Regional enerji bazarı və yeni dövrə keçid

post-img

Azərbaycandan Ermənistana neft məhsulları satışının hədəfi sülhdür

“Ermənistan Azərbaycandan ümumi həcmi 7 min 600 ton olan neft məhsullarının idxalını gözləyir”. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib. Onun sözlərinə görə Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana 8 min 485 ton Rusiya taxılı çatıb, 4 min 103 ton yoldadır. Həmçinin 7 min 600 ton Azərbaycan neft məhsulları var ki, bunun 6 min 100 tonu benzin, 1 min 500 tonu dizel yanacağıdır. Artıq Ermənistanın idxal etdiyi benzinin birinci partiyası (1 min 220 ton Aİ-95) bir neçə gün ərzində satılıb. Bu günlərdə Ermənistana bir neçə min ton həcmində yeni benzin və dizel partiyası daxil olacaq.

Bu addım təkcə kommersiya xarakterli enerji tədarükü kimi yox, eyni zamanda, iki ölkə arasında münasibətlərin mərhələli şəkildə normallaşması istiqamətində atılan real və praktik addımdır. 30 il ərzində iqtisadi əlaqə olmayan tərəflər arasında ilk dəfə bu miqyasda ticarət əməliyyatının həyata keçirilməsi region üçün yeni reallıqlar formalaşdırır.

İqtisadi baxımdan bu proses, ilk növbədə, ticarət əlaqələrinin bərpası və genişlənməsi üçün zəmin yaradır. Neft məhsullarının ixracı Azərbaycan üçün yeni bazar imkanları deməkdir. İrəvan üçün isə bu, yanacaq təchizatında alternativ mənbənin yaranması anlamına gəlir. Ermənistan indiyədək əsasən bir və ya iki əsas tədarükçüdən asılı olub və bu asılılıq həm qiymətlərin formalaşmasına, həm də enerji təhlükəsizliyinə təsir göstərib. Azərbaycan məhsullarının bazara daxil olması isə rəqabəti artırır və bu, təbii olaraq, qiymətlərin daha balanslı səviyyədə formalaşmasına şərait yaradır. Xüsusilə də, idxal olunan yanacağın mövcud bazar qiymətlərindən daha münasib olması Ermənistan daxilində sosial-iqtisadi baxımdan da müsbət təsir yaradır.

Enerji təhlükəsizliyi aspektindən baxdıqda, yeni tədarük xətti Ermənistanın enerji bazarının şaxələndirilmiş və davamlı olmasına kömək edir. Tək bir mənbədən və ya bir ölkədən asılılığın azalması istənilən ölkə üçün strateji üstünlük sayılır. Bu kontekstdə Azərbaycan neft məhsullarının Ermənistana çatdırılması regionda enerji balansını müəyyən qədər dəyişir və İrəvanın manevr imkanlarını genişləndirir. Çünki Azərbaycan məhsullarının bazara daxil olması rəqabəti artırır və bu, təbii olaraq, qiymətlərin daha balanslı səviyyədə formalaşmasına şərait yaradır. İlkin qiymətləndirmələrə görə, onların qiyməti bazar qiymətindən, təxminən, 80 dram aşağıdır. Bu da digər sahələrdə də xərcləri azaldacaq. Məsələn, erməni nazirin dediyi kimi, dizel yanacağı 80 dram ucuz başa gələrsə, torpağı becərən traktorun xərcləri də 20 faiz azalacaq.

Bəs, Azərbaycan neft məhsullarının Ermənistan bazarında yanacağı ucuzlaşdırmasına səbəb nədir?

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Mahir Zeynalov XQ-yə bildirdi ki, əvvəlllər Ermənistanın yanacaq təchizatı məhdud sayda mənbələrdən təmin olunurdu: “İndi ümumi təklifin həcmi artır, bazarda yanacaq qıtlığı azalır. Digər tərəfdən, Azərbaycan yanacağı bazara nisbətən aşağı qiymətlə daxil olur. Çünki bizim böyük neft emalı imkanlarımız və dövlət şirkətinin uzunmüddətli strategiya ilə işləməsi daha aşağı qiymətlə satışa imkan verir. Kiçikhəcmli bazar olan Ermənistan üçün bu cür əlavə təklif qiymətlərə güclü təsir göstərir. Yəni təklif həcmi artır, bazarda yanacaq qıtlığı azalır, təchizatçılar arasında rəqabət sərtləşir və bu proses bazar iştirakçılarının gözləntilərini dəyişdirərək qiymətlərə aşağı istiqamətli psixoloji təzyiq yaradır.

