Müstəqil dövlətin çoxyönlü xarici siyasət strategiyası

post-img

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi 2025-ci ilin Azərbaycan xarici siyasəti baxımından ölkənin beynəlxalq sistemdə tutduğu mövqenin keyfiyyət transformasiyasını nümayiş etdirən siyasi diaqnozdur. Dövlət başçısının vurğuladığı beş əsas istiqamət, əslində, vahid strateji xəttin müxtəlif təzahürləridir: bağlantı siyasəti, institusional inteqrasiya, çoxvektorlu balans və legitimlik istehsalı.

Strateji xəttin ilk və ən fundamental təzahürü Vaşinqtondan gələn siyasi siqnalın yaratdığı geosiyasi rezonans və Azərbaycanın çoxvektorlu tərəfdaşlıq modelinin yeni mərhələyə daxil olmasıdır. Prezident İlham Əliyevin müsahibəsində toxunduğu Strateji Tərəfdaşlıq Xartiyası ətrafında formalaşan diplomatik dinamika Azərbaycanın beynəlxalq legitimliyinin yeni mərhələyə keçməsinin göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, Prezident Trampla Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunun imzalanmasından dərhal sonra Avropanın bir neçə aparıcı dövləti Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qurulması təşəbbüsü ilə çıxış edib.

Politoloji baxımdan burada “böyük güc legitimləşdirməsi” və “strateji etimad transferi” mexanizmləri paralel şəkildə işləyir. Qlobal güc mərkəzinin müəyyən bir ölkə ilə münasibətləri institusional müstəviyə çıxarması həmin ölkənin beynəlxalq etibarlılıq kapitalını artırır və üçüncü aktorlar üçün riskləri azaldır. Vaşinqtondan gələn siyasi siqnal Avropa paytaxtlarında Azərbaycanın Qərb təhlükəsizlik və iqtisadi arxitekturasında dayanıqlı mövqe tutan aktor kimi qəbul edilməsinə səbəb olunub. Lakin bu rezonans spontan xarakter daşımır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq demək olar ki, 30 ölkə ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalamışdır və onların əhəmiyyətli hissəsi Avropa İttifaqı üzvləridir. Bu fakt Azərbaycanın xarici siyasətində təkmərkəzli asılılıq modelindən imtina edərək şəbəkə diplomatiyası və çoxsəviyyəli balanslaşdırma strategiyasına keçdiyini göstərir. Belə yanaşma dövlətə həm strateji manevr imkanları yaradır, həm də beynəlxalq təzyiqlər qarşısında struktur dayanıqlıq təmin edir.

Vaşinqtondan daxil olan mesajın ABŞ-ın müttəfiqləri tərəfindən müsbət qarşılanması isə transatlantik siyasi məkanın hələ də iyerarxik koordinasiya məntiqi ilə işlədiyini göstərir. ABŞ referens güc olaraq normativ çərçivəni müəyyənləşdirir. Amma bu çərçivənin içərisində Azərbaycan artıq periferik obyekt deyil, regional sabitliyə töhfə verən, enerji və logistika təhlükəsizliyini təmin edən funksional tərəfdaş kimi qəbul edilir. Avropa ölkələrinin təşəbbüsü rasional maraqların – enerji diversifikasiyası, Orta Dəhliz, Cənubi Qafqazda sabitlik və Xəzər hövzəsinin geoiqtisadi potensialının qiymətləndirilməsidir.

* * *

İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsini “nadir hadisə” kimi qiymətləndirməsi regional geosiyasi konfiqurasiyanın dəyişdiyini göstərən mühüm strateji göstəricidir. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya siyasi platformasına institusional inteqrasiyası klassik regional sərhədlərin artıq siyasi reallığı tam əks etdirmədiyini nümayiş etdirir. Müasir beynəlxalq münasibətlərdə coğrafiya logistika, bağlantı və funksional qarşılıqlı asılılıq üzərindən yenidən müəyyən olunur. Məhz bu kontekstdə C5 formatının C6 modelinə transformasiyası faktiki olaraq Mərkəzi Asiya məkanının Xəzər üzərindən Qərbə açılan yeni strateji konturunun formalaşması deməkdir. Bu proses “funksional regionalizm” modelinə uyğundur. Dövlətlər klassik regional identiklikdən daha çox, konkret funksional maraqlar ətrafında yeni koalisiyalar formalaşdırırlar. Azərbaycanın bu platformada qəbul olunması onun artıq Mərkəzi Asiyanın iqtisadi və təhlükəsizlik ekosisteminin ayrılmaz halqasına çevrildiyini göstərir. Prezidentin “Mərkəzi Asiyanı Qərblə coğrafi baxımdan birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır” fikri geosiyasi reallığın açıq ifadəsidir. Mövcud beynəlxalq şəraitdə alternativ marşrutların siyasi riskləri, sanksiya mühitləri və təhlükəsizlik qeyri-müəyyənliyi fonunda Orta Dəhliz, faktiki olaraq, Qərb üçün yeganə stabil bağlantı xəttinə çevrilir. Burada Azərbaycanın üstünlüyü siyasi sabitlik, institusional etibarlılıq və tərəfdaşlıq reputasiyası faktorlarının sintezindədir. Bu transformasiya, eyni zamanda, Qərbin Mərkəzi Asiyaya baxışını da dəyişir. Əgər əvvəl bu region əsasən Rusiya–Çin geosiyasi orbitində qiymətləndirilirdisə, indi Azərbaycan vasitəsilə Qərb üçün alternativ inteqrasiya kanalı formalaşır. C5-in C6-ya çevrilməsi həm də Azərbaycanın regional liderlik iddiasının institusional şəkildə tanınmasıdır.

