Azərbaycanın COP uğuru Türkiyə üçün yol xəritəsidir

post-img

“Türk əsri”nin qlobal iqlim diplomatiyasında addım səsləri

Braziliyanın Belem şəhərində yekunlaşan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 30-cu sessiyası – COP30 sammiti dünya diplomatiya tarixində müstəsna əhəmiyyətə malik qərarlarla yadda qaldı. Həmin tarixi toplantının mühüm siyasi nəticələrindən biri gələcək iqlim danışıqlarının mərkəzinin Avrasiyanın qapısı sayılan Türkiyəyə keçməsi barədə əldə olunan razılaşmadır. Uzun sürən diplomatik danışıqlar, gərgin müzakirələr və strateji manevrlər nəticəsində Qərbi Avropa və Digərləri Qrupu (WEOG) daxilindəki rəqabət Türkiyənin qələbəsi ilə yekunlaşdı.

Avstraliya ilə əldə olunan kompromis variantı rəsmi Ankaranın qlobal arenadakı artan nüfuzunun, çoxtərəfli diplomatiyadakı ustalığının və Antalya şəhərinin beynəlxalq tədbirlər mərkəzi kimi təsdiqinin bariz göstəricisidir. Lakin məsələnin mühüm tərəfi Türkiyənin COP31-ə ev sahibliyi edərkən əsaslanacağı strateji resursla bağlıdır. Bu proses isə Azərbaycanın COP29 zamanı qazandığı uğurlu və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən təşkilatçılıq təcrübəsidir.

Belem şəhərində toplanan dünya liderləri, Amazon meşələrinin taleyini müzakirə etməklə kifayətlənmədilər, həm də estafetin növbəti mərhələdə kimə ötürüləcəyi barədə qızğın debatlar apardılar. COP31-ə ev sahibliyi etmək uğrunda mübarizə Türkiyə və Avstraliya arasında cərəyan edirdi. Avstraliya Sakit okean ada dövlətləri ilə birlikdə namizədliyini irəli sürərək, iqlim dəyişmələrindən ən çox əziyyət çəkən regionun səsini duyurmaq iddiasında idi. Lakin Türkiyənin təklif etdiyi model onun coğrafi mövqeyi, Aralıq dənizi hövzəsindəki iqlim çağırışlarına (quraqlıq, meşə yanğınları, su qıtlığı) diqqət çəkmək arzusu və inkişaf etmiş Şimalla Cənub arasında körpü rolunu oynamaq bacarığı seçimdə həlledici rol oynadı. Avstraliyanın kompromisə gedərək namizədliyini geri götürməsi və ya növbəti dövrlər üçün dəstək alması müqabilində Türkiyəyə yol verməsi Ankaranın diplomatik məharətidir. Nəticədə, COP31-in Türkiyənin turizm və diplomatiya paytaxtı Antalyada keçirilməsi qərarı rəsmi olaraq təsdiqləndi. Sözügedən qərar Türkiyənin "Türkiyə əsri" vizyonu çərçivəsində qarşıya qoyduğu qlobal hədəflərə çatmaq yolunda atdığı nəhəng addımdır.

Antalya seçiminin arxasında duran məntiq olduqca dərindir. Şəhər Diplomatiya Forumu kimi mötəbər platformaya ev sahibliyi etməklə qlobal siyasi müzakirələrin mərkəzinə çevrilib. Antalya iqlim dəyişmələrinin fəsadlarını – meşə yanğınlarını və temperatur artımını bilavasitə yaşayan bölgə olaraq müzakirə olunacaq mövzuların aktuallığını əyani şəkildə nümayiş etdirmək gücündədir. Lakin ən vacib məqam Türkiyənin mövcud prosesə təkbaşına yox, ən yaxın müttəfiqi Azərbaycanla birlikdə hazırlaşmaq niyyətidir. Azərbaycanın 2024-cü ildə Bakıda keçirdiyi COP29 təşkilatçılıq səviyyəsi, qəbul edilən qərarların əhatəliliyi və iştirakçı sayının rekord həddə çatması ilə yadda qalmışdır.

