Cənubi Qafqaz bu gün də dünya siyasətində ən çox müşahidə olunan regionlardan biridir. Azərbaycan, Ermənistan və Gürcüstan – üç postsovet respublikası hələ də həm tarixdən gələn mirasın, həm də geosiyasi rəqabətlərin təsiri altındadır. SSRİ-nin dağılmasından sonra müstəqilliyin gətirdiyi imkanlarla yanaşı, Ermənistan–Azərbaycan münaqişəsi, sərhəd qarşıdurmaları, etnik gərginliklər və böyük güclərin təzyiqi bu dövlətlərin xarici siyasət kurslarını müəyyənləşdirib.
Bu gün regionun mənzərəsi daha mürəkkəbdir. Azərbaycan Qarabağda hərbi-siyasi üstünlüyünü təsdiqləyərək suverenliyini bərpa edib və indi bu qələbəni uzunmüddətli sülh və regional inteqrasiyaya çevirmək üçün strateji diplomatiyadan istifadə edir. Gürcüstan isə Qərbə inteqrasiya yolunda daxili siyasi sabitlik axtarışındadır; Tbilisinin uğuru həm daxili siyasi konsensusdan, həm də Abxaziya və Osetiya məsələlərinə görə xarici güclərin manevrlərini balanslaşdırmaqdan asılı olacaq. Ermənistan isə təhlükəsizlik boşluğunu doldurmaq və Rusiyanın zəifləyən təsirini kompensasiya etmək üçün yeni tərəfdaşlar axtarır, lakin daxili siyasi parçalanma bu istiqamətdə çevik addımlar atmağı çətinləşdirir.
Burada açıq sual ortaya çıxır: yaxın on ildə “Qafqaz üçlüyü”nün taleyini hansı amillər müəyyən edəcək – daxili siyasi sabitlik, enerji və tranzit layihələrinin uğuru, yoxsa böyük güclərin rəqabəti? Analitik baxımdan, Cənubi Qafqazın yaxın onillikdəki taleyi yalnız ölkələrin daxili siyasi və iqtisadi göstəriciləri ilə müəyyənləşməyəcək; regionun inkişaf trayektoriyası, eyni zamanda, beynəlxalq aktorların strategiyaları və böyük güclərin manevrləri ilə formalaşacaq. Enerji və tranzit diplomatiyası, sərhəd gərginliklərinin effektiv idarə olunması və regional iqtisadi əməkdaşlıq siyasi legitimliyi möhkəmləndirən və strateji stabilliyi təmin edən kritik vasitələr kimi çıxış edir.
Azərbaycanın Qarabağ müharibəsində qələbəsi regionun geosiyasi mənzərəsini tamamilə dəyişən strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. Qələbə ölkəyə strateji diplomatiya sahəsində yeni manevr imkanları açdı. Məhz bu kontekstdə əsas suallardan biri odur ki, Azərbaycan regional təsirini gücləndirərək əldə etdiyi üstünlüyü sülh və inteqrasiya prosesinə çevirməyi necə təmin edə bilər? Burada enerji və tranzit diplomatiyası mühüm rol oynayır; TRIPP və digər nəqliyyat layihələri ölkənin regional inteqrasiyada lider rolunu möhkəmləndirir, iqtisadi fayda ilə bərabər, siyasi təsir dairəsini də genişləndirir. Lakin bu layihələrin uğuru Ermənistanın daxili siyasi vəziyyətinə və Rusiyanın potensial təzyiqlərinə bağlıdır. Əgər Ermənistan radikal qüvvələr və daxili blokadalar səbəbindən sülh paketini gecikdirsə, Azərbaycan strateji təşəbbüsləri ilə bu çətinlikləri aradan qaldırmağa hazırdır.
