən taktiki alət kimi istifadə edir, amma bu, onun sülh istəmədiyi anlamına gəlmir. Şübhə doğurmayan odur ki, Ermənistan üçün uzunmüddətli sabitlik alternativsizdir. Bununla belə, fevralın 19-da Vaşinqtonda yekun sülh müqaviləsinin imzalanması hazırkı hüquqi və siyasi reallıqlar fonunda az ehtimal olunandır. Məntiqli proqnoz odur ki, həmin tarixdə siyasi çərçivə və ya sülh prosesində irəliləyiş bəyan ediləcək, hüquqi sənəd isə ya seçkilərə yaxın, ya da seçkilərdən sonra imzalanacaq. Ağ Evdə başlayan sülh marafonunun həmin məkanda da müsbət sonluqla yekunlaşması mövcud vəziyyətdə tərəflər üçün ən ideal variantdır.
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı
Yekun sülh müqaviləsinin indiyədək nə üçün imzalanmadığı hər kəsə aydındır. Ermənistan sülh prosesinə maneə yaradan əsas problemin aradan qaldırılması istiqamətində hələlik konkret addım atmayıb. Söhbət Ermənistanın qüvvədə olan konstitusiyasında bu ölkənin müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddialarının qalmasından gedir. Konstitusiyada bu ölkənin müstəqillik bəyannaməsinə ümumi, “milli hədəflər” adı altında istinad var.
Onu da qeyd edim ki, Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın “milli şurası” adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli “qərarı” həmin dövrdə SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan – SSRİ Ali Soveti tərəfindən ləğv edilib. İndiki halda, qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması, ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd iddialarla çıxış edə bilməz.
Nikol Paşinyan, əslində, ölkə konstitusiyasında yer alan və Ermənistanın dövlət kimi formalaşmasına mane olan bir neçə məqamı sözügedən sənəddən çıxarmaq istəyir. Bunlardan biri Erməni Apostol Kilsəsi, digəri isə erməni diasporu ilə əlaqələrlə bağlıdır. Həm kilsənin, həm də diasporun konstitusion statusa sahib olması, onların Ermənistanın siyasi hakimiyyətinin, konkret halda Paşinyan hökumətinin fəaliyyətinə müdaxilə etmələrinə imkan yaradır. Mövcud konstitusiya ilə Ermənistan heç bir halda hüquqi və suveren bir dövlət kimi formalaşa bilməz.
İndi əsas sual bundan ibarətdir: Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad – Azərbaycana qarşı ərazi iddiaları çıxarılmadan yekun sülh müqaviləsinin imzalanması və ratifikasiyası mümkündürmü? Düşünürəm ki, bu sualın cavabı prosesin mahiyyətində və Ermənistanın öz öhdəliklərini yerinə yetirəcəyinə veriləcək təminatdadır. Yekun sülh müqaviləsinin seçkilərə qədər imzalanması Paşinyana həm də daxili ictimai rəydə mövqelərini möhkəmləndirmək üçün lazımdır.
Azərbaycan isə hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmaqla yanaşı, sülh gündəliyinin davam etdirilməsində maraqlı olduğunu əməli addımlarla təsdiqləyib və bu proses davam etməkdədir. Yekun sülh müqaviləsinin imzalanması ilə bağlı hazırda konkret tarix söyləmək çətin olsa da, istənilən zamanlamanın təminat altına alınacağı şübhə doğurmamalıdır.
Tacir SADIQOV
XQ


