Türk dövlətləri “kiber qalxan” çətiri altında

post-img

TDT-nin yeni “rəqəmsal təhlükəsizlik bloku” formalaşdırılır

XXI əsrdə dövlətlər artıq yalnız ənənəvi hərbi təhdidlərlə qarşılaşmır. Rəqəmsallaşma dövründə kibertəhlükələr milli təhlükəsizlik, suverenlik, iqtisadi sabitlik və sosial birliyin əsas elementi halına gəlib. İnformasiya müharibələri, casusluq, dezinformasiya, təchizat zənciri hücumları və transmilli haker hücumlarına qədər risk mənzərəsi çoxölçülüdür. Regional təşkilatlar üçün siyasətin koordinasiyası, kəşfiyyat mübadiləsi, insidentlərə cavab, standartlaşdırma və hüquqi çərçivələrin uyğunlaşdırılması üzrə birgə mexanizmlərə ehtiyac kəskin şəkildə artıb. Xüsusilə ortaq tarixə, dilə və strateji maraqlara malik dövlətlər üçün əməkdaşlıq həm xərcləri azaltmağa, həm də kiber gücü artırmağa kömək edə bilər. Yeni dünya düzəninə qədəm qoyduğumuz vaxt türk dövlətlərinin kibertəhlükəsizlik qalxanı altında birləşməsi vacibdir.

Məhz bu qlobal kontekstdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının XII Zirvə toplantısında təşkilat daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib. Bu, kibertəhlükələrin müasir münaqişələrin əsas elementi olduğunu qəbul etməklə yanaşı, türk dövlətləri arasında daha sıx koordinasiyaya yönələn strateji addım olacaq. Ölkəmizin qarşılaşdığı kiberhücumlara nümunə kimi, çox da uzağa deyil, bu ilin fevralına nəzər salmaq kifayətdir. Fevralın 20-də nüfuzlu media şirkəti “Global Media Group” hədəf alınaraq kiberhücumla üzləşmişdi. Analitiklər bu hücumun arxasında müxtəlif siyasi motivlərin dayandığını vurğulamış, onun yalnız texniki problem kimi görünmədiyini, həm də informasiya və geosiyasi təsir vasitəsi olduğunu qeyd etmişdilər. Qlobal səviyyədə isə kibermüharibə nümunələri daha geniş miqyasda müşahidə olunur. Məsələn, İran–İsrail və ABŞ–Çin arasında gedən proksi münaqişələrdə haker hücumları strateji, siyasi və iqtisadi üstünlüklərin qazanılması üçün istifadə edilir.

* * *

TDT daxilində nəzərdə tutulan Kibertəhlükəsizlik Şurası məhz bu kimi amillər nəzərə alınaraq və mövcud milli strukturların təcrübəsinə və regional ehtiyaclara əsaslanaraq bir sıra mühüm istiqamətlərdə fəaliyyət göstərə bilər. Bu istiqamətlər həm praktiki, həm də strateji səviyyədə inteqrasiyanı dərinləşdirməyi hədəfləyir. Yeni Şura ilk növbədə üzv ölkələr arasında kibertəhlükəsizlik standartlarının, anlayışların və normativ yanaşmaların birləşdirilməsini təmin edə bilər. Hüquqi çərçivələrin yaxınlaşdırılması – xüsusən də kiber cinayətlərin tərifi, cəzalandırma mexanizmləri və məlumat mübadiləsi qaydaları üzrə koordinasiya vacib istiqamət olacaq. Bundan əlavə, “Türk regionunun kibertəhlükəsizlik strategiyası” kimi birgə strateji sənədin hazırlanması həm milli, həm də regional siyasətlərin sinxronlaşdırılmasına şərait yarada bilər.

Müasir kibertəhlükələr sürətlə dəyişir və çox zaman transmilli xarakter daşıyır. Şura bu baxımdan üzv ölkələr arasında real vaxt rejimində məlumat paylaşımı mexanizmini formalaşdıra bilər. Kiberhücumlar, boşluqlar və texniki göstəricilər barədə koordinasiyalı xəbərdarlıq sistemi regionda kollektiv müdafiə imkanlarını gücləndirər. Transmilli hücumlar zamanı birgə cavab mexanizmlərinin tətbiqi Türk dövlətləri arasında operativ sinxronizasiya yaradacaq.

Kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması və bilik mübadiləsi Şuranın əsas istiqamətlərindən biri ola bilər. Üzv ölkələr arasında təlim proqramları, mütəxəssis mübadiləsi və birgə tədris kurslarının təşkili bu sahədə səmərəli əməkdaşlığı gücləndirəcək. Sertifikatların qarşılıqlı tanınması mexanizmi peşəkarların region daxilində sərbəst fəaliyyətinə şərait yaradacaq. Bu istiqamətdə “Türk Kiber Akademiyası” tipli ortaq tədris və tədqiqat mərkəzinin yaradılması strateji əhəmiyyət daşıya bilər.

Kibertəhlükəsizlik yalnız texnoloji deyil, həm də hüquqi və diplomatik ölçüləri olan sahədir. Şura bu istiqamətdə kibercinayətlər üzrə hüquqi yardımlaşma, ekstradisiya və müştərək istintaq mexanizmlərinin formalaşdırılmasına dəstək verə bilər. Eyni zamanda, beynəlxalq platformalarda – məsələn, BMT, ITU və Avropa Şurası kimi qurumlarda Türk dövlətlərinin ortaq kiberdiplomatiya mövqeyinin gücləndirilməsi mümkün olar.

