Pakistan Xarici İşlər Nazirliyinə bağlı fəaliyyət göstərən və bu ölkənin ən nüfuzlu beyin mərkəzlərindən olan Regionşünaslıq İnstitutunun tərkibində xüsusi analitik şöbə kimi yaradılan “Türkiyə və Azərbaycan” proqramının açılışı olub, habelə bu münasibətlə təşkil edilmiş “Ortaq perspektivlər və regional sabitlik: Türkiyə, Azərbaycan və Pakistan” adlı seminar keçirilib.
Ölkəmizin İslamabaddakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanın səfiri Xəzər Fərhadovun, Türkiyənin səfiri İrfan Neziroğlunun və həmin beyin mərkəzinin prezidenti səfir Cauhar Salimin məruzələri dinlənilib. Çıxışlar zamanı 3 dost ölkə arasında ortaq tarixi, dini və mədəni təməllər üzərində qurulmuş qardaşlıq əlaqələrinin keçmişi, bu günü və sabahı barədə iştirakçılara məlumat verilib, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament sədrləri, xarici işlər nazirləri və liderlər səviyyəsində mövcud olan üçtərəfli formatın perspektivlərindən danışılıb və hazırkı proqramın istifadəyə verilməsi yüksəksəviyyəli əlaqlərimizin təzahürü olaraq səciyyələndirilib.
Qardaş ölkələr arasındakı bağların möhkəmləndirilməsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin müstəsna rolu xüsusilə vurğulanıb. Qeyd olunub ki, üçtərəfli əməkdaşlıq formatının davamlı olması üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə də xidmət edəcək. Bu xüsusda ötən il mayın 28-də Laçın şəhərində və daha sonra Vətən müharibəsindəki Zəfərin beşinci ildönümü münasibətilə Bakı şəhərində keçirilən hərbi parad çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşləri məmnunluqla xatırladılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

