Prezident İlham Əliyevin “Xəzərin geosiyasəti” konsepti

post-img

III MƏQALƏ

Milli təhlükəsizlik: qlobal miqyas fonunda

Azərbaycan Prezidentinin konseptində milli maraqların təmin edilməsi bağlılığında milli təhlükəsizlik məsələsinin ciddi elmi əsası mövcuddur. “Azərbaycanın Xəzər nefti” əsərində irəli sürülən nəzəri müddəalardan onu belə dərk etmək olar: geosiyasətin tarixi nüvəsini coğrafiya təşkil edir. Bu keyfiyyətdə coğrafiya, tədqiqatın təməlinə Yer kürəsinin məkan özəllikləri ilə dünya güc sahələrinin arasındakı balans və ya əməkdaşlıq xüsusiyyətlərinin birbaşa və əks əlaqələrinin öyrənilməsini yerləşdirir. Bu zaman geosiyasətin metodoloji nüvəsini ümumplanetar miqyasda “modelləşdirmə” təşkil edir. Eyni zamanda, bu yanaşmanın tərkibində regional kontekst də araşdırılır. Deməli, Prezident İlham Əliyevin konseptində nəzəri-konseptual tədqiqat ümumidən xüsusiyə, tamdan hissəyə istiqamətlənmiş idraki proses kimi qəbul edilmişdir.

Xəzər regionu üçün belə yanaşma çox səmərəlidir və strateji aspektdə perspektivlidir. Çünki bununla, faktiki olaraq, ümumi geosiyasi təlim səviyyəsində Xəzərin geosiyasətinin əsaslı nəzəri çərçivəsi dəqiq müəyyən edilir. Burada ümumi idraki dərketmə “trayektoriyası”, daha doğrusu, “kreativ idraki zonası” aşağıdakı kimi təsəvvür edilə bilər.

Xəzəryanı regionun geosiyasi xüsusiyyətlərinin milli maraqlar və milli təhlükəsizlik kontekstində adekvat nəzəri dərki ümumplanetar səviyyədə “konseptual modelləşdirmə” fonunda regional coğrafi, siyasi, tarixi, ekoloji və geosiyasi faktorlara kompleks yanaşma əsasında faydalı olur. Burada nəzəri yanaşma çərçivəsində ümumi ilə xüsusinin vəhdəti ön sıraya çıxarılır. Məsələn, dövlətlərarası münaqişələr və ya ərazi mübahisələri vurğulanan faktorlar kompleksini nəzərə alaraq həll edilə bilər.

Əsərdə bu cür yanaşmanın perspektivini çoxlu sayda müddəalar ifadə edir. Onlardan iki ümumi xarakterli məqamı vurğulamaq olar.

Birincisi, hər hansı regiona bütövlükdə sivilizasiya növlərinin müqayisəsi fonunda baxmaq imkanı meydana gəlir. Azərbaycan Prezidenti əsərində dəniz və kontinental sivilizasiyaları ümumi səviyyədə həmin kontekstdə yığcam təqdim edir. Dəniz sivilizasiyası haqqında dövlət başçısının əsas müddəalarını II məqalədə ifadə etmişik. Kontinental sivilizasiya xalqları statik, konservativ, seyrçi kimi formalaşdırır və bununla dəniz sivilizasiyası xalqlarından fərqləndirir. Dəniz sivilizasiyası xalqları əsasən Qərb yarımkürəsində Atlantik okeanı hövəsində yaşayırlar. Kontinental ölkələr isə əsasən Şərqdə, Avrasiyada məskunlaşanlardır. Buradan atlantizm və avrasiyaçılıq arasındakı münasibətlərin dünya tarixi və siyasətinin bütün əsas istiqamətlərini müəyyən etdiyi nəticəsini çıxarmaq olar.

Beləliklə, çox maraqlı nəzəri qənaət alınır: Azərbaycan Prezidenti Xəzərin geosiyasətinə dünyanın iki əsas sivilizasiya növlərinin tarixi və siyasi münasibətlərinin xüsusiyyətləri fonunda yanaşır. Həmin ümumi nəzəri yanaşma səviyyəsində əsaslı məntiqi üsulla Xəzərin region kimi geosiyasəti məsələsinə konseptual keçid edir.