* * *

Dövlət başçımızın Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini “çox böyük nailiyyət” kimi qiymətləndirməsi ölkənin İslam dünyasında siyasi və iqtisadi çəkisinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Təxminən otuz il ərzində yeni üzv qəbul etməyən bir platformanın ilk dəfə genişlənməsi dəyişən beynəlxalq reallıqların və Azərbaycanın artan funksional əhəmiyyətinin nəticəsidir.

D-8 formatı əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon dollardan çox olan geoiqtisadi məkanı əhatə edir. Azərbaycanın bu kluba daxil olması onun iqtisadi ölçülərinə görə deyil, strateji mövqeyi, tranzit imkanları, enerji infrastrukturu və siyasi etibarlılığı ilə bağlıdır. Bakı eyni vaxtda Qərb institutları ilə tərəfdaşlıq, Türk dünyası ilə dərinləşən əməkdaşlıq və İslam dünyasında institusional mövqelənmə xəttini paralel şəkildə inkişaf etdirir. Belə bir yanaşma ölkəyə geosiyasi balansı qorumaqla yanaşı, müxtəlif sivilizasiya blokları arasında körpü funksiyasını da gücləndirməyə imkan verir. Prezidentin vurğuladığı mühüm məqam ondan ibarətdir ki, Azərbaycan nə əhali, nə də iqtisadi ölçü baxımından nəhəng dövlət olmasa da, təşkilata qəbul olunması beynəlxalq hörmətin və müstəqil siyasətin nəticəsidir.

* * *

Prezident İlham Əliyevin Çinlə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni 2025-ci ilin mühüm diplomatik nailiyyətlərindən biri kimi qiymətləndirməsi Azərbaycanın Avrasiya geosiyasətində mövqeyinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Çin beynəlxalq sistemin normativ və institusional transformasiyasında aktiv rol oynayan qlobal güc mərkəzidir. Belə bir aktorla münasibətlərin strateji platforma səviyyəsinə qaldırılması Azərbaycanın xarici siyasətinin uzunmüddətli hesablanmış rasional xəttinin nəticəsidir.

Azərbaycan Çin üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Qafqaz–Xəzər seqmentində etibarlı tranzit qovşağı rolunu oynayır. Bakı isə Pekinlə strateji əməkdaşlıq vasitəsilə öz nəqliyyat-logistika potensialını qlobal ticarət dövriyyəsinin struktur elementinə çevirir. Politoloji baxımdan bu münasibət modeli asimmetrik tərəfdaşlıq daxilində rasional balanslaşdırma nümunəsidir. Ölçü və güc baxımından fərqli aktorların əməkdaşlığında əsas risklərdən biri siyasi asılılığın dərinləşməsidir. Lakin Azərbaycanın çoxvektorlu siyasəti bu riski neytrallaşdırır və Çinlə tərəfdaşlığı digər istiqamətlərlə – ABŞ, Avropa İttifaqı, Türkiyə, Mərkəzi Asiya və İslam dünyası ilə paralel şəkildə tarazlaşdırır.

Digər tərəfdən, Çinlə siyasi platforma səviyyəsində qurulan münasibətlər Azərbaycanın beynəlxalq sistemdə manevr imkanlarını genişləndirir. Bakı artıq yalnız Qərb–Rusiya oxu arasında balanslaşdıran regional aktor deyil, qlobal güc mərkəzləri ilə eyni vaxtda strateji dialoq qura bilən çevik diplomatik mərkəzə çevrilir. Bu isə ölkənin diplomatik suverenliyinin praktik təzahürüdür. Prezidentin vurğuladığı kimi, bu strateji çərçivə Azərbaycanın uğurlu diplomatiyasının nəticəsidir. Çin kimi praqmatik və riskə həssas aktor üçün tərəfdaş seçimi təsadüfi deyil və Azərbaycanın seçilməsi Bakının beynəlxalq reputasiya kapitalının yüksəldiyini göstərir.

* * *

Dövlət başçısının 2025-ci il ərzində həyata keçirilmiş intensiv xarici səfərləri, çoxsaylı dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq sistemdə legitim siyasi subyekt kimi möhkəmləndiyini nümayiş etdirir. Bu kontekstdə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşü geosiyasi məna daşıyır. Xankəndi uzun müddət regional münaqişənin simvolu olmuş məkandan beynəlxalq diplomatik platformaya transformasiya edilir. Zirvənin məhz bu şəhərdə keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün artıq qəbul olunmuş reallıq kimi beynəlxalq siyasi diskursa daxil olduğunu göstərir. Xarici liderlərin Xankəndiyə səfəri, orada çoxtərəfli qərarların qəbul edilməsi Azərbaycanın postmünaqişə mərhələsində regional nizamı faktiki olaraq dizayn etdiyini nümayiş etdirir. Prezidentin vurğuladığı intensiv səfərlər və qarşılıqlı diplomatik təmaslar Azərbaycanın müxtəlif güc mərkəzləri arasında dialoq yarada bilən strateji kommunikasiya platforması rolunu oynadığını təsdiqləyir.

Nəticə etibarilə, 2025-ci il Azərbaycanın xarici siyasət tarixində geosiyasi möhkəmlənmə və strateji inteqrasiya ili kimi xarakterizə oluna bilər. Prezident İlham Əliyevin müsahibəsində formalaşan siyasi çərçivə göstərir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində qaydaları oxuyan və müəyyən edən subyektdir. Müasir mərhələ ölkənin regional və qlobal siyasi arxitekturada funksional rol oynayan aktora çevrilməsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət