Koçaryanın seçki “strategiyası” iflasa məhkumdur
Gələn il iyunun 7-də Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca, siyasi qüvvələrin daha da fəallaşması diqqəti cəlb edir. Seçkilərə cəmi 8 ay vaxt qalıb, zaman isə sürətlə keçir. Faktiki olaraq seçkiqabağı mübarizənin qeyri-aşkar şəkildə başladığını demək mümkündür. Bu kampaniyada həm hakim siyasi qüvvə, həm də müxalifət iştirak edir.
Ölkənin ictimai-siyasi mühitində müşahidə olunan gərginlik seçki marafonunun qızğın keçəcəyindən xəbər verir. Siyasi qüvvələrin birləşmə meyilləri, yeni seçki bloklarının yaradılması və partiyaların yerli strukturlarının fəallaşması seçkiöncəsi dinamikanı daha da artırır. Yaşanan iqtisadi problemlər və sosial narazılıqlar müxalifətin əsas arqumentinə çevrilərək kampaniyanın gedişini müəyyən edə bilər.
Ölkəyə 20 il başçılıq etmiş şərti olaraq “Qarabağ klanı” adlandırılan düşərgə də prosesə ciddi hazırlaşır. Klanın “xaç atası” – Hayastanın keçmiş prezidenti Robert Koçaryan bu günlərdə Moskvaya səfər edib və orada Kremlin Ermənistan üzrə əlaqələndiricisi, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşüb. Bu barədə ölkənin “Hraparak” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Qeyd edilir ki, Koçaryan və Kiriyenko respublikanın daxili siyasi problemlərini, o cümlədən seçkilərlə bağlı məsələləri” müzakirə ediblər. Qəzetin yazdığına görə, Koçaryan Kiriyenkoya seçkilərlə bağlı özünün “uğur düsturu”nu təqdim edib. “Uğur düsturu” müxalifətin konsolidasiyasına nail olmağı və hakimiyyətlə mümkün qədər geniş cəbhədə mübarizə aparmağı özündə ehtiva edir ki, bunun üçün də ciddi maliyyə xərcləri tələb olunur.
Nəşr iddia edir ki, Kiriyenko üzərinə hər hansı konkret öhdəlik götürməyib. Qəzet Koçaryanın Moskva ziyarətinin təfərrüatları barədə müxalif “Hayastan” blokunun deputatı Aqnessa Xamoyandan öyrənməyə çalışsa da, o, eks-prezidentin səfərlərindən xəbərsiz olduğunu bildirib.
Beləliklə, Nikol Paşinyan iqtidarının avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsini paraflaması və regionda davamlı sülhün bərqərar olmasına diqqət yetirməsi R.Koçaryanı, necə deyərlər, maskasını yerə atmağa və erməni siyasi olimpinin zirvəsinə qayıtmaq xəyallarında kimə arxalandığını açıq şəkildə ortaya qoymağa vadar edib. Ancaq Moskvada Koçaryana soyuq münasibət göstərilib. Bu səfər və göstərilən münasibət bütövlükdə Ermənistandakı revanşistlərin siyasi mənasızlığına və dəyərsizliyinə növbəti sübutdur.
Onun “uğur düsturu” adlandırdığı planın mahiyyətində, əslində, yenilik yoxdur. Burada müxalif qüvvələri bir araya gətirmək, hakimiyyətə qarşı geniş cəbhə formalaşdırmaq və bu prosesdə maliyyə imkanlarından istifadə etmək nəzərdə tutulur ki, həmin üsullar əvvəllər dəfələrlə sınaqdan keçirilib. Hər dəfə də uğursuz olub. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu “düstur”un əsası yenə də köhnə üsullara, kölgə anlaşmalarına, şəxsi əlaqələrə və pərdəarxası sövdələşmələrə dayanır.
Koçaryanın seçki öncəsi fəallaşması keçmişdə olduğu kimi, şəxsi maraqları və hakimiyyət hərisliyi ilə bağlıdır. O, ölkənin real problemlərini, xalqın sosial-iqtisadi çətinliklərini bir kənara qoyaraq yalnız siyasi revanş barədə düşünür. Onun bütün fəaliyyəti son illər cəmiyyətin inamını itirmiş köhnə elitaya ikinci nəfəs vermək cəhdindən başqa bir şey deyil. Bu isə həm ölkə daxilində, həm də xaricdə Ermənistanın bir dövlət kimi imicinə kölgə salır.
* * *
Paşinyan hökumətinin yekun sülh sazişinin imzalanmasına yönəlik addımlar atdığı, bölgədə dayanıqlı sabitliyin bərqərar olması üçün çalışdığı bir vaxtda Koçaryanın siyasi ritorikasında yenə də gərginlik, qarşıdurma və keçmişin revanşist əhvali-ruhiyyəsi ön plana çıxır. Bu, əslində, onun gələcəyə yox, keçmişə baxdığını göstərir. Yeni nəsil seçicilər isə artıq müharibə ritorikasından yorulublar və daha çox iqtisadi rifaha, təhlükəsizliyə və sabitliyə üstünlük verirlər. Koçaryanın bu uğursuz cəhdləri isə onu siyasi səhnədə daha da təcrid edir. Hətta onun seçkiqabağı təşəbbüsləri də geniş ictimai dəstək qazana bilmir. Çünki erməni cəmiyyəti Koçaryan hakimiyyəti dövründə Qarabağ məsələsinin, korrupsiyanın, oliqarxik idarəçiliyin, azad media üzərində təzyiq və seçki saxtakarlıqlarının Ermənistanın əsas problemləri olduğunu yaxşı xatırlayır.
Üstəlik, Koçaryanın qayıdış planları Ermənistanın milli maraqlarına deyil, şəxsi ambisiyalarına xidmət edir. Bu, onun hələ də özünü cəmiyyətin ehtiyacları ilə eyni xəttə qoya bilmədiyini göstərir. Onun bugünkü fəaliyyəti də keçmişdən miras qalmış köhnə “klan idarəçiliyi” modelinin yenidən dirçəldilməsi cəhdidir ki, bu da seçicilərin böyük əksəriyyəti tərəfindən qəbul edilmir. Beləliklə, Koçaryanın parlament seçkiləri ərəfəsində apardığı “kölgə diplomatiyası” və gizli görüşləri əslində, onun siyasi zəifliyini və cəmiyyət arasında nüfuzunun azalmasını nümayiş etdirir. O, bu gün nə qədər çalışsa da, keçmişin yükü və ictimai etimadsızlıq onun qarşısında əsas maneə kimi dayanır. Ermənistan seçicisi artıq köhnə üsulların təkrarını istəmir və dəyişən dövrün çağırışları qarşısında Koçaryan kimi köhnə fiqurlar üçün siyasi gələcək qapıları tədricən bağlanır.
Rizvan HÜSEYNOV,
siyasi şərhçi
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, keçmişin qalığı olan fiqurlar yenidən aktivləşirlər. Bu fiqurlar arasında ən çox gözəçarpan, sözsüz ki, Robert Koçaryandır. Erməni xalqı onu siyasi səhnədən süpürüb atsa da, bu adam yenə də xam xəyallarla geri qayıtmağı arzulayır. İndiki şəraitdə bu cəhd daha çox keçmişdən qalma ambisiyaların, şəxsi intiqam hissinin təzahürü kimi görünür. Çünki Koçaryan cəmiyyətə yeni proqram, konkret sosial-iqtisadi konsepsiya təqdim etmək əvəzinə, hələ də köhnə, mənasız “birləşmə” şüarına arxalanır. Onun seçkiqabağı planı faktiki olaraq yalnız hakimiyyətə qarşı narazılıq dalğasından yararlanmaq, müxalif qüvvələri bir masa arxasında toplamaqdan ibarətdir. Bu isə ictimaiyyətdə maraq doğurmur, çünki seçicilər təkcə kiminsə devrilməsini deyil, gələcək inkişaf üçün real təkliflər eşitmək istəyir.
Ermənistanın indiki seçicisi 20-25 il əvvəlki elektorat deyil. Orta nəsil Koçaryan dövrünün sərt idarəçiliyini, mətbuatın boğulmasını, seçki saxtakarlıqlarını yaxşı xatırlayır. Buna görə də onun populist çıxışları artıq əvvəlki kimi təsirli səslənmir. Reallıq ondan ibarətdir ki, keçmişin lideri bugünkü siyasi şərtlərə uyğunlaşa bilmir və yeni dövrün çağırışlarını anlamır. Digər tərəfdən, Koçaryanın son həftələrdə apardığı qapalı danışıqlar, pərdəarxası razılaşma cəhdləri onun yenə də köhnə üsullardan əl çəkmədiyini göstərir. O, siyasi mübarizəni açıq debat meydanında deyil, kölgə anlaşmaları ilə qazanmağa çalışır. Lakin bu yanaşma artıq zamanın ruhuna ziddir və cəmiyyətin gözündə etimadsızlıq yaradır.
Paşinyan hökumətinin sülh təşəbbüslərinə yönəlik addımlar atdığı bir vaxtda Koçaryanın sərgilədiyi ritorika revanşist ovqatı gücləndirir. Bu isə həm regionda sabitliyə, həm də ölkənin daxili konsolidasiyasına zərbə vurur. Seçici üçün bu, keçmişə dönüşün rəmzidir və seçki mübarizəsində Koçaryana əlavə mənfi xal qazandırır. Nəticə etibarilə Koçaryan hakimiyyətə dönüş arzusu ilə siyasi arenaya qayıtmağa cəhd etsə də, onun bugünkü imici və strategiyası seçicilərin gözləntilərinə cavab vermir. O, özündə nə ideya yeniliyi, nə də dövlət idarəçiliyinə yeni nəfəs gətirə biləcək konsepsiya təqdim edir. Bu səbəbdən də onun revanş oyunu başlayandan əvvəl iflasa məhkum görünür.
Səxavət HƏMİD
XQ