Lənkəranda çəltikçilik dirçəldilir

post-img

Süfrələrimizdən isə öz düyümüzün ətri gəlir

Aramsız yağışlardan sonra göyün üzündən buludlar çəkilib. Günəşli, ilıq bir payız günüdür. Lənkəranın çəltik sahələrində biçinə yenidən start verilib. 

Bu il rayonda 780,2 hektar sahədə çəltik yetişdirilib. Ən iri çəltikçilik təsərrüfatı “BEST TARM” MMC-yə məxsusdur. Cəmiyyət tərəfindən Girdəni, Cil və Göyşaban kəndlərində 218,2 hektar sahədə çəltik əkilib. Cənubi Koreya istehsalı olan texnika vasitəsilə müasir üsulla əkin aparılıb. 

Sahələr bol məhsuldan soraq verir. Bol, keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul əldə etmək üçün çeşidli gübrələrdən istifadə olunub, vaxtında aqrotexniki tədbirlər görülüb. Təcrübəli aqronom Möhtəmən Fərziyevlə iş başında görüşüb söhbət edirik:

– Çəltik tez yetişən bitkidir. Onun haqqında belə bir deyim də var: “Bir qırxında yaş, bir qırxında baş, bir qırxında aş”.  Həm də deyirlər ki, çəltik günəşin, suyun övladıdır. Suda doğulur, suda yaşayır, suda da yetişir. Artıq məhsul yetişib, yığım başlanıb. Yağışlı havalar işimizə xeyli mane oldu. İndi gecə-gündüz çalışırıq ki, biçini sürətləndirək, məhsul itkiyə getməsin. 

Göz işlədikcə uzanan sahədə Hindistandan gətirilmiş və məhsuldarlığı yüksək olan “Belita” çəltik sortu əkilib. Girdəni kəndində qısa vaxtda 38 hektar sahənin çəltiyi biçilib. Məhsuldarlıq 6 tondan çoxdur. Biçin başlanandan, ümumilikdə, 400 tona yaxın çəltik yığılıb.

Söhbət zamanı Möhtəmən Fərziyev onu da qeyd etdi ki, 12 il əvvəl işə başlayanda cəmi 60 ton məhsul istehsal edilib. Əkin sahələri ildən-ilə artırılıb. Keçən il 191,5 hektar sahədə çəltik becərilib, 740 ton məhsul yığılıb. Bu il əkin sahələri 16,7 hektar genişləndirilib. Havalar imkan versə 800 tondan çox məhsul gözlənilir.  İstehsal edilən düyü ölkəmizin daxili bazarlarına çıxarılır. Qiymətlər də sərfəlidir. “Belita” sort düyünün kiloqramı 2 manat 60 qəpiyə satılır. 

Xarici bazarlara çıxmaq üçün məhsul istehsalını artırmaq lazımdır. Əkin və biçin işlərini aparan müasir texnikaya tələbat getdikcə artır. Həmsöhbətim bildirdi ki, iki kombayn işləsəydi, biçin vaxtında başa çatardı, məhsul itkiyə getməzdi.

...Çəltik sünbülünün xoş iyi ətrafa yayılır. Yaxınlıqda ara vermədən kombayn işləyir. Möhtəmən Təbrizxan Mütəllimovun təcrübəli kombaynçı olduğunu, gündə 8-10 hektar sahədə biçin apardığını deyir. Bunker dolduğundan sürücü Zakir Abbasov KAMAZ markalı maşını kombayna yaxınlaşdırır və məhsul maşına boşaldılır. 

Çəltik yaxınlıqda dəyirmanda quraşdırılmış xüsusi aqreqatlarda qurudulur, sonra emala göndərilir. Sutka ərzində dəyirmanda 25 ton düyü istehsal olunur. 

Fermerlər Türkiyədən gətirilmiş “Maritsa” adlı sortun becərilməsinə də üstünlük verirlər. “Maritsa” yüksək məhsuldarlığı ilə yerli sortlardan seçilir. Bu isə həm çəltikçiliklə məşğul olanların gəlirini artırır, həm də bazarın tələbatını daha yaxşı ödəməyə imkan yaradır.

Lənkəran Şəhər Statistika İdarəsinin rəis müavini Ağaddin Şahverdiyev gəlirli bitki olduğundan çəltikçiliyə marağın ildən-ilə artdığını dedi. Keçən il rayonda 628,1 hektar ərazidə çəltik əkini aparılıb və 2763,4 ton məhsul yığılıb. Orta məhsuldarlıq isə 44 sentner təşkil edib. Əvvəlki illə müqayisə etsək, cari ildə çəltik əkinləri 152,1 hektar çoxdur. Əhali təsərrüfatlarında da artım nəzərə çarpır. Ailə təsərrüfatları tərəfindən 318,5 hektar sahədə çəltik becərilib. Müasir texnologiyaların tətbiqi fermerlərin işini xeyli asanlaşdırıb.

Artıq fermerlər istehsal etdikləri məhsulu bazara çıxarırlar. Düyü və çay məhsullarının satışı ilə məşğul olan “Lankon” adlı dükanda alıcılara müxtəlif növ düyülər təklif olunur. Təcrübəli satıcı Niyazi Rufullayev yerli sakinlərin süfrəsində düyü məhsullarının üstünlük təşkil etdiyini, “ənbərbu”, “sədri”, “haşimi”, “apollo” və yumru düyülərin daha çox satıldığını dedi. Qiymətlər 3-6 manat  arasında dəyişir. Yüksək keyfiyyəti ilə seçildiyindən “Haşimi” sort düyüyə tələbat daha böyükdür. 

Lənkəranın çəltik sahələrində biçin davam edir. Hava şəraitini nəzərə alaraq məhsulu tez və itkisiz yığmaq üçün işlər sürətlənib. Biçinin bir ay ərzində başa çatacağı nəzərdə tutulub.

Əlisəfa HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri  

 



İqtisadiyyat