Son illər dünya iqtisadiyyatında və qlobal nəqliyyat sistemində baş verən dəyişikliklər beynəlxalq marşrutlara marağı artırıb. Bunun səbəblərindən biri Qərbin Rusiya və İran kimi ölkələrə tətbiq etdiyi sanksiyalardır. Məhz belə bir geosiyasi və iqtisadi şəraitdə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti önə keçib.
Bu dəhliz Rusiya, İran, Azərbaycan və Hindistan arasında yerləşən, Asiyadan Avropaya malların daha sürətli, təhlükəsiz və sanksiyalardankənar daşınmasını təmin etməyə yönəlmiş nəhəng layihədir. Layihənin əsas məqsədi Rusiyanı Hindistanın limanlarına və daha geniş mənada, Cənubi Asiya, Fars körfəzi və Afrika bazarlarına bağlamaqdır. Bu nəqliyyat arteriyası həm də Süveyş kanalına alternativ olmaqla, yükdaşımaları köklü şəkildə dəyişmək potensialına malikdir.
Dəhliz çərçivəsində mühüm infrastruktur elementlərindən biri olan Rəşt–Astara dəmir yolu hissəsinin çəkilməsi davam etdirilir. Bu günlərdə İran hökuməti Rusiyaya bu xəttin tikintisi üçün 34 kilometrlik torpaq sahəsi ayıracaq. İranın yollar və şəhərsalma naziri Fərzənə Sadekin sözlərinə görə, artıq 162 kilometrlik marşrutun yarısından çoxunun torpaq sahələri satın alınıb, ilin sonuna qədər prosesin tamamlanması planlaşdırılır.
Rusiya və İran arasında imzalanan hökumətlərarası sazişlər əsasında, Moskva bu layihənin tikintisinə 1,3 milyard avro kredit ayırıb. Eyni zamanda, iki ölkə dəhlizin planlaşdırılması, tikintisi və logistika xidmətlərinin təşkili sahəsində birgə maliyyələşdirmə modelini seçiblər.
Rəşt–Astara dəmir yolu təkcə İran və Rusiya üçün deyil, həm də Azərbaycan üçün geoiqtisadi baxımdan əhəmiyyətə malikdir. Bu xəttin tikilib başa çatdırılması ilə Xəzər dənizindən keçən Qərb qolu üzrə yük axını genişlənəcək və multimodal daşımaların effektivliyi artacaq. Layihədə Azərbaycan tranzit ölkə sayılır. Coğrafi mövqeyinə görə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat arteriyalarının kəsişməsində yerləşən Azərbaycan regionda logistik qovşağa çevrilmək imkanı qazanır. Rəsmi məlumatlara görə, layihə tam gücü ilə işlədikdə, Azərbaycanın tranzit gəlirləri ilkin mərhələdə 3 milyard dollar təşkil edə bilər. Eyni zamanda, layihə yeni iş yerlərinin yaradılmasına, infrastrukturun genişləndirilməsinə və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına səbəb olacaq.
Azərbaycan layihənin təhlükəsiz və davamlı fəaliyyəti üçün etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Rusiyanın Qara dənizdə və Baltik regionunda üzləşdiyi təhlükələr, Ukraynanın pilotsuz katerlərinin hücumları, Finlandiya körfəzində mümkün blokada riski və Kalininqradın təcridi Cənuba yönəlmiş alternativ dəhlizlərin aktuallığını artırıb. Bu kontekstdə Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizi iqtisadi və strateji baxımdan alternativ rol oynayır. Bu səbəbdən Bakı layihənin reallaşması istiqamətində böyük işlər görüb. Mövzu ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov XQ-yə bildirdi ki, Prezident İlham Əliyevin 11 fevral 2025-ci il tarixli Fərmanı ilə Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq sazişi təsdiqlənib: “Bu, nəqliyyat sektorunun inkişafına dövlət dəstəyinin davamı kimi qiymətləndirilir.