Azərbaycanın diplomatiyası çoxvektorlu xarakter daşıyır; Türkiyə ilə strateji tərəfdaşlıq enerji və təhlükəsizlik sahəsində sabitliyi təmin edir, ABŞ-ın vasitəçiliyi sülh prosesini sürətləndirir, Avropa İttifaqının dəstəyi isə enerji diversifikasiyası və investisiya imkanlarını genişləndirərək regional inteqrasiyanı gücləndirir. Bəs çoxvektorlu diplomatiyanın koordinasiyasız qalması Azərbaycan üçün hansı riskləri yarada bilər? Cavab ondan ibarətdir ki, aktorlar arasındakı qarşıdurma və koordinasiyanın pozulması regional liderlik imkanlarını məhdudlaşdıra, sülh prosesini ləngidə və Azərbaycanın strateji üstünlüyünü zəiflədə bilər. Buna görə də rəsmi Bakı xarici aktorlarla balanslı münasibətləri qoruyaraq manevr imkanlarını davamlı şəkildə genişləndirməlidir.
Rusiya və İranın ehtiyatlı, lakin təsirli manevrləri Azərbaycanın strategiyasını formalaşdırarkən həm imkan, həm də risk amili rolunu oynayır. Rusiya təsir dairəsini qorumağa çalışır, İran isə ehtiyatlı siyasət yürüdərək enerji və tranzit layihələrinin icrasına potensial dəyişkənlik əlavə edir. Azərbaycan regional liderliyini qorumaq üçün bu faktorlarla effektiv manevr edə bilərmi? Cavab aydındır: diplomatiyanın çoxvektorlu xarakteri, strateji tərəfdaşlarla koordinasiya, enerji və tranzit layihələrinin icrası və daxili siyasi stabillik birləşdirilməlidir ki, həm risklər neytrallaşsın, həm də imkanlar maksimum dərəcədə istifadə olunsun.
Qeyd edilməlidir ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri regionun taleyində həlledici rol oynayacaq. Paşinyanın qalması ssenari olaraq sülhün və Qərb ilə əlaqələrin dərinləşməsinə imkan yaradır, onun praqmatik ritorikası sülh paketinin icrasını sürətləndirə və daxili radikallaşmanı nəzarətdə saxlaya bilər. Azərbaycanın enerji və tranzit diplomatiyası burada açar rol oynayır: Bakı Tramp marşrutu vasitəsilə İrəvanı regional inteqrasiyaya cəlb edərək həm iqtisadi, həm də siyasi fayda təmin edə bilər. ABŞ və Avropa vasitəçiliyi Paşinyanın Qərb təşviqlərinə açıqlığı sayəsində effektivləşir; Türkiyə isə Azərbaycanla birgə İrəvana iqtisadi və siyasi stimul təqdim edərək normallaşma prosesini sürətləndirə bilər. Gürcüstan isə enerji tranzitinin sabitliyini qoruyur; BTC neft və BTƏ qaz layihələri vasitəsilə həm iqtisadi, həm də strateji maraqlarını təmin edir. Bu trayektoriya optimistdir: regionda inteqrasiya, enerji və iqtisadi əməkdaşlıq güclənir, sülhün icrası üçün mexanizmlər möhkəmlənir. Lakin uzunmüddətli stabillik üçün Paşinyanın daxili legitimliyi və iqtisadi islahatları diqqətdə saxlanılır.
Digər bir ehtimal ssenari – Paşinyan qalır, lakin daxili siyasi təzyiq güclüdür. Bu halda, radikal və revanşist qüvvələr parlamentdə siyasi maneə yaradır, sülh paketinə qarşı etirazlar baş verir və sosial-siyasi qütbləşmə dərinləşir. Xarici vasitəçilərin təşəbbüsləri məhdud qalır, çünki daxili qarşıdurmalar sülhün icrasını əngəlləyir. Azərbaycanın enerji və tranzit layihələri texniki baxımdan işləyir, lakin İrəvanın qeyri-müəyyən mövqeyi region inteqrasiyasını gecikdirir. Gürcüstanın tranzit rolu qorunsa da, uzunmüddətli iqtisadi planlar siyasi sabitlikdən asılıdır. Böyük güclərin strategiyaları koordinasiyasız qala bilər və sülh formal olaraq qalır, lakin inteqrasiya zəifləyir. Bu ssenari qismən sərhəd qarşıdurmalarına gətirib çıxara bilər.
Ən pessimist ssenari isə Paşinyanın hakimiyyətdən getməsi ilə əlaqədardır. Yeni millətçi və ya köhnə elitaya bağlı hökumət formalaşarsa, Ermənistanın Rusiyaya yaxınlaşması qaçılmazdır, Qərbin təsiri zəifləyir və sərhəd gərginlikləri yenidən aktivləşir. Bu zaman regional qeyri-sabitlik artır və humanitar risklər yüksəlir. Belə vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan Cənubi Qafqaz üçün ən problemli trayektoriyadır.
Gürcüstanın rolu bu kontekstdə həm həlledici, həm də həssasdır. Abxaziya və Cənubi Osetiya məsələləri Tbilisinin manevr imkanlarını məhdudlaşdırır və gələcək onillikdə daxili siyasi sabitliyi, iqtisadi tranziti və xarici siyasət çevikliyini müəyyən edəcək. Abxaziya və Osetiya vasitəsilə Rusiya Gürcüstana hərbi və siyasi təzyiq göstərə bilər; bu isə Tbilisinin Qərb inteqrasiyasını və daxili siyasi balansını risk altına salır. Digər tərəfdən, Azərbaycan–Ermənistan sülhü Gürcüstan üçün tranzit və enerji marşrutlarını genişləndirərək əlavə iqtisadi dividentlər təmin edə bilər, BTC və BTƏ layihələrinin effektivliyini artıraraq Qara dəniz limanlarını daha rəqabətqabiliyyətli edir. Lakin bunun üçün İrəvanın sülhə sadiqliyi və Rusiyanın potensial maneələri nəzərə alınmalıdır.
Daxili siyasi sabitlik baxımından Gürcüstanın perspektivi mürəkkəbdir. Abxaziya və Osetiya məsələləri milli təhlükəsizlik narahatlıqlarını artıraraq daxili polarizasiyanı gücləndirə bilər. Əgər tranzit gəlirləri və regional iqtisadi əməkdaşlıq güclü olarsa, siyasi konsensus yaradaraq riskləri yumşaltmaq mümkündür. Əks halda, daxili qütbləşmə və siyasi qarşıdurmalar investisiya axınını və iqtisadi sabitliyi zəiflədə bilər. Gürcüstanın manevr qabiliyyəti burada xarici tərəfdaşlıqla sıx bağlıdır: Türkiyə və Azərbaycanla iqtisadi və tranzit əməkdaşlığı, Aİ və ABŞ ilə təhlükəsizlik və struktur islahatları, həmçinin Rusiyaya qarşı ehtiyatlı balans siyasəti Tbilisinin uğurunu müəyyən edəcək.
Azərbaycan–Ermənistan sülhü Tbilisi üçün fürsətlər yaradır. Enerji və tranzit layihələrinin genişləndirilməsi, regional ticarət artımı və Qərb investisiyaları Gürcüstan üçün iqtisadi və siyasi kapital yaradır. Sülhün nəticəsində Tbilisi struktur islahatlarını, sərhəd və təhlükəsizlik mexanizmlərini gücləndirərək və xarici tərəfdaşlarla balanslı siyasət apararaq real gəlirə çevrilə bilər.
Cənubi Qafqazın 2025–2035-ci illər trayektoriyası göstərir ki, region artıq passiv müşahidəçi deyil, əksinə, geosiyasi proseslərin fəal iştirakçısına çevrilməkdədir. Azərbaycanın enerji və tranzit diplomatiyası, Ermənistan rəhbərliyinin – xüsusilə Paşinyanın siyasət kursu və İrəvanın seçəcəyi istiqamət, Gürcüstanın tranzit və təhlükəsizlik baxımından oynadığı rol, həmçinin böyük güclərin regional manevrləri gələcək onilliyi müəyyən edəcək əsas faktorlar olacaq. Sülh yalnız sənədlərlə deyil, icra mexanizmləri, iqtisadi dividend və ictimai legitimləşmə vasitəsilə möhkəmlənə bilər. Hər üç paytaxt – Bakı, İrəvan və Tbilisi – üçün prioritetlər eynidir: ictimai qəbul, iqtisadi fayda və xarici aktorlarla balanslı münasibət.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru