Kopenhagen sammiti qitənin gələcəyi üçün ciddi dialoq platformasıdır
Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində – Skandinaviyanın ikinci ən böyük sərgi və konfrans mərkəzi olan “Bella Center”də “Avropa Siyasi Birliyi”nin (ASB) VII Zirvə toplantısı keçirilib. Zirvə toplantısında, ümumilikdə, 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Sammitə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də qatılıb. Qonaqları Danimarkanın Baş naziri Mette Frederiksen qarşılayıb.
Qeyd edək ki, ASB təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. 2024-cü ilin iyulunda Oksfordşir qraflığının Vudstok şəhərindəki tarixi Blenheym qəsrində keçirilən dördüncü sammitin yekun mətbuat konfransı zamanı Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Danimarkanın yeddinci sammitə ev sahibliyi edəcəyi açıqlanmışdı. Budəfəki Zirvə görüşünün açılış plenar sessiyasında və ondan sonra keçirilən dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya–Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunub.
Bəli, Avropada təhlükəsizlik və sabitlik məsələləri son illər qitə ölkələrinin ən böyük gündəm mövzusuna çevrilib. Rusiya–Ukrayna müharibəsinin davam etməsi, enerji bazarındakı qeyri-sabitlik, miqrasiya axınları, iqtisadi böhranlar və yeni texnoloji risklər bu ehtiyacı daha da artırır. Bu baxımdan ASB kimi hökumətlərarası platformalar kontinental əməkdaşlıq üçün mühüm alət rolunu oynayır. ASB-nin yaradılmasında məqsəd də təkcə Avropa İttifaqı ölkələrini deyil, həm də təşkilata üzv olmayan dövlətləri eyni masa ətrafında birləşdirmək, qitənin təhlükəsizlik və rifahına dair birgə cavabdehliyi artırmaqdır. Bu platforma xüsusilə kiçik ölkələr üçün vacibdir. Çünki onlar öz maraqlarını böyük güclərlə yanaşı müdafiə etmək və regional təşəbbüslərdə iştirak etmək imkanı qazanırlar. Avropa İttifaqından fərqli olaraq, ASB hər hansı hüquqi öhdəlik qoymur, qərarların icrası isə üzv ölkələrin siyasi iradəsindən asılıdır. İndiyədək keçrilmiş 6 sammit də məhz bu ruhda təşkil olunub. Bu yanaşma, əslində, platformanın uzunmüddətli perspektivə hesablandığını göstərir.
Budəfəki görüşün açılış plenar sessiyası və ardınca keçirilən dəyirmi masa müzakirələri Avropanın qarşısında duran real təhlükələri bir daha önə çıxardı. Qeyd etdiyimiz kimi, əsas müzakirə mövzuları Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya–Ukrayna müharibəsinin davam edən nəticələri, iqtisadi sabitlik və miqrasiya problemləri oldu. Bununla yanaşı, ənənəvi və hibrid təhlükələr, informasiya müharibələri, enerji təhdidləri də diqqət mərkəzində idi. Maraqlıdır ki, ASB platforması Avropada həm siyasi, həm də iqtisadi məsələlərdə koordinasiyanı artırsa da, o, qitənin müxtəlif regionlarında fərqli gözləntilər doğurur. Şərqi Avropa ölkələri üçün əsas prioritet Rusiya təhdidlərinə qarşı müdafiə mexanizmlərinin gücləndirilməsidir. Cənubi Avropa isə daha çox miqrasiya dalğalarının idarə olunmasında ortaq həll yolları axtarır. Qərbi Avropa dövlətləri bu iki məsələyə əlavə olaraq iqtisadi təhlükəsizlik və enerji sabitliyini prioritet sayır. Bu fərqli baxışlar platformanın gələcək fəaliyyətinə müəyyən çətinliklər yarada bilər.
VII sammitdəki müzakirələr göstərdi ki, Avropanın təhlükəsizliyi yalnız hərbi alyanslarla təmin olunmur. Burada siyasi həmrəylik, bir-birinə etimad və ortaq iqtisadi strategiyalar da önəmlidir. Rusiya–Ukrayna müharibəsi bu reallığı açıq şəkildə üzə çıxarıb: vahid mövqesiz Avropa həm təhlükəsizlik, həm də sosial-iqtisadi baxımdan zəifləyə bilər.
***
Sammitin diqqətçəkən məqamlarından biri də hibrid təhlükələrlə mübarizə barədə gedən müzakirələr oldu. Məlumdur ki, informasiya hücumları, kiberhücumlar, enerji bazarında manipulyasiyalar müasir dövrdə ənənəvi müharibə qədər dağıdıcı təsirə malikdir. Bu səbəbdən ASB-nin gələcəkdə kibertəhlükəsizlik üzrə ortaq platforma yaratmaq təşəbbüsü müsbət qarşılanır.
