Vətən müharibəsinin xronikası: 2 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Zəfər marafonunun 6-cı günü

• Azərbaycan Ordusu gecə ərzində və səhər saatlarında əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, Ağdərə istiqamətində Madagiz ətrafındakı strateji yüksəkliklər azad olunub. Cəbrayıl–Füzuli istiqamətində qoşunlarımız erməni silahlı birləşmələrinin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib. Döyüş meydanından qaçan düşmənin silah-sursatı qənimət kimi ələ keçirilib.

• Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Döyüşlərin gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda canlı qüvvəsi məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.

• Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin, müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır”.

• Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun komanda birliyinin döyüş bayrağı ələ keçirilib.

• Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsinə dair yeni görüntüləri paylaşıb.

• Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulub.

• Azərbaycan Ordusunun qətiyyətli zərbələri qarşısında duruş gətirə bilməyən düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır. Rəşadətli ordumuzun uğurlu əməliyyat nəticəsində düşmənin ondan çox texnikasını, o cümlədən “URAL” markalı hərbi maşınlarını qənimət olaraq ələ keçirib. Avtomobillərin içərisində Ermənistan ordusuna məxsus silah-sursat, geyimlər, əsgər ləvazimatları və s. aşkarlanıb. Hərbi texnikaların istifadəyə yararlı olub.

• Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayımlayıb.

• Ermənistan ordusu ərazisindən Şəmkir rayonunun Sabirkənd, işğal olunmuş ərazilərdən isə Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutmuşdur. Həmçinin Bərdə rayonunun Əmirli və Tovuz rayonunun Ağdam kəndi raket atəşi zərbələrinə məruz qalıb.

• Ermənistan ordusunun bölmələri Ağdamın Birinci Alıbəyli qəsəbəsini, Goranboy rayonunun Səfikürd kəndini, Ağcabədi rayonunun Hacılar kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud zədələnib.

• Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxılıb.

• Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

• Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımlayıb.

Mustafa KAMAL
XQ

Siyasət