* * *

Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin artıq mövcud kibertəhlükəsizlik institutları bu təşəbbüs üçün güclü baza yaradır. Qırğızıstan və digər üzvlər də bu sahədə sürətlə inkişaf edir. Regional Şura bu potensialı birləşdirərək hüquqi uyğunluq, koordinasiya və birgə strategiya vasitəsilə sinerji yarada bilər. Uğurun açarı isə ədalətli iştirakın təmin olunması, qarşılıqlı etimadın qurulması, hüquqi harmonizasiya, davamlı maliyyələşmə və milli suverenliklə kollektiv fəaliyyət arasında tarazlığın qorunmasından asılı olacaq. Əgər bu balans düzgün qurularsa, Kibertəhlükəsizlik Şurası regionun təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevriləcək və təkcə kiberhücumlara qarşı deyil, həm də dayanıqlı inkişaf, rəqəmsal suverenlik və Türk dünyasının qlobal mövqeyinin möhkəmlənməsi istiqamətində strateji rol oynayacaq.

Bəhruz ƏLİYEV,
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti

Rəqəmsal məkanda hücumların artması, sərhədləri aşan kibertəhlükələrin yalnız bir ölkənin işi olmadığı hər zaman vurğulanan məsələlərdən biridir. Artıq TDT daxilində kibertəhlükəsizlik üzrə əməkdaşlıq sahəsində fikirlərin səslənməsi müsbət tendensiyadır. Bir ölkədə zəiflik varsa, hücum başqa ölkələrə də keçə bilər. Bu cür şura yardımı ilə zəif müdafiələr gücləndirilə bilər, beləliklə, bütün blok daha sağlam vəziyyətə gəlmiş olar. Ortaq treninq proqramları, sertifikatlaşdırma, ekspert mübadiləsi daha əlçatan olar, ölkələrin ekspert çatışmazlığı aradan qaldırıla bilər. Belə bir struktur Türk dövlətlərinin beynəlxalq səviyyədə “rəqəmsal təhlükəsiz blok” kimi tanınmasına imkan verər, xarici tərəfdaşlarla (NATO, AB, BMT) münasibətlərdə müsbət predmetlərdən biri ola bilər.

Kibertəhlükəsizlik sahəsi hazırda çox dinamikdir və bir sıra çağırışlarla üzləşir. Məsələn: Ransomware (fidye tələbi) hücumları ilə sistemlərinin şifrələnilməsi və fidyə ödənilməsinə məcbur edilməsi halı geniş yayılıb. DDoS (Distributed Denial of Service), botnetlər, APT (Advanced Persistent Threat) hücumları ölkələrin dövlət və özəl sektorlarına yönəlir. Kritik infrastruktur sistemlərinə (elektrik şəbəkələri, su təsərrüfatı, nəqliyyat, telekommunikasiya) yönəlmiş hücumların kombinasiyası genişlənir. Zərərli kod (malware), casus proqramlar, kiber casusluq, zərərli fişinq kampaniyaları kimi klassik metodlar inkişaf edir. Yeni texnologiyaların (AI, IoT, 5G/6G) tətbiqi ilə hücum vektoru daha da çoxalır. Kiberhücumların “sərhəd tanımaması” (yəni bir ölkədən digərinə keçə bilməsi) təhlükəli məqamdır. Bu, dövlətlərarası əməkdaşlığı vacib edir, çünki bir hücumun mənşəyi və ya tranzit marşrutu başqa ölkədən keçə bilər.

Dövlətlərarası etimad, aydın hüquqi çərçivə, kadr hazırlığı, təlim proqramları və ekspert mübadiləsi, infrastruktur investisiyaları (ortaq monitorinq mərkəzləri, laboratoriyalar, SOC-lar), fövqəladə hallarda sürətli reaksiya mexanizmi, davamlı yenilik və adaptasiya (yeni texnologiyalara hazırlıq), xarici əməkdaşlıqlar və beynəlxalq təşkilatlarla əlaqələr çox əhəmiyyətli məsələlərdir. Şəxsi qənaətim belədir ki, bu təşəbbüs müasir dövrdə tam məntiqli və zəruridir, çünki kibertəhlükələr yalnız milli səviyyədə qarşısı alınabilən məsələ deyil, dövlətlərarası əməkdaşlıq tələb edən məsələlərdəndir. İlkin mərhələdə pilot layihələr, kiçik ortaq monitorinq sistemləri, ekspert mübadiləsi proqramları ilə başlamaq mümkündür. Zamanla, həm regional kibermüdafiə blokuna çevrilmək olar, həm də beynəlxalq kibertəhlükəsizlik təşəbbüsləri ilə əlaqəli “Türk kibertəhlükəsizlik platforması” kimi fəaliyyət göstərə bilər. Qısa müddətdə qarşılıqlı məlumat mübadiləsi və təcili reaksiya mexanizmi qurmaqla başlanğıc əldə edilə bilər. Uzun müddətdə isə vahid kibertəhlükəsizlik arxitekturası, standartlar və müdafiə sistemi inşa edilməsi mümkündür.

Tacir SADIQOV
XQ



Siyasət