II MƏQALƏ
Qalibiyyət fəlsəfəsi: üstün olmaqla təcavüzkarlığın fərqi
Hərb meydanında qalib gəlmək (və ya üstün olmaq) sözün geniş, həqiqi mənasında hələ müharibəni udmaq demək deyildir. Bunun üçün, ümumiyyətlə, “müharibə paradiqmasını”, qarşı tərəfə aqressivliyi hərbi üstünlükdən sonra “udmaq” lazım gəlir. Dünya təcrübəsi göstərir ki, ikinci mərhələ adlandırdığımız bu məqam reallaşmayanda gec və ya tez tərəflər yenidən hərb meydanına qayıdırlar. Bunun dünya miqyasında bariz sübutu I Dünya müharibəsindən sonra II Dünya müharibəsinin olması və indi isə müxtəlif kontekstlərdə III Dünya müharibəsindən bəhs edilməsidir. Əgər I Dünya müharibəsində hərbi üstünlüyü olanlar müharibə paradiqmasını beyinlərindən təmizləsə və aqressivlikdən imtina etsəydilər, II Dünya müharibəsi olmazdı.
Deməli, silahların susması hələ əsl mənada müharibəni paradiqma səviyyəsində “udmaq” demək deyildir. İkinci mərhələ bu anlamda çox əhəmiyyətlidir – hərbi üstünlüyü olan tərəf qələbədən sonra özünü necə aparacaq! Bu məqamda “hərbi üstünlük”, yəni döyüş meydanında silahla qalib gəlməklə, ümumiyyətlə, “aqressiv olmaq, dava-dalaşa davam etmək hissinə qapılmaq” arasında məna və məqsəd fərqinin fəlsəfəsi aktuallaşır.
Silahlar susandan sonra: paradiqmal uğur
Burada “paradiqmal” termini siyasi liderin hərbi savaşdan sonra qarşı tərəfə olan siyasətində mərkəzi yeri tutan, onun nüvəsini təşkil edən dəyərlərin kompleksini ifadə edir. Onu şərti olaraq “sülhsevərlik” və “təcavüzkarlıq” kimi iki qrupa ayırmaq mümkündür. Yəni hərbi toqquşmadan üstün çıxmış tərəfin qarşı tərəfə müharibədən sonrakı dönəmdə siyasətinin başlıca qayəsini sülhyaratmağın, yaxud təcavüzə təcavüz fəlsəfəsi ilə yanaşmağın təşkil etməsindən çox şey asılıdır. Bu anlamda ikinci məqam strateji kontekstdə bütövlükdə dövlətin müharibə paradiqmasının təsiri altında qalıb-qalmamaq məsələsini müəyyən edir. Əgər hərbi cəhətdən üstün olan dövlət müharibə paradiqmasında qalacaqsa, onda stratejidə bütövlükdə “müharibəyə” uduzmuşdur və deməli, “müharibəni uduzmuşdur”! Sülh, təhlükəsizlik, əməkdaşlıq paradiqmasını seçən hərbi qalib isə stratejidə həm bütövlükdə savaşı, həm də müharibəni udmuş olur. Bu yerdə “savaş” anlayışının məzmununa diqqət etmək lazımdır.
Vurğuladığımız kontekstdə “savaş” dövlətin, xalqın, cəmiyyətin və onun liderinin “ideya davasını” ifadə edir. Yəni lider başda olmaqla toplum və onun dövləti hansı ideya və ya ideal uğrunda hərb meydanına atılmışdır?
Öncəki məqalədə vurğuladığımız “Azərbaycan Vətən müharibəsinə yeni tam pozitiv anlam vermişdir” tezisinin intellektual və nəzəri idrakı potensialının gücü bu suala cavabdan qaynaqlanır. Azərbaycan lideri müharibədən öncəki dönəmdə (müharibədən öncəki dönəm savaşdan öncəki dönəm deyildir, əksinə onun tərkib hissəsidir), ideya və məfkurədə qarşı tərəfə qalib gəlmişdi! Hərb meydanı həmin qalibiyyətin müharibə meydanında təsdiqi və ya əyaniləşməsi oldu.
Yığcam və ümumi şəkildə sonuncu tezisi belə formula edə bilərik: İlham Əliyev müharibədən öncə təcavüzkarlığa paradiqmal, yəni ideya və məfkurə səviyyəsində qalib gəlmişdi! Azərbaycan liderinin məqsədi müharibəni udmaqla qarşı tərəfə daha çox ziyan vurmaq və bu mənada müharibə paradiqmasında qalaraq aqressiv mövqe tutmaq deyildi, sülhü qazanmaq idi! Buradan Prezident İlham Əliyevin yeni tarixi tezisinə məntiqi keçid vardır.
