İşğalda olan ərazilərimiz xalqımızı daim qeyrətə səsləyirdi
Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən
5 yanvar 2026-cı il.
Yeni əsrin dörddən birini geridə qoyduq. Növbəti 25 illiyə daha qətiyyətli addımlarla, daha qüdrətli dövlət, daha güclü ordu, daha mütəşəkkil xalq və ən başlıcası, prinsipial, ürəyi daha böyük Vətən sevgisi ilə dolu olan liderlə qədəm qoyduq. Dünyanın müxtəlif ünvanlarında partlayan silah və sursatların alovu, tüstüsü ilə bərabər insanların fəryadları da buludları ötüb keçərək ərşə çatır. Azərbaycanda isə biz yeni təqvim ilini ötən illərin hamısından üstün bir şadyanalıqla qeyd edirik. Çünki qarşıladığımız hər yeni il bizi dövlət, xalq olaraq müəyyən etdiyimiz hədəflərə daha da yaxınlaşdırır.
Bəli, yeni ilin ilk iş günü biz jurnalistlər üçün sözün həqiqi mənasında yeni mövzu bolluğu, yeni yazı istiqamətləri yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə son iki əsrin regionumuzdakı həqiqətlərini dilə gətirdi, müasir Azərbaycan reallıqları ilə fəxr etdiyimizi söylədi, qarşıda bizi daha böyük sınaqların və möhtəşəm uğurların gözlədiyindən danışdı. Ancaq Prezidentin müsahibənin sonuncu sualına verdiyi cavab əlli milyonluq soydaşlarımızın hamısının ürək sözləri kimi tarixə düşdü.
Söhbət Vətən torpağından gedirdi. O torpaq ki, onu ulu öndərimiz Heydər Əliyev bu şəkildə qiymətləndirmişdi: “Vətən, torpaq azərbaycanlıların ləyaqətini, mənliyini və şərəfini əks etdirir”.
İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, sonra isə bir günlük antiterror əməliyyatı zamanı Azərbaycan ordusu və xalqı ilə birlikdə məhz Ulu öndərin xatırlatdığı ləyaqətimizi, mənliyimizii və şərəfimizi qorudu, təmizlədi. Ordumuzun ardı-arası kəsilməyən hücumları və qələbələri davam etdiyi günlərdə biz böyük türk şairi Mehmet Akif Ərsoyun məşhur şeirlərindən birini xatırlayırdıq: “Sahipsiz vatanın batması haktır, sen sahip çıkarsan bu vatan batmayacaktır”. Bəli, biz sahib çıxdıq və bu Vətən yağı əlində qalmadı.
Dövlət başçımızın müsahibəsi telekanallarda yayımlanan zaman mən istər-istəməz cənab Prezidentin 2020-ci il oktyabrın 28-də Almaniyanın “ARD” televiziya kanalına verdiyi müsahibəni xatırladım və bu iki müsahibə arasında paralellər gördüm. Həmin gün əvəlcədən hazırlaşdırılıb göndərilmiş alman jurnalist ölkəmizə təxribat məqsədilə gəldiyini gizlədə bilməmişdi. Ermənistanın havadarlarının dili ilə danışan alman həmkarımız unudurdu ki, onun müsahibə götürdüyü şəxs dünya siyasətinin ən ali səviyyəli nümayəndələrindən biridir.
Sualı sanki hansısa Hans Müller yox, Artaşas Mkrtçyan verirdi (adlar şərtidir): – “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, hansısa rəmzi məna daşıyır?”
Cavab isə sual müəllifini mat edir: – “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn – Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
İndi isə cənab Prezidentin bu il yanvarın 5-dəki müsahibəsinə diqqət edək:
“2020-ci ilə qədər keçmiş köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında mən hər zaman deyirdim ki, biz o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma bəziləri görürdüm ki, gözlərindən hiss olunurdu, buna inanmırlar və onları da qınamaq olmaz. Çünki 30 il ərzində torpaqları itirilmiş insanlar hansı hisslər keçirə bilər? Bu, başadüşüləndir. Ancaq mən daxilən hər zaman inanırdım ki, biz buna nail olacağıq. Birinci mərhələdə inanırdım ki, – bəlkə də bir az sadəlövh idim, – bunu sülh yolu ilə həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm ki, yox, hər şeyi yaxşı bilirlər. Sadəcə olaraq, onların böyük əksəriyyəti hesab edirdilər ki, belə də olmalıdır: bu torpaqlar ermənilərə çatmalıdır” .
...Qazaxıstanın Aktau şəhərinə İkinci Qarabağ müharibəsi başa çatandan xeyli sonra getmişdim. Qaldığım mehmanxananın yaxınlığında Türkiyədən olan iş adamlarının yeməkxanası var idi. Hər gün orada nahar edirdim. Bir gün yeməkxananın işçiləri yaşlı bir həmvətənlərinə məni göstərib azərbaycanlı olduğumu dedilər. Məlum oldu ki, Ahmet Aktaş adlı həmin şəxs ali məktəb müəllimidir. Nahardan sonra xeyli söhbət etdiyimiz Aktaş Azərbaycan Prezidentinin torpaqları işğaldan azad etmək üçün apardığı mübarizəni liderin ürəyindəki Vətən sevgisi ilə əlaqələndirdi. Sonra dedi ki, belə ürək Mustafa Kamal Atatürkdə də var idi. Ancaq Atatürk Osmanlıdan qalan torpaqların bir hissəsini geri qaytarandan sonra dayandığı kimi, İlham Əliyev də məsələni tam həll etməmiş dayandı: “Böyük təəssüf hissi ilə deyirəm ki, gərək İlham Əliyev dayanmayaydı. Bundan sonra Laçını, Kəlbəcəri geri qaytara bilməyəcəksiniz”.
O zaman ... ürəyimə xal düşmüşdü. Çünki bu fikirləri Avrasiya siyasəti ilə məşğul olan ali məktəb müəllimi deyirdi. Doğrusu, inandım ki, kaş dayanmayaydıq. Sən demə, mənim kimi düşünənlər çox imiş. Cənab Prezident yanvarın 5-dəki müsahibəsində həmin mənzərəni – yəni 23 sentyabr antiterror əməliyyatından əvvəlki vəziyyəti bu şəkildə xarakterizə etdi:
“Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu”.
Bəs sonra nə oldu? Sonra bütün dünyanın qəbul etmək məcburiyyətində qaldığı Azərbaycan reallıqları yarandı. Daha sonra nələr baş verdi? Bu sualı cavablandırmaq üçün yazıçı Anarın “Dədə Qorqud” filmi üçün yazdığı ssenarinin son səhifələrini yada salmaq zərurəti var. Çoxsaylı müharibələrdən, qırğınlardan, qan-qadalardan sonra Dədə Qorqud Qaraca Çobana tövsiyə edir: “Torpağı əkməyəcəksənsə, qorumağına dəyməz, qorumayacaqsansa, əkməyinə”.
Mənim bir jurnalist kimi özümün özümə verdiyim sualı cənab Ali Baş Komandan yanvarın 5-də belə cavablandırdı: “İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.
Prezident İlham Əliyevin Yeni ilin ilk günlərində verdiyi ilk müsahibə qarşıdakı aylarda yolumuzu nurlandırdı. Böyük qayıdışın əbədi olsun, Azərbaycan! Tanrı səni dünyanın müxtəlif ərazilərini qarsan, yandırıb yaxan od-alovdan qorusun, Azərbaycan Torpağı!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