İkincisi, Azərbaycanın logistika və istehsal üstünlükləri Ermənistana ixrac olunan yanacağın qiymətinə birbaşa təsir göstərir. Ölkənin böyük neft emalı gücü olduğuna görə daxili istehsal həcmləri yüksəkdir və vahid məhsul üzrə maya dəyəri aşağı düşür. Regiondaxili yerləşmə və mövcud nəqliyyat infrastrukturundan istifadə logistika xərclərini uzaq bazarlarla müqayisədə xeyli azaldır. Bundan əlavə, dövlət şirkəti olan SOCAR kommersiya baxımından qısamüddətli mənfəətdən daha çox uzunmüddətli bazar mövqeyini və strateji maraqları nəzərə alaraq fəaliyyət göstərə bilir”.

M.Zeynalovun fikrincə, bu amillər Azərbaycana qısa müddətdə yanacağı daha aşağı qiymətlə təklif etmək imkanı yaradır və bazarda “şok qiymət” effekti formalaşdırır: “Qiymətlərin gözlənilmədən aşağı səviyyədə təklif edilməsi digər təchizatçıları sürətlə reaksiya verməyə məcbur edir. Həcmi nisbətən kiçik olan Ermənistan bazarında isə bu cür əlavə və ucuz təklif daha kəskin hiss olunur, çünki az miqdarda idxal belə ümumi bazar balansını dəyişərək qiymətlərə güclü təsir göstərir.

Üçüncüsü, yanacaq bazarında qiymət təkcə real təklif həcmləri ilə deyil, bazar iştirakçılarının gözləntiləri ilə də formalaşır. Bazarda “ucuz yanacaq gəlir” kimi bir fikir yayıldıqda, bu, psixoloji təsir yaradır və davranışları dəyişir. Distribyutorlar gələcəkdə qiymətlərin düşəcəyini gözlədikləri üçün mövcud yüksək qiymətləri saxlamağın riskli olduğunu düşünürlər və satış həcmini qorumaq məqsədilə qiymətləri qabaqcadan endirə bilərlər.

Eyni zamanda, siyasi və geosiyasi kontekst də bu gözləntiləri gücləndirir. Yeni ticarət istiqamətinin açılması və alternativ təchizatçının ortaya çıxması bazara uzunmüddətli ucuzlaşma siqnalı verir. Bu şəraitdə şirkətlər ehtiyatla davranır, yüksək qiymət təyin etməkdən çəkinir və daha aşağı marja ilə işləməyə razı olurlar. Bununla da yanacağın fiziki həcmləri hələ ciddi şəkildə artmasa belə, təkcə gözləntilərin dəyişməsi qiymətlərin enməsinə səbəb olur. Bu, Ermənistan daxilində sosial-iqtisadi baxımdan da müsbət təsir yaradır. Eyni zamanda, Azərbaycan üçün də enerji sahəsində regional təsir imkanlarını artır”.

Şöbə müdiri sonda onu da qeyd etdi ki, neft məhsullarının Gürcüstan ərazisindən tranzitlə daşınması Cənubi Qafqazda mövcud nəqliyyat marşrutlarının daha aktiv istifadəsinə şərait yaradır: “Bu, gələcəkdə yalnız enerji məhsulları deyil, digər malların da daşınması üçün presedent yaradır. İqtisadi əməkdaşlıq tədricən genişlənərək regional inteqrasiyanın dərinləşməsinə yol açır.

Siyasi və diplomatik mənada bu addımın əhəmiyyəti də böyükdür. Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam etmiş qarşıdurmadan sonra iqtisadi əməkdaşlıq elementlərinin ortaya çıxması sülh gündəliyinin praktik müstəviyə keçdiyini göstərir. Bu, tərəflər arasında etimadın tam formalaşdığını deməyə imkan verməsə də, qarşılıqlı maraqlara əsaslanan münasibətlərin mümkün olduğunu göstərir. İqtisadi əlaqələr çox vaxt siyasi gərginliyin azalmasına və dialoqun daha rasional müstəviyə keçməsinə zəmin yaradır”.

Beləliklə, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi sadəcə yanacaq ixracı deyil. Bu, iqtisadi münasibətlərin bərpası, enerji təhlükəsizliyinin güclənməsi, regional inteqrasiyanın təşviqi və sülh prosesinin real addımlarla dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə bu cür ticarət əməliyyatları daha geniş əməkdaşlıq imkanları açacaq. Bu isə logistika, ticarət və hətta birgə regional layihələr üçün baza rolunu oynaya bilər. Ən əsası isə bu proseslər bölgə xalqları üçün daha sabit, proqnozlaşdırıla bilən və iqtisadi baxımdan faydalı mühitin formalaşmasına xidmət edir.

Ə.PÜNHAN
XQ



Siyasət