Qalır İrəvan ...və Moskva
“3+3” regional məşvərət formatı. 44 günlük müharibədən sonra Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə yaradılan bu format İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin Bakıya səfəri zamanı da müzakirə mövzusuna çevrildi.
A.Əraqçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi təkbətək görüşdə beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılarkən, Azərbaycan və İran arasında BMT, UNESCO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, o cümlədən “3+3” çərçivəsindəki qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirildi.
Nazir C.Bayramov iranlı həmkarı ilə birgə mətbuat konfransında da “3+3”ün üzərinə gəldi və təfərrüatları açıqladı. Bu, o demək idi ki, Bakı regional əməkdaşlığın mövcud formatında maraqlıdır. Daha doğrusu, marağını davam etdirir. Amma eyni maraq Ermənistanda da olmalıdır. Belə ki, ölkəmizin XİN rəhbərinin sözlərinə görə, rəsmi Bakı “3+3” regional məşvərət formatının növbəti toplantısının əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsini təklif edib: “Bu formatda artıq üç görüş keçirilib - Rusiyada, İranda və 2024-cü ildə Türkiyədə. Türkiyədə keçirilən görüşün sonunda Azərbaycan tərəfi növbəti toplantının Azərbaycanda keçirilməsini təklif etdi. Biz həmçinin bildirdik ki, Azərbaycandakı görüşdən sonra növbəti toplantının Ermənistanda keçirilməsinə razılıq verərik. Təəssüf ki, həmin vaxt razılıq əldə edilmədi. Çünki Ermənistan bu ardıcıllığı qəbul etmədi”, - deyən C.Bayramov hazırda mühitin fərqli olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri artıq bir-birilərinin ərazilərində reallaşan görüşlərə qatılırlar.
Nazir C.Bayramovun fikrincə, bunu və digər amilləri nəzərə alaraq, Ermənistanın etirazı üçün heç bir səbəb görmür və ölkəmizin təklifi qüvvədə qalır. İranın Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafını dəstəklədiyini deyən Abbas Əraqçi isə vurğulayıb ki, Tehran, həmçinin, “3+3” regional məşvərət formatının əvvəl Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə Bakının mövqeyi ilə həmrəydir.
Bəli, Azərbaycan və Ermənistan arasında 2024-cü ildəki vəziyyət yoxdur. Məlum olduğu kimi, ölkələr sülh müqaviləsinin mətnini paraflayıblar və regional barış üçün səylər göstərirlər. O da artıq tam məlumdur ki, İran bu səyləri dəstəkləyir. Azərbaycan tərəfi isə bütün təfərrüatların aydın olması üçün öz Cənub qonşusunu məlumatlandıraraq səmimi mövqe tutmaqdadır. Bunu A.Əraqçinin ölkəmizin Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü də təsdiqlədi. Nəzərə alaq ki, Ş.Mustafayev Ermənistanla sərhədlərin demarkasiyası və bir sıra regional məsələlərin detalları ilə bilavasitə məşğul olan şəxs statusundadır...
Beləliklə, Azərbaycan regional gündəliklə bağlı mövzularda kifayət qədər həssas və şəffafdır. “3+3” isə “region region ölkələri üçündür” kazusunu rəhbər tutmaqdadır. Hesab edirik ki, Azərbaycanın və Türkiyənin mövqeyi bu kazusa əsaslanır. Qalır Rusiya və Ermənistan. Əlbəttə, demək istəmirik ki, Ermənistan mövcud istiqamətdə hansısa fərqli yöntəmə üstünlük verir. Rəsmi İrəvanın illər ərzində kənar oyunçuların xidmətindən istifadənin səmərəsizliyini yetərincə dərk etdiyi qənaətindəyik.
Moskva da Tehran, Bakı və Ankara kimi “xariciləri regiona buraxmamağın” tərəfdarıdır. Ancaq nəzərə alaq ki, TRIPP marşrutu kontekstində regional kommunikasiyaların açılması məsələsində kənar oyunçuların bölgədə hökmranlıq məntiqinin olmadığı hər kəs tərəfindən qəbul edilir. Hərçənd, Rusiya bu qəbuletmə mənasında istisnadır.
Bir çox ekspertlərin fikrincə, ölkə son zamanlar “3+3” formatı ilə bağlı diskussiyaları Cənubi Qafqaz müstəvisindəki yeni reallıqları şübhələndirmək üçün aparır. Ölkənin bu format çərçivəsində özünü əsas regional tənzimləyici qismində göstərmək niyyəti güddüyü də siyasi təhlilçilərin diqqətindən yayınmır.
Əlbəttə, Rusiyada yaxşı anlayırlar ki, “3+3”ə fərqli yöntəm gətirmək cəhdləri regional kommunikasiyaların açılmasının tərəfdarı olan beynəlxalq aləmdə qıcıq doğuracaq. Bu qıcığın isə sonda etimadsızlıq yaratma ehtimalı var. Moskvanın istədiyi də budur ki, Azərbaycana və Ermənistana inam olmasın. Hər iki ölkə Rusiyanın peyki qismində təqdim olunsun.
Hər halda, Azərbaycanda durumu bilir və dərk edirlər. Rəsmi Bakı özünə əmindir, prinsiplərinə sadiqdir və buna görə “3+3”ün fəlsəfəsini qorumaqda israrlı olduğunu göstərir. Bu israrlılığın nəticəsidir ki, C.Bayramov format çərçivəsindəki toplantının Azərbaycanda təşkili ilə bağlı heç bir problemin olmadığını vurğulayır. Amma gərək Ermənistan da özünə əmin olsun. Başqa sözlə desək, erməni hakim dairələri Kremlin “3+3”ü hansısa siyasi deformasiyaya məruz qoya biləcəyi təhlükəsindən çəkinməsinlər.