Son illərdə qəbul edilən “2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “2025–2030-cu illər üçün Dövlət Proqramı” da daxil olmaqla, bu sahəyə yönəlik mühüm sənədlər ölkənin tranzit-logistika potensialını artırmağa xidmət edir. Prezidentin illər əvvəl vurğuladığı kimi, nəqliyyat sektoru neftdən sonra strateji sahədir və artıq Azərbaycan regionda və Avropada mühüm tranzit mərkəzinə çevrilməkdədir. 2005-ci ildən layihəyə qoşulan Azərbaycan üçün Şimal-Cənub dəhlizi Qərbi Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyalarındandır. 2023-cü ildə bu dəhlizlə 9,3 milyon ton yük daşınıb. Dəhlizin inkişafı ilə yol və körpü infrastrukturu yenilənib, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşma istiqamətində addımlar atılır.
Gələcəkdə dəhlizin illik ötürücülük qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır. Prezident İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Bütövlükdə, dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.
İqtisadçı-alim onu qeyd etdi ki, ilkin hesablamalara görə, ölkəmiz Şimal–Cənub dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5–3 milyard dollara yaxın vəsait əldə edəcək: “Nəzərə alsaq ki, digər istiqamətlərdə, xüsusilə, Trans–Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra edilməkdədir, onda tam əminliklə qeyd etmək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün vacib sahə olduğu rəqəmlərdə öz təsdiqini tapacaq”.
Siyasi şərhçi Ülviyyə Zülfiqar qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında keçən ay paraflanan sülh sazişi bölgədə uzun illər davam edən qarşıdurmaya son qoyulması baxımından tarixi əhəmiyyət daşıyır:
– Münaqişə nəticəsində 30 ilə yaxın regiondakı nəqliyyat və iqtisadi əlaqələrin iflic vəziyyətə düşdüyünü nəzərə alaraq deyə bilərik ki, əldə olunan razılaşma Avrasiya məkanında sabitliyin gücləndirilməsi baxımından böyük önəm kəsb edir. Dünya Bankının məlumatına görə, yalnız Cənubi Qafqazda nəqliyyat-logistika imkanlarının açılması regional ÜDM-i orta hesabla 2,5 faiz artıra bilər.
Şərq–Qərb və Şimal–Cənub dəhlizləri Azərbaycanın geostrateji mövqeyinin əhəmiyyətini bir daha göstərir. Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu ilə ildə təxminən 6 milyon ton yük daşınır və bu göstəricinin 2030-cu ilə qədər iki dəfə artacağı proqnozlaşdırılır. Şimal–Cənub dəhlizi çərçivəsində isə Azərbaycan ərazisindən keçən hissənin illik potensialı 15–20 milyon ton arasında qiymətləndirilir ki, bu da ölkəmizi həm Avropa ilə Asiya, həm də Rusiya ilə Fars körfəzi ölkələri arasında vacib tranzit mərkəzinə çevirir.
Müsahibimizin şərhinə onu da əlavə edək ki, layihə nəinki yüklərin daha sürətli və sanksiyalardankənar daşınmasını təmin edəcək, həm də regional inteqrasiyanın gücləndirilməsinə, ticarət əlaqələrinin şaxələndirilməsinə və Avrasiya iqtisadi məkanında yeni enerji, ticarət və informasiya yollarının açılmasına imkan verəcək.
Beləliklə, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə infrastruktur layihəsi deyil, həm də qlobal geosiyasi və iqtisadi münasibətlər sistemində yeni güc balansının formalaşmasına təsir edən strateji bir təşəbbüsdür. Bu dəhliz Rusiya, İran, Azərbaycan və Hindistan üçün iqtisadi qazanclar, geosiyasi mövqelərin gücləndirilməsi və sanksiyalara alternativ ticarət yolları baxımından əvəzolunmaz imkanlar yaradır.
Pünhan ƏFƏNDİYEV
XQ