Bu məqamda Xəzərin geosiyasəti konsepti üçün əhəmiyyəti çox olan bir rasional xüsusiyyəti vurğulamaq zəruridir. Biz əsərdə ayrıca konseptual rolu olan “dövləti və milli maraqların ortaq məna sahəsi”ndə milli təhlükəsizliyin təminini nəzərdə tuturuq. Artıq bu miqyasda milli təhlükəsizlik dövlətin, xalqın, cəmiyyətin və vətəndaşın təhlükəsiz birgəyaşamaq imkanlarının sistemi kimi təsəvvür edilməlidir. Yəni ölkə miqyasında fərd, cəmiyyət və dövlətin kompleks mövcudolma (ekzistensial varoluş) şərtlərinin müəyyən edilməsi aktuallaşdırılır. Eyni zamanda, buradan region miqyasında dövlətlərarası münasibətlərin əsas xüsusiyyətlərinə və oradan da qlobal səviyyədə Xəzərin geosiyasətinin müxtəlif komponentlərinin tədqiqinə keçid etmək mümkündür.

Prezident İlham Əliyevin tədqiq etdiyi əsərdə Xəzər məsələsinə bu cür əsaslı ümumi nəzəri-konseptual yanaşması özlüyündə konseptin ikinci tərkib hissəsini tədqiqatın ön sırasına çıxarır. II məqalədə vurğulandığı kimi, bu, Xəzərin siyasi tarixidir. Həmin konktekstdə müəllifin yüksək nəzəri səviyyədə çox maraqlı tədqiqatının şahidi oluruq.

Xəzərin siyasi tarixi: Azərbaycan konteksti

Tarixi mənbələrdə Xəzərin 10 milyon il əvvəl formalaşmağa başladığı göstərilir. Təqribən 500 min il əvvəl Sarmat dənizi parçalanmış və ondan ayrıca Xəzər hövzəsi yaranmışdır. Başqa rəqəmlər də ola bilər. Lakin bizim üçün əsas olanı Xəzərin bir hövzə və dəniz kimi çox qədim tarixə malik olmasıdır. Bu o deməkdir ki, geosiyasətdə Xəzər coğrafi ərazi kimi (hövzədə: su+quru əraziləri) ciddi əhəmiyyət kəsb edir. Çünki bəşər tarixi göstərir ki, hər hansı geniş ərazinin formalaşma xüsusiyyətləri orada məskunlaşan xalqların yaşam fəlsəfəsinə, həyat tərzinə, məşğulluğuna və bütövlükdə mədəniyyətinə ciddi təsir edir. Azərbaycan Prezidentinin əsərində də bu mövqe hiss edilir. Həmin kontekstdə Xəzərin tarixinə nəzər salınaraq əsərdə Xəzər regionunun siyasi tarixinin beş dövrü müəyyən edilir – antik, orta əsr, XVIII-XIX əsrlər, XX əsr və müasir dövr.

Antik dövr (miladdan öncə IV əsrdən miladın II əsrinə qədər) Xəzərdə qarşıdakı çoxəsrlik rəqabətin öntarixi kimi təqdim edilir. Həmin dövrün müəllifləri dağınıq da olsa, Xəzər dənizi haqqında məlumatlar veriblər. Miladdan öncə IX-VIII əsrlərdə Xəzər “Günəşin doğulduğu Böyük dəniz” kimi təsvir edilmişdir. Homer də Xəzər haqqında informasiya vermişdir. Qədim yunan coğrafiyaçıları Ön Asiya-Xəzəryanı əraziyə strateji yolun mövcudluğundan bəhs etmişlər. Yəni antik dövrdə artıq Xəzər kommunikasiya aspektində strateji əhəmiyyəti olan ərazi kimi qəbul edilməyə başlamışdı. Lakin əsərdə göstərildiyi kimi, onların təsəvvürü dağınıq və qeyri-dəqiq idi.

Əsərdə yazılır ki, Orta Əsr dövründə Xəzərlə bağlı zəngin hərbi-siyasi proseslər baş vermişdir. Burada artıq rəqabət aparan güclərin mübarizəsinin əlamətləri özünü göstərir. Rəqabət əsasən Şərqdən Qərbə və əksinə olan istiqamətlərdə ana ticarət yolları uğrunda aparılmışdır. Çin, Hindistan və Mərkəzi Asiyadan başlayan yollar Xəzər regionunda Avropadan olan yollarla kəsişmişdir. Böyük İpək Yoluna daxil olan Xəzəryanı Yol həmin dönəmdən mühüm hərbi-strateji və iqtisadi anlam kəsb etməyə başlamışdır.

Bununla Xəzəryanı regionun geniş bir geosiyasi məkanda müxtəlif istiqamətlərdə özəl statusu konkret məzmun almağa başlamışdır. Belə görünür ki, burada Xəzəryanı regionun təbii bioloji resursları və nəqliyyat məsələləri əsas yer tutmağa başlamışdır. O baxımdan əsərdə Abşeron neftinin tarixinə geniş yer verilməsi çox əhəmiyyətlidir.

Əsərdə göstərilir ki, artıq X əsrdə Azərbaycan neftinin ilk ixracı mövcud olmuşdur. Həmin dönəmdə 10-12 metr dərinliyində quyular qazılmışdır. X əsrdə Məsudi yazırdı ki, Bakıda ağ neft mənbələri vardır ki, dünyanın başqa yerində ona rast gəlinmir. Bura gəmilər üzüb gəlirlər. Bundan 3 əsr sonra başqa müəllif Abşeronda böyük neft qaynağının olduğundan yazmışdır. Hətta gecə-gündüz yer üstünə yanan neftin fontan vurduğundan bəhs etmişlər. Avropalı səyyah Marko Polo XIII əsrdə Bakı və onun nefti barədə bəhs etmişdir. XVI əsrdə İ.Barbaro Bakıda neftdən məişətdə geniş istifadə edildiyini vurğulamışdır.

XIII əsrin sonundan başlayaraq Xəzər dənizi vasitəsilə beynəlxalq ticarət böyük əhəmiyyət kəsb etmişdi. Qərbi Avropada həmin dönəmdə Xəzər dənizi haqqında kifayət qədər məlumat toplanmışdı. XV əsrdə Bakı dəniz limanı kimi geniş şöhrət qazanmışdı. Artıq XV əsrin ortalarında Xəzər regionu Asiya–Avropa xəttində beynəlxalq ticarətdə açar rolunu oynamağa başlamışdı. Onun Aralıq dənizi, Qara dəniz, Uzaq Şərq, Fars Körfəzi miqyasında kommunikativ funksiyası mövcud idi. XVI əsrdən Bakı limanından dünya bazarlarına neft, duz, ipək və zəfəran daşınırdı.

XV əsrdə Osmanlı və Səfəvinin mövcudluğu Xəzəri böyük dövlətlərin rəqabəti məkanına çevirmişdir. Avropa, Rusiya və regionun böyük gücləri arasında uzun müddət davam edən amansız mübarizə belə başlamışdır. Bununla Xəzər regionu həm də dünya siyasətinə vacib geosiyasi faktor kimi daxil olmuşdur. Belə bir gedişat, təbii ki, Xəzərin sonrakı tarixi mərhələlərdə geosiyasi xüsusiyyətlərinin formalaşmasına ciddi təsir etmişdir. O cümlədən, XVI əsrdə Rusiya Kazan və Həştərxanı zəbt etməklə Xəzərdə yeni bir güclü oyunçuya çevrilmişdir.

1684-cü ildə isə E.Kempfer yazırdı ki, biz artıq Abşeronun üçüncü özəlliyi kimi neft mənbəyi olmasının şahidi olduq!

Əsərdə bundan sonra XVIII-XIX əsrlərdə Xəzərlə bağlı baş verən tarixi siyasi hadisələrin maraqlı təsviri verilir. Orada yazılır ki, XVIII əsrin əvvəllərində Xəzər regionu və xüsusilə Azərbaycan Yaxın və Orta Şərqdə geosiyasi rəqabət meydanına çevrilmişdi. Əsas aktorlar isə Türkiyə, İran, Rusiya, İngiltərə və Fransa idi. Həmin dönəmdən region uğrunda güzşəştsiz mübarizə ənənə halını aldı. Böyük imperialist dairələr Xəzəryanı regionunda üstünlük əldə etmək üçün bütün vasitələrə əl atdılar.

Ağır müharibələr, təxribatlar, demoqrafik dəyişmələr, hərbi təzyiqlər və digər üsullarla Xəzəryanı region aramsız olaraq dünya siyasətinin gündəmində xüsusi yer tutdu. Bununla da tarixi baxımdan əhəmiyyəti böyük olan proses baş verdi: Xəzər həm ərazi, həm də təbii resurslar kontekstində dünya siyasətində mühüm rol oynamağa başladı. Onun geosiyasətinin mərkəzi faktorunu bu xüsusiyyət təşkil etdi. Yəni təəssüf ki, Xəzərə kənar böyük qüvvələr öz maraqlarını nəyin bahasına olursa-olsun təmin etmək məntiqi ilə yanaşdılar və bu zəngin məkanı ixtilaf yerinə çevirdilər.

Bu səbəbdən Xəzəryanı region yerli xalqların və ölkələrin iradəsindən asılı olmayaraq geosiyasi çəkişmə meydanı oldu. Bu, 2020-ci ilin payızına qədər belə davam etdi.

Lakin XIX əsrin ikinci yarısından Xəzər məsələsinin geosiyasi konteksti dünya üçün daha da aktuallaşmışdır. Bu baxımdan Bakıya neft emalı zavodu olan “Fium”un rəhbərlərinin – Leyn və Makendruinin dəvət olunması haqqında çox yazılır. Onlar Bakı neftinin ixracı məsələsinə ciddi fikir verdilər. Həmin dönəmdə bir-birinin ardınca Qərb neft maqnatları Cənubi Qafqaza axın etdilər. Rotşild, Nobel qardaşları, Uollis qardaşları, A.Styüard onların yalnız bir qismidir. XIX əsrin sonuna artıq bir neçə istiqamətdən Azərbaycan neftinin dünya bazarlarına müxtəlif yollarla çıxarılması intensivləşdi. Yeni texnologiyaların tətbiqi ilə bu, getdikcə daha da genişləndi və daha da gəlirli oldu. Azərbaycan nefti sayəsində yadlar milyonçu oldular. Dünyanın zənginləri kimi Xəzər regionu üzərində hegemonluq iddiaları və iştahları artdı.

Buna baxmayaraq, az sayda olsa da, azərbaycanlı zənginlər də meydana gəldi. Məsələn, H.Z.Tağıyev, M.Nağıyev. Ş.Əsədullayev, M.Muxtarov və başqaları.

Əsərdə XX əsr boyu və XXI əsrin əvəllərində Xəzəryanı regionunun siyasi tarixində baş verən proseslər öncəki dönəmlərin xüsusiyyətləri kontekstində çox dolğun təqdim edilmişdir. Azərbaycan Prezidenti XX əsrdə SSRİ-nin tərkibində olarkən Azərbaycanda neftin istehsalı, istismarı və daşınmasının ümumi xarakteristikasını tam adekvat təqdim etmişdir.

Prosesin müstəqillik mərhələsi isə ayrıca əhəmiyyəti olan dönəmdir. Faktiki olaraq, keçən əsrin 90-cı illərindən Xəzəryanı regionun, ilk növbədə, Azərbaycanın qlobal geosiyasətdə yeri və rolunun yeniləşməsində enerji daşıyıcılarının aparıcılığı əsərdə dərindən və adekvat əsaslandırılır. Bununla da Xəzəryanı regionun siyasi tarixində yeni bir mərhələ başlamış olur. Həmin mərhələnin xüsusiyyətləri prizmasında Azərbaycan Prezidentinin Xəzərin geosiyasətinin konseptini formalaşdırarkən hansı səbəbdən siyasi tarix aspektinə ciddi önəm verdiyi aydınlaşır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət