Baş nazir Lekornu ölkədə qarşıdurmanı dərinləşdirir
Fransa yenidən siyasi fırtınaların girdabına yuvarlanır. Parisin küçələrindən tutmuş Senat və Milli Assambleyaya qədər siyasi gərginlik hökm sürür. Yeni hökumətin proqramı ətrafında yaranan mübahisələr, populist partiyaların meydan oxuması və sosial narazılıqlar ölkəni həm daxildə, həm də beynəlxalq aləmdə qeyri-sabitliyə sürükləyir. Belə bir şəraitdə “Milli Birlik” Partiyası parlament fraksiyasının rəhbəri Marin Le Penin ölkənin baş naziri Sebastian Lekornu barədə LCI kanalına müsahibəsi geniş rezonans doğurub.
Fraksiya rəhbəri bildirib ki, əgər Lekornu senzuradan qaçmaq istəyirsə, son 8 ildə aparılan siyasətdən tamamilə əl çəkməlidir: “Lekornu Emmanuel Makronun seçildiyi andan davam edən gərgin vəziyyəti dəyişməlidir. Hərçənd ona etimadım azdır, amma əvvəlcədən hökm vermirəm. Bu olmasa, baş nazirə qarşı etimadsızlığı dəstəkləyəcəyik”. Le Pen, eyni zamanda, Lekornunun ümumi siyasi proqramı barədə çıxışından əvvəl senzuraya məruz qalmayacağını da açıqlayıb. Fraksiya rəhbərinin açıqlaması onun “La France Insoumise”dən fərqli mövqe tutduğunu göstərir.
ARAYIŞ: “La France Insoumise” (LFI) Fransada sol populist və antineoliberal siyasət yürüdən siyasi qüvvələrdən biridir. 2016-cı ildə Jan–Lyuk Melanşon tərəfindən yaradılan partiya sosial ədalətin təmin olunmasını, dövlətin iqtisadi rolunun gücləndirilməsini və demokratik islahatları əsas məqsəd kimi qarşıya qoyub. Partiya, həmçinin gəlirlərin qeyri-bərabər bölünməsinə, işsizliyə və sosial təminat məsələlərinə qarşı aktiv mövqe tutur. Bu yanaşmalar onu digər sol partiyalardan fərqləndirir və Makron hökumətinin liberal iqtisadi siyasətinə qarşı əsas müxalifət qüvvəsinə çevirir.
Hazırda “La France Insoumise” baş nazir Sebastian Lekornu və onun prioritetlərini ciddi şəkildə tənqid edir. Partiyanın narazılığı bir neçə istiqamətdə formalaşıb. Birincisi, partiya Lekornunun çıxışından asılı olmayaraq parlamentin açılışından dərhal sonra senzura təklifi vermək istəyir ki, bu da hökumət siyasətinə qarşı etirazı nümayiş etdirir. Amma Lekornunun son səkkiz ildə aparılan neoliberal siyasəti davam etdirəcəyi gözlənilir. LFI hesab edir ki, Lekornu siyasətində dəyişiklik etməsə, sosial ədalətin və iqtisadi bərabərliyin təmin olunması müşkülə dönəcək. Mövcud şəraitdə sol populistlərin parlament təşəbbüsü “Rassemblement National” (RN) kimi sağçı partiyaların ehtiyatlı davranışı ilə toqquşur. Bu da Fransada parlamentdəki sağ və sol qanad arasında strateji oyunların güclənəcəyini göstərir. LFI-nin narazılığı həm partiyanın radikal sol imicini qorumaq, həm də hökumət siyasətinə dərhal təzyiq göstərmək məqsədi daşıyır. Beləliklə, “La France Insoumise” sosial-iqtisadi ədalət və dövlət müdaxiləsini önə çıxararkən, Marin Le Penin liderlik etdiyi Rassemblement National (RN) milli suverenlik və sağçı populizm üzərində dayanır. Bu ideoloji fərqlər tərəflər arasında qərəzli mövqe formalaşdırır. LFI RN-in açıqlamalarını manipulyasiya və populizm kimi qiymətləndirir. RN isə LFI-nin tənqidlərini məqsədli siyasi oyun hesab edir. Parlament çıxışları, media və sosial şəbəkələrdə yayılan açıqlamalar qarşıdurmanı daha da dərinləşdirir və cəmiyyətdə narazılıq, etiraz potensialını artırır. Bu vəziyyət Fransada siyasi diskursu qanunvericilik və qərarlardan ibarət olmayan, ideoloji, emosional gərginliyi əks etdirən mənzərəyə çevrilir. Analitik baxımdan, belə qərəzli qarşıdurmalar ölkənin siyasi sabitliyi və sosial həmrəyliyi üçün risk amilidir və yaxın perspektivdə onun seçki və qanunvericilik prosesinə təsirini artırmaq ehtimalı yüksəkdir.
Belə bir deyim var: qarşıdurmalar fərqlərlə yanaşı, niyyətləri də ortaya çıxarır. “La France Insoumise” ilə Marin Le Pen arasındakı qarşıdurma da ideologiyaların toqquşduğu, qərəzin havada dolandığı səhnəni xatırladır. Le Penin açıqlamaları zamanı fraksiyasının atdığı addımları Melanşonun partiyası ilə müqayisəsi “yarış” təsiri bağışlayır. Bəs, prosesin kökündə nə dayanır? Siyasətdə ideoloji fərqlər tərəflər arasında qərəzli mövqe formalaşdırır. Melanşon Le Penin açıqlamalarını manipulyasiya və populizm kimi qiymətləndirir. Le Pen isə Melanşonun tənqidlərini məqsədli siyasi oyun hesab edir. Bununla yanaşı, Melanşon daha çox cəmiyyətin aşağı təbəqələrinə müraciət edərək populist tonla sərt tənqidlər səsləndirir və sosial narazılıqdan “siyasi generator” kimi istifadə edir. Le Pen isə sərt miqrasiya siyasəti, milli suverenlik və sağçı populizmə üstünlük verir, Fransanın “ənənəvi dəyərlərini” qorumağı ön plana çıxarır. Bu ideoloji fərqlilik qarşıdurmanı həm parlament, həm də ictimai səviyyədə daha dramatik edir. Melanşonun çağırışları işçi və gənc təbəqələrdə geniş rezonans doğurursa, Le Pen kənd və kiçik şəhərlərin seçicilərini milli identiklik və təhlükəsizlik mövzularında cəmləyir. Beləliklə, siyasi toqquşma cəmiyyətin müxtəlif təbəqələrinə təsir edən geniş sosial fenomenə çevrilir. Parlament çıxışları, media və sosial şəbəkələrdə yayılan açıqlamalar qarşıdurmanı daha da dərinləşdirir və ictimaiyyətdə narazılıq, etiraz potensialını artırır.
Sonda bir daha vurğulayaq ki, hazırda baş nazir Sebastian Lekornu Fransa daxilindəki gərginlik mühitinin mərkəzində dayanır. LFI onu hökumətin “sabitlik maskası” kimi görür, RN isə yetərincə sərt və milli maraqları qoruyan addımlar atmamaqda ittiham edir. Ümumilikdə, Fransa daxilində yeni baş nazirin personası qərəz və ideoloji qarşıdurmanın katalizatoru kimi qiymətləndirilir.
Sultan ZAHİDOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Marine Le Penin partiyası əvvəldən bildirmişdi ki, onlar Sebastian Lekornuya qarşıdırlar. Çünki Lekornu Makronun yaxın müttəfiqidir və onun hökumətdəki mövqeyi buna əsaslanır. Marin Le Pen tərəfdaşları qarşısında çıxış edərkən demişdi ki, ölkəyə yenilik lazımdır. Makronun adamının baş nazir olması isə bu yeniliyin baş verməyəcəyini göstərir. Bu baxımdan həm ifrat sağçılar, həm də Melanşonun rəhbərlik etdiyi ifrat solçular Lekornuya kəskin etiraz edirlər. Lekornu hazırda büdcə məsələsində özünə tərəfdaş tapmağa və solçularla anlaşmağa çalışır. Artıq bir neçə gündür ki, Lekornu ilə solçuların rəhbəri Olivier Faure arasında danışıqlar davam edir. Məsələ ondadır ki, solçular varlı təbəqədən daha çox vergi tutulmasını nəzərdə tutan “Zuskman vergisi”ni tətbiq etmək istəyirlər. Bu isə Lekornunun istədiyi ssenari deyil. Büdcə məsələsində hələlik solçularla razılıq əldə olunmayıb. Fransada solçuların tərəfdarları etiraz aksiyaları keçirirlər.
Bu gün Olivier Faure ilə növbəti görüş olmalıdır. Görüşdən öncə Olivier Faure tələb edib ki, büdcənin tam layihəsi onlara təqdim edilsin və sonra fikirlərini bildirəcəklər. Lekornu hələ hökumətini tam formalaşdırmayıb. Onun əsas məqsədi büdcə məsələsində tərəfdaş tapmaqdır. Fransanın 2026-cı il büdcəsi hazırda gündəmdədir. Əvvəlki baş nazirin təklif etdiyi büdcə layihəsi bəyənilmədiyi üçün istefaya göndərilmişdi. İndi Lekornu bəzi dəyişikliklər etsə də, büdcə layihəsi ilə bağlı digər partiyalar arasında tam razılıq yoxdur. Bu da onun işini çətinləşdirir. Əgər Lekornu büdcə layihəsi ilə bağlı digər partiyaları, xüsusilə solçuları razı sala bilməzsə, ona qarşı etimadsızlıq votumu tətbiq oluna bilər. Bu halda Makron növbədənkənar parlament seçkilərinə getməyə məcbur olacaq. Böhranın əsas səbəbi odur ki, 2024-cü il seçkilərindən sonra parlament “asılı” vəziyyətdədir. Yəni heç bir partiyanın üstünlüyü yoxdur. Məhz bu səbəbdən hökumət tez-tez dəyişir. Vəziyyət həm ölkədaxili siyasi vəziyyəti gərginləşdirir, həm də iqtisadiyyata ciddi zərbələr vurur. Dövlət borcu 3,3 trilyondan çoxdur, büdcədə ciddi defisit yaranıb.
Nəzrin ELDARQIZI
XQ