Bəs nəyə görə, Rusiyanın “3+3”lə bağlı fərqli kursa üstünlük verəcəyinə dair şübhələr var? Suala cavab vermək üçün iki məqamın üzərində dayanaq. Birinci məqam psixoloji səciyyə daşıyır. Diqqət yetirək, son vaxtlar Rusiya rəsmiləri mütəmadi olaraq “3+3”ün üzərində dayanır və bu format çərçivəsində növbəti toplantının Bakıda və ya İrəvanda təşkilinin qərarlaşdırıldığını vurğulayırlar. Özü də bu vurğulanma, bir növ, Azərbaycanın və Ermənistanın öhdəliyi yerinə yetirməsinin vacibliyi şəklindədir. Nəticə hasil olur ki, Kreml öhdəliyi yerinə yetirməyən tərəf müəyyənləşdirməyə girişib. Halbuki belə yanaşma düzgün deyil. Ən azından etimad mühitinə ziddir.
İkincisi, Rusiya rəsmilərinin açıqlamalarından gəlinən qənaət budur ki, Moskva hazırda “3+3”ü regionla bağlı ziddiyyətlərin aradan qaldırılması platforması kimi təsəvvürə gətirir. Kənar oyunçuların regiona buraxılmamasının vacibliyi məntiqi də öz yerində. Vurğuladıq ki, TRIPP marşrutunun timsalında regional kommunikasiyaların blokdan çıxarılması məsələsi heç də həmin kənar oyunçuların bölgənin daxili işlərinə qarışması anlamı verə bilməz.
Rusiya bunu görməzdən gələcəksə və öz gündəliyini diktə etməyə çalışacaqsa, deməli, ümumi mənafelərə qarşı çıxmağa cəhd göstərəcək. O mənafelər ki, Türkiyə və İran kimi digər böyük regional güclər tərəfindən təsdiqlənir və Əraqçinin Bakı səfərinin bu baxımdan müstəsna rol oynadığını vurğulaya bilərik.
Digər əlahiddə məqam odur ki, “3+3” yaradılanda Rusiya ona indiki kimi regional ziddiyyətlərin, yəni Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli platforması kimi yanaşmırdı. Moskvada hesab edirdilər ki, münaqişə bilavasitə Kremlin, belə demək mümkünsə, inhisarındadır. Nəzərə alaq ki, həmin vaxt Qarabağda artıq canını tapşırmış separatçı rejim mövcud idi və rus sülhməramlıları özlərini, az qala, həmin rejimin hamisi qismində aparırdılar.
Bəli, nəticə etibarilə Rusiyanın mövqeyi Cənubi Qafqazda dondurulmuş münaqişə məntiqinin saxlanılmasına yönəlmişdi. Halbuki ölkə bu siyasi coğrafiyada mövcudluğunu klassik jandarmeriya funksiyası ilə saxlamağa ümid bəsləməməli idi. Bəslədiyi üçün hazırda onun “3+3”ü, bir növ, aktivləşdirmək çağırışının arxasında səmimi çalarların olduğu barədə yekdil rəy yoxdur.
Hər halda, Ermənistanın Rusiyanın səmimiyyətinə inanmadığı aşkardır. Ona görə də İrəvan Moskvanı regiona buraxmamaqda israrlıdır. Ancaq haşiyə çıxaq ki, bu durum heç də Ermənistanın tamamilə Şimaldan üz döndərdiyi anlamı verə bilməz. Ölkə Rusiya ilə əməkdaşlığın iqtisadi paradiqmasında maraqlıdır və bu baxımdan onun Kremlin hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqından qopmamaq niyyətlərini ortaya qoyması vurğulanmalıdır.
Sonda ümumiləşdirmə apararaq bir daha deyək ki, Azərbaycan “3+3” regional məşvərət formatı ilə bağlı mövqeyini açıqlamaqla, prinsiplərinə sadiqliyini bir daha göstərdi. Bunun İranın XİN rəhbərinin Bakıya səfəri zamanı diqqətə çatdırılmasının məxsusiliyi var. Yəni Tehran əmin olmalıdır ki, regional gündəmin hazırkı siyasi konfiqurasiyasına zidd hansısa fəaliyyət gerçəkləşə bilməz. Başqa sözlə desək, region “3+3”ün fəlsəfəsində vurğulandığı kimi, yenə də region ölkələri üçündür. Qalır Ermənistanın məsələyə münasibəti, bir də çox güman İranın Rusiyanı inandırması, yaxud razı salması.
Onu da nəzərə alaq ki, Rusiyanın razılaşması həm də Moskvanın TRIPP marşrutu gündəmi ilə regional kommunikasiyaların açılması məntiqindən faydalanması deməkdir. Əlbəttə ki, söhbət bərabər şərtlərlə faydalanmaqdan gedir. Deməli, Rusiyanın sözügedən bərabərliyi qəbul edib-etməməsi də önəmlidir. Qəbul edə də bilər, etməyib 2026-cı ildə Ermənistanda parlament seçkilərinin nəticələrinə ümid bəsləyə də. Axı Ermənistandakı hakimiyyət dəyişikliyi ruspərəstlərin hakimiyyətə yiyələnmələri anlamı verəcək. Şübhəsiz, elə bir hal yaşanacağı təqdirdə, rəsmi İrəvan indiki kimi konstruktiv davranmayacaq.
Ə.CAHANGİROĞLU
XQ