***

Antalyada keçiriləcək COP31 sammitinə hazırlıq prosesinin Türkiyə və Azərbaycan arasında, sadəcə, ekoloji qurumların texniki əməkdaşlığı çərçivəsində qalmadığını, məsələnin dövlətlərin ali siyasi rəhbərliyi tərəfindən strateji prioritet kimi qəbul edildiyini Bakıda baş tutan son yüksəksəviyyəli təmaslar da təsdiqləyir. Dekabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın ölkəmizdə səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü iqlim diplomatiyasının parlamentar ölçüsünün prosesə fəal şəkildə inteqrasiya olunduğunu nümayiş etdirir.

Eyni zamanda, icraedici hakimiyyət səviyyəsində verilən mesajlar Azərbaycanın COP29 irsinin Türkiyəyə transferi prosesinin konkret yol xəritəsinə malik olduğunu göstərir. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında Baş nazir Əli Əsədovun 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 sammitində Türkiyənin yüksək səviyyədə iştirakına görə təşəkkür etməsi və COP31-in ev sahibi seçilməsi münasibətilə təbriklərini çatdırması prosesin davamlılığını təmin edən siyasi varislik prinsipini əks etdirir.

Bəs dünya birliyi COP31-dən nə gözləyir və Türkiyə-Azərbaycan tandemi hansı yenilikləri təklif edə bilər? İlk növbədə, Antalya sammiti qlobal istiləşmənin 1.5 dərəcə həddində saxlanılması üçün verilən vədlərin icrasının yoxlanıldığı məqam olacaq. Belem sammitindən sonra qlobal diqqət Amazoniyadan Aralıq dənizi və Yaxın Şərq regionuna yönələcək. Türkiyə su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatının iqlimə uyğunlaşdırılması və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində öz modelini təqdim etmək imkanı qazanacaq. COP31-in Türkiyədə keçirilməsi Ankaranın Qərb və Şərq arasında balanslaşdırıcı güc kimi statusunu təsdiqləyir. Avstraliya ilə əldə olunan kompromis Türkiyənin Qərb bloku daxilində (WEOG qrupu çərçivəsində) apardığı uğurlu diplomatiyanın nəticəsidir. Eyni zamanda, Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı daxilindəki liderliyi, Antalya sammitinə Qlobal Cənubun güclü dəstəyini təmin edəcək.

Təşkilati baxımdan Azərbaycanın könüllülər hərəkatı, təhlükəsizlik protokolları, media ilə iş və logistik idarəetmə sahəsindəki təcrübəsi Türkiyə üçün əvəzolunmazdır. COP tədbirləri on minlərlə nümayəndənin, dövlət başçılarının və vətəndaş cəmiyyəti fəallarının iştirak etdiyi çətin orqanizmdir. Bakı 2024-cü ildə nümayiş etdirdi ki, hətta məhdud zaman çərçivəsində belə, yüksək standartlara cavab verən tədbir təşkil etmək mümkündür. İndi Ankara standartları daha da yüksəltmək, Antalyanın imkanlarını maksimum səfərbər etmək əzmindədir.

Antalya sammitinin gündəliyi, şübhəsiz ki, Aralıq dənizi hövzəsinin problemləri ilə zəngin olacaq. İqlim dəyişikliklərinin “qaynar nöqtəsi” hesab edilən bu region kəskin istilər və biomüxtəlifliyin itirilməsi təhlükəsi ilə üz-üzədir. Türkiyə sözügedən problemləri qlobal müzakirəyə çıxarmaqla yanaşı, şəhərsalma, dayanıqlı turizm və tullantıların idarə olunması (“Sıfır tullantı” layihəsi) sahəsindəki təşəbbüslərini də dünyaya təqdim edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən ekoloji layihələrin sinerjisi COP31 platformasında xüsusi yer tutacaq.

COP31-in Türkiyədə keçirilməsi və Azərbaycanın təcrübəsindən istifadə olunması regionumuzun qlobal siyasətdəki çəkisinin artdığını təsdiqləyən tarixi hadisədir. Artıq Cənubi Qafqaz və Kiçik Asiya regionu qlobal problemlərin həll olunduğu intellektual və diplomatik mərkəz kimi çıxış edir. Belem şəhərində verilən qərar Bakıdan başlayan iqlim marafonunun Antalyada davam edəcəyini və estafetin etibarlı əllərdə olduğunu göstərir. Ankara və Bakı iqlim dəyişmələrinə qarşı mübarizədə “vahid güc” kimi çıxış etməyə hazırdır və mövcud reallıq bütün dünya üçün ümidverici siqnaldır.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət