Sankt-Peterburq görüşü Rusiyada ermənilərin yeni reallığı qəbul etmədiyini göstərdi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində erməni icmasının üzvləri ilə görüşündə bir neçə nəfər onu tənqid edib və sonra etiraz əlaməti olaraq zaldan çıxıb. Şəhərdə fəaliyyət göstərən erməni milli-mədəni muxtariyyəti (ANCA) görüşün təfərrüatlarını açıqlayıb.
Təşkilatın məlumatına görə, onlardan Paşinyanla keçiriləcək görüşdə iştirak edəcək bir neçə nəfərin siyahısını operativ şəkildə təqdim etmələri xahiş olunub. Nəzərdə tutulan vaxtda zala təxminən 60 nəfər yığışıb. Onlardan 20-si gənclər təşkilatlarının təmsilçiləri, qalanları Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri, Sankt–Peterburqdakı baş konsulluğun əməkdaşları və Moskvadan bir neçə nəfər olub. Müqəddəs Yekaterina erməni kilsəsində keçirilən görüşdə 3 nəfər – Vahe Avetyan, Vahan Babaxanyan və Karen Mkrtçyan tənqidi çıxış edib.
Vahe Avetyan Paşinyanın idarəçilik üslubunu tənqid edib. Bildirib ki, onlar iş adamı kimi Samvel Karapetyanın üzləşdiyi aqibətdən sonra Ermənistana investisiya qoymağa risk etmirlər: “Bizi narahat edən və nəyin gözlədiyi barədə suallar verə bilmək üçün bu görüşdə iştirak etməyə dəvət olunmuşduq. Bizə nə təklif etmək üçün gəlmisiniz? Biz gəlirik, investisiya qoyuruq və əgər əlavə dəyər vergisini nağd şəkildə ödəsək, onda siz müəssisələrimizi bağlamağı əmr edəcəksiniz? Deyəcəksiniz ki, indi buna görə həbs olunmalısınız! Deyirsiniz ki, Samvel Karapetyanın iş üslubu cinayətdir, amma sizin tamamilə xaos olan tərziniz qanunidirmi? Arxiyepiskoplar dövlətin maraqları üçün təhlükəli hesab olunurlar, amma müəssisələri bağlamaq və müsadirə etmək barədə qanunsuz əmrləriniz məqbuldurmu? Küçədə toplaşan insanlar da eyni sualı vermək istəyirlər. Hamı başa düşür ki, bu addımlar, sadəcə, “parçala və hökm sür” düsturuna əsaslanır. Siz, hətta bazar liturgiyasında da iştirak etməmisiniz. Sizi Nijni Taprdakı liturgiyada iştirak etməyə dəvət edirik. Biz bu cür manipulyasiyalarda iştirak etməyəcəyik və bölünməyə qarşı öz yolumuzla mübarizə aparacağıq. Məni və küçədə toplaşan bütün insanları “öz yolumuz”a görə həbs edə bilərsiniz”.
Vahan Babaxanyan Paşinyana hələ 2018-ci ilin iyun və avqust aylarında iki dəfə ümumerməni məsələləri ilə bağlı məktub yazdığını, amma laqeydlik gördüyünü bildirib: “İkinci məsələ sizin Alma–Ata Bəyannaməsini tez-tez təkrarlamağınızla bağlıdır. Həmin bəyannamənin “Artsax”la heç bir əlaqəsi yoxdur. “Artsax” referendum keçirdi və Alma-Atadakı görüşdən əvvəl qısa bəyannamə ilə konstitusiyaya uyğun olaraq Azərbaycan SSR-dən ayrıldı. Orada sərhədlər açıq şəkildə qeyd olunmayıb.
Əgər Alma-Ata görüşü zamanı sərhədlər nəzərdə tutulurdusa, deməli, onlar görüş zamanı mövcud olan sərhədlər idi və “Artsax” o vaxt Azərbaycan SSR-in tərkibində deyildi. Bu bəyannamə sizin tərəfinizdən birbaşa manipulyasiyadır, çünki ermənilərin 95 faizi onu oxumayıb və sizə inanmayıb, amma bu, yalandır. Bir çox tarixçi, politoloq və alim bu barədə onlarla dəfə danışıb və yazıb. Amma siz xalqı aldatmağa davam edirsiniz”.
Erməni milli-mədəni muxtariyyəti şurasının sədri Karen Mkrtçyan iclasda iştirak edən sonuncu natiq olub. O, bütün ermənilərin katolikosu II Qareginin doğma qardaşı, Erməni Apostol Kilsəsinin Rusiya və Novo-Naxçıvan yeparxiyasının rəhbəri arxiyepiskop Yezrası (dünyəvi adı Mkrtiç Nersisyan–S.N.) tərifləyib. Deyib ki, onlar ata Yezrasın sayəsində erməni icmasının dirçəldiyi bir şəhərdədirlər:
“O vaxtdan onun erməni xalqının, erməni kilsəsinin və icmasının rifahı naminə gördüyü fədakar işlərin şahidi olmuşam. Əminəm ki, son 30-40 ildə Rusiyada arxiyepiskop Yezrasdan daha çox xalqımız üçün işlər görən erməni olmayıb və olmayacaq. Onun indi xalq düşməni olduğuna necə inana bilərəm? Mən buna inanmıram. 1990-cı ildə mən arximandrit, indi yepiskop olan Mikael tərəfindən vəftiz olunmuşam. O, 35 ildir ki, mənə doğma adamdır. Onun da xalq düşməni olduğuna necə inana bilərəm? Mən buna inanmıram. Mən 25 ildən çoxdur ki, yepiskop Baqratla dostam. Yeri gəlmişkən, cənab baş nazir, 2018-ci ildə Baqrat sizin hakimiyyətə gəlməyinizi alqışladı və üstəlik, evimdə oturarkən mənə dostcasına dedi: “Yaxşı, mənim rusiyapərəst qardaşım, bizi rahat buraxın və həyatımızı yaşayaq”. Yeri gəlmişkən, mən heç vaxt rusiyapərəst yönümümü gizlətməmişəm və utanmamışam və indi də bu barədə açıq danışıram. Bəs onun da xalq düşməninə çevrildiyinə necə inana bilərəm? Mən buna inanmıram”.
Bu fikirləri səsləndirdikdən sonra hər üç şəxs görüş zalını tərk ediblər. Maraqlıdır ki, Paşinyanın onlara hansı cavabı verdiyi açıqlanmayıb. Təşkilat Paşinyanın görüş zamanı çoxlu düşündürücü suallar aldığını və səslənən tənqidləri nəzərə alacağını bildirdiyini açıqlayıb.
***
Qeyd etmək lazımdır ki, Paşinyanın erməni icması ilə görüşü, əslində, bir diaspor tədbiri deyil, Ermənistan cəmiyyətində və xüsusən də xaricdəki erməni çevrələrində formalaşmış dərin siyasi-psixoloji parçalanmanın növbəti təzahürü kimi diqqət çəkir. Görüş zamanı səslənən çıxışlar ilk baxışdan “narazı vətəndaş mövqeyi” təsiri bağışlasa da, məzmununa diqqət yetirildikdə, burada rasional siyasi tənqiddən daha çox emosional, ideoloji və keçmişə bağlı düşüncə tərzinin üstünlük təşkil etdiyi aydın görünür. Vahe Avetyanın çıxışı bunun bariz nümunəsidir. O, Paşinyanı investisiya mühitini dağıtmaqda, xaos yaratmaqda və iş adamlarını qorxutmaqda ittiham edir. Lakin Avetyanın arqumentləri konkret hüquqi faktlara deyil, ehtimallara və şəxsi qorxulara söykənir. Samvel Karapetyan nümunəsi isə məqsədli şəkildə kontekstdən çıxarılır. Avetyan Ermənistanda oliqarx-kapital münasibətlərinin onilliklər boyu dövlət institutlarını iflic etdiyini, iqtisadiyyatın bir neçə ailənin nəzarətində saxlanıldığını nədənsə “unudur”. Vaxtilə mövcud olan vergidənyayınma, qanunsuz üstünlüklər və siyasi himayə sistemi investisiya mədəniyyəti kimi təqdim olunur. Əslində isə Paşinyanın tənqid edilən addımları məhz köhnə sxemlərin dağıdılmasına yönəlib. Avetyanın “bizi həbs edin” fikri isə arqument yox, emosional şantaj təsiri bağışlayır.
Vahan Babaxanyanın Alma–Ata Bəyannaməsi ilə bağlı iradları da daha çox ideoloji mövqenin müdafiəsidir. O, bu məsələdə hüquqi reallıqları deyil, 1990-cı illərin siyasi mifologiyasını əsas götürür. Referendum arqumenti beynəlxalq hüquq baxımından mübahisəli olmaqla yanaşı, Ermənistanın bu gün üzləşdiyi regional və geosiyasi reallıqlarla uzlaşmır. Babaxanyanın iddia etdiyi kimi, erməni cəmiyyətinin “95 faizinin aldadılması” tezisi nə sosioloji araşdırmalara, nə də real siyasi proseslərə söykənir. Bu, daha çox Paşinyanın apardığı çətin, amma qaçılmaz normallaşma xəttini gözdən salmağa hesablanmış populist yanaşmadır.
Karen Mkrtçyanın çıxışı isə siyasi diskussiyadan çox, açıq şəkildə kilsə-diaspor ittifaqının müdafiəsinə çevrilir. Onun arxiyepiskop Yezrası və digər ruhaniləri qorumağa çalışması kilsənin toxunulmaz statusunu şübhə altına qoymamaq cəhdidir. Halbuki məsələ şəxslərin kimliyi yox, onların siyasi proseslərdə oynadığı roldur. “Rusiyapərəstlik” etirafı isə Ermənistanın suveren siyasi kursu ilə diaspor düşüncəsi arasındakı dərin ziddiyyəti açıq şəkildə üzə çıxarır.
Nəticə etibarilə, Sankt–Peterburq görüşündə səslənən tənqidlər Paşinyanın siyasətinə alternativ konsepsiya təqdim etmir. Bu çıxışlar daha çox keçmişin qorunması, itirilmiş imtiyazların bərpası və emosional narazılığın ifadəsidir. Ermənistan isə artıq romantik şüarlar və diaspordan verilən ultimatumlarla deyil, sərt reallıqlar və məsuliyyətli qərarlarla yaşamaq məcburiyyətindədir. Bu baxımdan, zaldan çıxanlar, əslində, Paşinyanı yox, dəyişən dövrün tələblərini qəbul etmək istəmədiklərini nümayiş etdirmiş oldular.
S.NAZİMOĞLU
XQ