Hərbi üstünlüyü sülhə çevirmək məharəti
Prezident İlham Əliyev bu məqamı aşağıdakı kimi lakonik ifadə etmişdir: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq”. Qəbul edək ki, həm məntiq, həm də məzmunca möhtəşəm müddəadır (kəlamdır)! Son 200 illik tarixdə müharibə ilə sülhü bu formada kimsə müqayisə etməmişdir (bilmədiyim fakt ola bilər).
Ancaq əsas məsələ heyrəti ifadə etmək deyildir, Prezidentin kəlamının fəlsəfi və siyasi-nəzəri dərkidir. Çünki bu kəlam müasir Azərbaycan dövlətçiliyi tarixində mükəmməl ruhsal, siyasi, mənəvi-əxlaqi və məntiqi məqamı ifadə edir! Yüzillərlə zülmünə tuş gəlmiş düşməni, hərb meydanında darmadağın edərək bütövlükdə müharibədə udmaqla, ona da sülh qazandırmaq şansını tanımaq adi davranış deyildir!
Prezident İlham Əliyev bu barədə dəfələrlə çox müxtəlif tədbirlərdə və fərqli siyasi kontekstlərdə bəhs etmişdir. BMT-nin yüksək tribunasından isə onu konseptual kəlam səviyyəsində bəyan etmək ayrıca siyasi liderlik məharətidir! Bununla Prezident İlham Əliyev dünyanın ən güclüləri kimi özlərini təqdim edən dövlətlər də daxil olmaqla, hər kəsə mesaj vermişdir.
Birincisi, Azərbaycanın hərb meydanında qalib olmasının bütün Avrasiya üçün tarixi hadisə olaraq qəbul edilməsi təsadüfi deyildir. Çünki bu olay öncədən bütün ideya və hərbi incəliklərinə qədər paradiqmal işlənmiş prosesin reallaşmasıdır. Burada “paradiqmallıq”da yeni məna çaları unudulmamalıdır, yəni Azərbaycan rəhbərliyi ümumi paradiqmal səviyyədə qələbə fəlsəfəsini hazırlamışdı və onun konkret detalları müharibə gedişində aydın olacaqdı. Bu da müəyyən risk daşıyırdı.
Deməli, paradiqmal hazırlanmaq öncədən risklər və qeyri-müəyyənliklər də daxil olmaqla prosesin maksimum tam dinamikasının modelini formalaşdırmaq deməkdir. Bu hazırlıq sayəsində Azərbaycan Prezidenti müharibənin gedişində çevik və uğurlu qərarlar qəbul edə bilmişdir. Nəticədə ən az itki ilə böyük qələbə əldə edildi!
Bu bağlılıqda Prezident İlham Əliyevin 2024-cü ilin fevralında prezident seçkisi ilə bağlı təşkil edilmiş Andiçmə mərasimindəki nitqində bəyan etdiyi aşağıdakı fikirlər çox əlamətdardır: “Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Mən digər addımları da qeyd etməliyəm, o cümlədən Azərbaycan və Ermənistan şərti sərhədində baş vermiş hadisələr, hesab edirəm ki, bax bugünkü reallığın əldə edilməsi üçün çox önəmli rol oynamışdı. Ola bilər, o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”.
İkincisi, öncədən dəqiq ideya və məfkurə müəyyənliyi hərbi üstünlükdən qətiyyətlə sülhyaratma prosesinə keçid etmək imkanı yaratmışdır. Bu mərhələdə Azərbaycanın sülhsevərliyini təsdiq edən faktor Ermənistanla münasibətlərin normallaşması üçün müəyyən edilmiş beş baza prinsipin mahiyyəti ilə bağlıdır. Belə ki, həmin prinsiplər BMT-nin Nizamnaməsində müstəqil dövlətlərin münasibətlərinin hüquqi tənzimlənməsinə aid olan şərtlərə tamamilə uyğundur. Qarşılaşdığı haqsızlıq, ədalətsizlik, müxtəlif fobiyalara baxmayaraq, Azərbaycan rəhbərliyi ədaləti ədalətsizlik yolu ilə bərpa etmədi. Ulu öndərin məşhur tövsiyəsi olan “ədaləti ədalətsizliklə təmin etmək olmaz” kəlamına əməl olundu!