Eyni zamanda, müzakirələrin iqtisadi təhlükəsizlik hissəsi göstərdi ki, Avropa qitəsi hazırda qlobal bazar risklərinə qarşı həssasdır. Enerji qiymətlərindəki dəyişkənlik, istehsal zəncirlərinin asılılığı, “yaşıl enerji” keçidinin ləngiməsi kimi problemlər həm böyük, həm də kiçik ölkələrə mənfi təsir edir. Bu çətinliklərdən çıxış yolu kimi Avropa daxilində daha sıx iqtisadi koordinasiya və investisiya mühitinin yaxşılaşdırılması önə çəkildi.
Miqrasiya isə sammitin ən mübahisəli mövzularından biri idi. Müharibələr, silahlı münaqişələr, eləcə də iqlim dəyişikliyi səbəbindən Avropaya yönələn miqrant axını ilə bağlı vahid yanaşma tapılmayıb. Şimal və Qərbi Avropa ölkələri daha sərt miqrasiya siyasətinə üstünlük verir, Cənubi Avropa dövlətləri isə yükün bərabər bölüşdürülməsini tələb edir.
Ümumilikdə, Kopenhagen sammiti göstərdi ki, ASB “qoca qitə”nin gələcəyi üçün vacib dialoq platformasıdır. Lakin bu platformanın real nəticələr verməsi üçün qərarların yalnız bəyanatlarla məhdudlaşmaması, konkret icra mexanizmlərinin işlənib hazırlanması zəruridir. Nəticə etibarilə, “Avropa Siyasi Birliyi”nin bugünkü fəaliyyəti Avropanın təhlükəsizliyinə dair siyasi iradənin nümayişi kimi qiymətləndirilə bilər. Lakin sürətlə dəyişən geosiyasi mənzərə fonunda bu iradənin praktik addımlara çevrilməsi əsas hədəf olaraq qalır. Bu baxımdan 2026-cı ilin yazında Ermənistanda keçiriləcək növbəti VIII sammitin gündəliyi Avropa ölkələrinin real əməkdaşlıq potensialını sınayacaq növbəti mühüm addım olacaq.
Ramiyə MƏMMƏDOVA,
politoloq
“Avropa Siyasi Birliyi” (ASB) ideyası ilk dəfə 2022-ci ilin mayında – Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin yaratdığı təhlükəsizlik böhranı fonunda irəli sürüldü. Avropa İttifaqının sərhədlərindən kənarda qalan, lakin qitənin təhlükəsizlik və iqtisadi sabitliyinə təsir edən dövlətləri də vahid platformada toplamaq məqsədilə bu təşəbbüsə start verildi.
ASB-nin mühüm xüsusiyyəti ondan ibarətdir ki, platforma heç bir ölkəni məcburi öhdəliklərə bağlamır. Bu səbəbdən kiçik dövlətlər burada daha sərbəst çıxış edir və öz milli maraqlarını qorumaq imkanına malikdir. Avropa İttifaqının ağır bürokratik prosedurlarından fərqli olaraq, ASB daha çevik müzakirə və qərar mexanizmi ilə diqqət çəkir. Təşkilatın tarixi az olsa da, il ərzində iki dəfə – yazda və payızda olmaqla artıq yeddi sammit keçirilib. Onu da qeyd etmək lazımdır ki, yaz sammiti Aİ üzvü olmayan ölkənin, payız sammitinin isə Aİ üzvü olan ölkənin ərazisində keçirilməsi razılaşdırılıb. 2028-ci ilin yazında XII Zirvə görüşü Azərbaycanda keçiriləcək. Bu görüşlər göstərir ki, qitə ölkələri ortaq təhlükələrə qarşı kollektiv cavab verməyə hazırdır. Lakin hələ də konkret icra mexanizmlərinin olmaması, bəzi məsələlərdə fikir ayrılıqları platformanın effektivliyini məhdudlaşdırır.
Zənnimcə, Kopenhagen sammitindən sonra ASB-nin fəaliyyətində iki tendensiya güclənəcək. Bunlardan birincisi müdafiə və kibertəhlükəsizlik sahəsində koordinasiyanın artırılması, ikincisi isə enerji bazarında dayanıqlı əməkdaşlıq mexanizmlərinin qurulmasıdır. Bu, Avropanın həm təhlükəsizlik, həm də iqtisadi cəhətdən daha az asılı olmasına xidmət edə bilər.
Uğurla keçirilən hər bir sammit ASB-nin davamlılığını təsdiqləyir. Bu həm də onu göstərir ki, platforma artıq bir layihə deyil və Avropanın siyasi arxitekturasında mühüm elementə çevrilməkdədir.
Səxavət HƏMİD
XQ