Parisin itkilərini Brüssel ödəməlidirmi?

post-img

Makronun ümumi borclanma təşəbbüsünün pərdəarxası

Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqının (Aİ) qlobal rolunun gücləndirilməsi, ümumi borclanma mexanizmlərinin genişləndirilməsi və iqtisadi müstəqilliyin artırılması ilə bağlı çağırışları son illər Brüsseldə ən çox müzakirə olunan siyasi tezislərdəndir. O, “qoca qitə”nin ABŞ və Çin kimi güclər qarşısında daha vahid, daha mərkəzləşmiş və daha strateji davranmalı olduğunu vurğulayır.

Formal baxımdan bu tezislər Avropanın təhlükəsizlik, enerji, texnologiya və sənaye sahələrində daha dayanıqlı mövqe qazanması məqsədinə xidmət edir. Lakin məsələyə Fransanın daxili siyasi-iqtisadi reallıqları prizmasından baxdıqda Makronun təşəbbüsləri həm də konkret siyasi hesablamaların məhsulu kimi görünür. Başqa sözlə desək, Fransanın dövlət borcunun ÜDM-ə nisbətinin 110 faizdən yuxarı olması, büdcə kəsirinin davamlı xarakter alması və sosial narazılıqların dərinləşməsi fonunda Makronun “ümumi borclanma” ideyasını fəal şəkildə təşviq etməsi suallar doğurur. Maraqlıdır, bu təşəbbüs doğrudanmı Avropanın güclənməsi üçündür, yoxsa Fransanın struktur problemlərini kollektiv mexanizm vasitəsilə yumşaltmaq cəhdidir?

Makron hakimiyyətə gəldiyi ilk gündən Avropanın strateji muxtariyyəti ideyasını irəli sürür. Onun ritorikasında əsas tezis ondan ibarətdir ki, Avropa təhlükəsizlik, enerji, texnologiya və sənaye baxımından kənar güclərdən asılılığını azaltmalıdır. Bu fikir xüsusilə ABŞ-la münasibətlərdə vaxtaşırı yaranan gərginliklər, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinlə iqtisadi rəqabət fonunda aktuallaşıb. Lakin Parisin sözügedən konsepsiyanı müdafiə etməsi sırf ideoloji seçim kimi dəyərləndirilə bilməz. Fransa uzun illərdir Aİ daxilində siyasi liderlik uğrunda Berlinlə rəqabət aparır. Almaniya iqtisadi gücü ilə dominant mövqedədir, Fransa isə daha çox siyasi və hərbi sahədə liderlik iddiasındadır. Belə olan halda strateji muxtariyyət diskursu Fransaya Aİ daxilində siyasi təşəbbüslərin mərkəzinə çevrilmək imkanı verir. Bu, həm də Makronun özünü Avropanın baş ideoloqu kimi təqdim etməsinə xidmət edir. Məsələdə incə bir məqam var ki, Fransanın öz iqtisadi göstəriciləri bu liderlik iddiasını nə dərəcədə dəstəkləyir?

Məlumdur ki, yüksək dövlət borcu, zəif sənaye artımı, əmək bazarındakı problemlər və sosial gərginliklər fonunda ölkə iqtisadi baxımdan Almaniya ilə eyni çəkidə deyil. Bu isə Makronun siyasi təşəbbüslərini iqtisadi reallıqla ziddiyyətə salır. Yada salaq ki, Aİ səviyyəsində ümumi borclanma ideyası ilk dəfə pandemiya dövründə ciddi şəkildə tətbiq olundu. “NextGenerationEU” fondu vasitəsilə üzv dövlətlər üçün kollektiv borclanma mexanizmi işə salındı. O zaman bu addım fövqəladə şəraitlə əsaslandırılmışdı. Makron indi bu mexanizmin daha da genişləndirilməsini və daimi xarakter almasını təklif edir. Fransa kimi borc yükü yüksək olan ölkələr üçün ümumi borclanma mexanizmi obyektiv olaraq sərfəlidir. Çünki risklər kollektivləşdirilir, maliyyə bazarlarında daha aşağı faizlə və daha sabit şərtlərlə vəsait cəlb etmək imkanı yaranır. Almaniya, Niderland və digər “fiskal mühafizəkar” ölkələr haqlı olaraq narahatdırlar ki, niyə onlar daha intizamlı maliyyə siyasəti nəticəsində qazandıqları sabitliyi başqalarının struktur problemlərini kompensasiya etmək üçün risk altına qoymalıdırlar? Makronun təklifləri bu baxımdan reallıqda riskin “avropalaşdırılması” anlamına gəlir. Bu isə Avropa daxilində yeni siyasi gərginlik ocaqları yarada bilər.

Yeri gəlmişkən, Makronun son illər daxili siyasətdə üzləşdiyi çətinliklər az deyil. Pensiya islahatı ətrafında kütləvi etirazlar, parlamentdə nisbi çoxluq problemi, radikal sağçıların yüksəlişi və sosial narazılıqlar onun hakimiyyətini xeyli zəiflədib. Fransa cəmiyyətində iqtisadi ədalət, inflyasiya, enerji qiymətləri və sosial təminat məsələləri də ön plandadır. Belə bir şəraitdə Avropa miqyasında böyük ideyalar irəli sürmək və qlobal siyasi diskurs formalaşdırmaq daxili gündəmi ikinci plana keçirmək üçün əlverişli vasitəyə çevrilə bilər. Görünür, milli problemlər fonunda beynəlxalq liderlik iddiasını gücləndirmək məsələsi yenidən gündəmdədir.

Makronun çıxışlarında tez-tez “Avropa suverenliyi”, “qlobal rol”, “tarixi məsuliyyət” kimi böyük anlayışlara müraciət etməsi təsadüfi deyil. Həmin ritorika onun öz seçici bazasına “Fransa hələ də böyük gücdür” mesajı verməyə xidmət edir.

Bir məqamı da qeyd edək ki, Makron Aİ-nin iqtisadi müstəqilliyindən danışarkən, bunu əsasən sənaye siyasəti, müdafiə xərcləri və texnoloji investisiyalar kontekstində əsaslandırır. Şübhəsiz ki, qlobal rəqabət şəraitində Avropa üçün bu sahələr strateji əhəmiyyət daşıyır. Lakin Fransanın öz fiskal vəziyyəti nəzərə alındıqda, bu təşəbbüslərin nə dərəcədə səmimi narahatlıqdan qaynaqlandığı sual altına düşür. Əgər Fransa öz daxili struktur islahatlarını tam həyata keçirə, büdcə kəsirini nəzarətdə saxlaya bilmirsə və borc yükünü azaltmaq istiqamətində ardıcıl siyasət yürütmürsə, o zaman ümumi borclanma təşəbbüsü daha çox milli yükün bölüşdürülməsi cəhdi kimi görünür. Başqa sözlə, Makron Avropanın iqtisadi müstəqilliyindən danışarkən, eyni zamanda, Fransanın maliyyə asılılığını kollektiv mexanizmə transformasiya etməyə çalışır. Bu isə “narahatlığın” nə dərəcədə strateji, nə dərəcədə taktiki olduğu barədə düşünməyə sövq edir.

Sonda qeyd edək ki, Fransanın yüksək dövlət borcu və davam edən fiskal problemləri fonunda ümumi borclanma təşəbbüsü obyektiv olaraq Paris üçün daha sərfəli görünür. Bu isə Makronun “narahatlığının” nə dərəcədə Avropanın ümumi maraqlarına və Fransanın daxili ehtiyaclarına xidmət etdiyini mübahisəli edir. Əgər Avropa həqiqətən güclənmək istəyirsə, ilk növbədə üzv dövlətlər öz daxili struktur problemlərini həll etməlidirlər. Əks halda, milli iqtisadi çətinliklərin kollektiv mexanizmlər vasitəsilə paylaşdırılması uzunmüddətli perspektivdə Birliyin özünü zəiflədə bilər.

Züriyyə QARAYEVA,
politoloq

Makronun Aİ-nin qlobal rolunu gücləndirmək və ümumi borclanma mexanizmlərini genişləndirmək çağırışı ilk baxışda strateji və uzaqgörən addım kimi görünür. Çünki Fransanın özünün dövlət borcu yüksəkdir və bu, onun arqumentlərinin etibarlılığı ilə bağlı suallar yaradır. Amma Makronun yanaşması, sadəcə, Fransa prizmasından oxunmamalıdır. O, uzun müddətdir Aİ-ni vahid geosiyasi və iqtisadi aktor kimi formalaşdırmaq xəttini aparır və ümumi borclanmanı da ayrı-ayrı dövlətlərin zəifliyini kompensasiya edən kollektiv güc aləti kimi təqdim edir. Bu mənada onun narahatlığı şəxsi maliyyə problemləri ilə yanaşı, Avropanın ABŞ və Çin qarşısında asılı vəziyyətinin dərinləşməsi ilə bağlıdır.

Digər tərəfdən, Makronun bu çıxışlarının daxili siyasi kontekstdən tamamilə ayrı olduğunu demək çətindir. Fransada sosial narazılıqlar, büdcə kəsiri və islahatlara müqavimət fonunda Avropa miqyasında böyük ideyalar irəli sürmək müəyyən mənada diqqəti milli problemlərdən yayındırmaq funksiyası da daşıyır. Makron həm Fransa daxilindəki çətinlikləri Avropa səviyyəsində bölüşdürmək, həm də Aİ-ni daha mərkəzləşmiş və iqtisadi baxımdan müstəqil struktura çevirmək istəyir. Yəni burada həm real strateji narahatlıq, həm də siyasi manevr elementləri paralel şəkildə mövcuddur. Makron bununla bir növ liderlik iddiasını da yenidən gündəmə gətirmiş olur. Son dövrlər Makronun nüfuzunun sürətlə azaldığını nəzərə alsaq, Fransa lideri bu yanaşması ilə öz imicini də düzəltmək məqsədi güdür.

Nəzrin ELDARQIZI
XQ



Siyasət