Üçüncüsü, Azərbaycan lideri ən çətin anlarda belə mövqeyini zərrə qədər də dəyişmədi. Avropa İttifaqının və xüsusilə Fransanın, bütövlükdə Qərbin aparıcı dövlətlərinin əngəl kimi qarşımıza çıxardığı bütün hiyləgər maneələri İlham Əliyev tərəddüd etmədən aşdı. Sübut etdi ki, sülhə nail olmaq, birincisi, Azərbaycanın dövləti məqsədidir, ikincisi, bunun üçün Bakının özünün aydın, sivil və hüquqi paradiqması mövcuddur. Yəni sülhyaratmaq Azərbaycan üçün prinsipial dövlət mövqeyidir. Ondan kənara çıxmaq mümkün deyildir. Azərbaycanı haqlı edən əsas amil isə BMT-nin beynəlxalq hüquqa əsaslanan prinsipləri çərçivəsində sülhə nail olmaq istəyi ilə bağlı idi. Vaşinqton razılaşmasının kökündə bu reallıq dayanır. Azərbaycan Ermənistanı və havadarlarını sülhə məcbur etdi!
İlham Əliyev bu nailiyyəti də incə diplomatik məharəti ilə BMT-də ifadə etmişdir. Dövlət başçısı aşağıdakı tezisi xüsusi vurğulamışdır: “Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”.
Beynəlxalq hüququn mütləq üstünlüyü Azərbaycanın hərbi üstünlüyü üzərində bərqərar olan faktdır. Bu, maraqlı tərzdə müharibəni udmaqla sülhü necə qazanmağın fəlsəfəsində mühüm yer tutur. Onun üzərində ayrıca dayanmağa böyük ehtiyac vardır. Lakin bundan öncə, beynəlxalq hüququn mütləq üstünlüyünə nail olmaqda xüsusi yeri və rolu olan başqa bir tezisi təhlil etmək gərəkdir. Həmin müddəanı da Prezident İlham Əliyev BMT-də bəyan etmişdir.
“İşğala son qoyduq və bərpa işlərinə başladıq”
İlham Əliyev BMT-dəki nitqində mesaj verdi ki, Azərbaycan rəhbərliyi və dövləti işğala son qoymaqla arxayınlaşmadı. Əksinə, qarşıda duran yeni vəzifələrin uğurla yerinə yetirilməsi üçün sistemli və davamlı addımlarını atmaqdadır. Andiçmə mərasimindəki nitqi zamanı dövlət başçısı vurğulamışdı: “Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun”. Vətən müharibəsindən dərhal sonra Qarabağda bərpa işlərinə başlamaq bu baxımdan çox vacib məqamdır. Bununla Azərbaycan dövləti dünyaya nəyi demişdir?
Hər şeydən öncə, Qarabağa əsl sahiblərinin qayıtdığının mesajı verilmişdir. Ermənistan 30 ildən çox müddətdə həmin yerləri dağıtmış və təbiəti də vəhşicəsinə çirkləndirmişdir. Çünki Qarabağ Ermənistan deyil. Azərbaycan isə hərbi qələbəni sürətlə bərpa işlərindəki uğurlarla daha da zənginləşdirdi və humanitarlaşdırdı. Bərpa işlərinin xüsusi vurğulanması bu səbəblərdən böyük siyasi və geosiyasi anlama malikdir.
Digər məsələ Azərbaycanın müharibəni udmasından hansı nəticə çıxarması ilə bağlıdır. Bakı qələbədən sonra əsas olaraq azad etdiyi doğma torpaqlarında quruculuq işlərinə üstünlük verməklə sülhsevərlik və beynəlxalq hüquqa üstünlük verdiyini ifadə etmişdir. Hərbi qələbədən sonra birbaşa bərpa işlərinə başlamaq geniş anlamda sülhə və əməkdaşlığa istiqamətlənmək deməkdir.
Nəhayət, işğala son qoymaqla bərpa işlərinə başlamağın fəlsəfəsində azad edilmiş ərazinin beynəlxalq miqyasda təşviqi kontekstində mühüm yer tutur. Prezident İlham Əliyev bir çox dövlət rəhbərlərini Qarabağa dəvət etməklə müharibədən bərpaya keçidin əhəmiyyətini, mənasını və konkret nəticələrini təqdim etmişdir. Hazırda Qarabağda dalbadal müxtəlif əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi bu fəaliyyətin məntiqi nəticəsidir. İndi müxtəlif ölkələri təmsil edən on minlərlə insan təsdiq edə bilir ki, Azərbaycan rəhbərliyi Qarabağda quruculuq işlərini yüksək sürətlə aparır və həmin ərazi ermənilərin yaratdıqları xarabalıqlardan cənnətə çevrilir.
Deməli, işğala son qoymağın dövlətçiliyə, cəmiyyətin inkişafına və insan kapitalına böyük faydasını dünya ictimaiyyəti Qarabağın timsalında aydın görmüşdür. Bu da dolayısı ilə sülhü, hüququ, tarixi ədaləti və müstəqil olmağı təşviq edən güclü vasitədir! Azərbaycan Prezidenti bu həqiqəti BMT-də bəyan etmişdir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru