Azərbaycan xarici siyasətinin yeni hədəfi

post-img

Yaxın Şərqdə fəallaşmanın görünən hüdudları

2025-ci ilin ortalarına doğru Azərbaycanın xarici siyasət strategiyasında müşahidə olunan yeni dinamika, xüsusilə, Yaxın Şərq istiqamətində artan fəallıq regionda dəyişən güc balanslarının və yeni konfiqurasiyaların formalaşmasının bariz göstəricisidir. Ənənəvi olaraq Cənubi Qafqaz və Xəzər hövzəsində geosiyasi oyunçu kimi çıxış edən Bakı artıq geosiyasi nüfuzunu daha geniş coğrafiyalara, o cümlədən Şərqi Aralıq dənizi, Orta Şərq bölgəsinə daşımaqda qərarlıdır. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri və bu çərçivədə əldə olunan razılaşmalar yeni istiqamətin təzahürüdür.

Suriyanın 13 illik beynəlxalq təcriddən sonra dünya sisteminə geri dönüş cəhdləri fonunda Azərbaycanın bu ölkə ilə qurduğu münasibətlər geniş geosiyasi proseslərin tərkib hissəsi kimi dəyərləndirilməlidir. İkitərəfli münasibətlər Azərbaycan diplomatiyasının son illərdə keçdiyi transformasiyanın - lokal və regional çərçivələrdən çıxaraq qlobal miqyasda təşəbbüskarlıq funksiyasını mənimsəməsinin bariz təzahürüdür. Ermənistanla müharibədən sonra ortaya çıxan yeni siyasi reallıq Azərbaycanın beynəlxalq münasibətlərdə fəal və prinsipal iştirakçıya çevrildiyini təsdiqləyir. Artıq Bakı postmünaqişə idarəetmə modeli və inteqrasiyaçı diplomatiya təcrübəsi ilə beynəlxalq sistemin yenidən formalaşmasına töhfə verən aktordur.

Məhz bu baxımdan, Əhməd Əl Şaraanın Bakıya rəsmi səfəri həm simvolik, həm də funksional məna daşıyır. Əvvəla, bu səfər Azərbaycanın diplomatik prioritetlərinin coğrafi genişlənməsinin və strateji baxışının dərinləşməsinin göstəricisidir. Bu gün Azərbaycanın diqqəti yalnız Cənubi Qafqaz və Türk dünyası ilə məhdudlaşmır -Yaxın Şərq, Afrika və Asiya istiqamətində artan siyasi təmaslar Azərbaycanın çoxqütblü dünyada öz yerini daha aydın şəkildə müəyyənləşdirdiyini göstərir.

Əhməd Əl Şaraanın Bakıya səfəri həm də Azərbaycan diplomatiyasının prinsipial və ardıcıl xarakterini ortaya qoyur. Bakı beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin tanınması və daxili işlərinə qarışmamaq prinsipini daim əsas götürür. Suriya ilə münasibətlərdə də eyni yanaşma müşahidə olunur. Azərbaycanın Suriyanın daxili işlərinə qarışmaması, əvəzində, bu ölkənin beynəlxalq hüquq çərçivəsində reabilitasiyasına dəstək verməsi onu regional lider statusundan daha geniş geosiyasi müstəviyə daşıyan əsaslardan biridir.

Diplomatik xəttin arxasında yatan daha bir mühüm aspekt Azərbaycanın “multivektorlu siyasət” konsepsiyasıdır. Bakı müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər saxlayaraq müstəqil siyasətini yürütməkdədir. Suriya ilə təmas da bu strategiyanın tərkib hissəsidir – Azərbaycan hansısa blok və ya ittifaqın diktəsi ilə deyil, milli maraqları və ümumi beynəlxalq legitimlik əsasında münasibətlər qurur.

Bütün bu amillər Azərbaycanın postmünaqişə dövründə siyasi diplomatiyanın qalibi kimi çıxış etdiyini göstərir. Bakı artıq sülh quruculuğu prosesində fəal tərəfdaş olaraq qəbul edilir. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni rolu və məsuliyyətidir

***

Azərbaycanın Suriya ilə münasibətlərində diqqət çəkən əsas məqamlardan biri bu təmasların arxasında duran siyasi simvolizm və normativ güc yanaşmasıdır. Əgər əvvəllər geosiyasi dinamikanın əsas aparıcıları sərt güc vasitələri – hərbi alyanslar, sanksiyalar və nəzarət mexanizmləri ilə ön plana çıxırdısa, Azərbaycanın ortaya qoyduğu model fərqli bir yolu – hüquqa əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulan diplomatiya yolunu təklif edir.

Suriyanın keçid dövrü rəhbərliyinin Azərbaycana üz tutması, ilk növbədə, Bakının beynəlxalq münasibətlər sistemində artan siyasi etibarı və legitimlik daşıyıcısı kimi qəbul olunmasının göstəricisidir. Əvvəlki Suriya rejiminin Azərbaycanla münasibətlərdə tutduğu soyuq mövqenin fonunda, bu gün yeni rəhbərliyin ilk strateji diplomatik addımlardan birini məhz Bakı istiqamətində atması dərin simvolik mənaya malikdir. Bütün bunlar Azərbaycanın regionun yeni diplomatik cazibə mərkəzlərindən birinə çevrildiyini və postmünaqişə dövründə siyasi stabilizasiya üçün model təklif edə bildiyini göstərir.

Azərbaycanın bu yanaşması onu Yaxın Şərqdə özünəməxsus mövqeyə çıxarır. Ənənəvi güc aktorlarından fərqli olaraq, Bakı regiona “tənzimləyici” və ya “hakim” kimi daxil olmur. Əksinə, Bakı konstruktiv tərəfdaş olaraq çıxış edir və qarşılıqlı ehtiyaclara, hörmətə və suveren qərarverməyə əsaslanan model irəli sürür. Mövcud amil bölgə dövlətləri üçün, xüsusilə də müharibədən çıxmış və yeni siyasi sistem qurmaq istəyən Suriyanın özünə bərabər hüquqlu tərəfdaş axtarışında Azərbaycanı məqbul və etibarlı aktor kimi görməsinə səbəb olur.

Eyni zamanda, Azərbaycan bu əməkdaşlıq çərçivəsində Suriya ilə əlaqələrini ideoloji və ya siyasi bloklar prizmasından deyil, məhz praqmatik və prinsipal əsaslarda qurur. Bakı hüquq, sülh, əməkdaşlıq və reabilitasiya çağırışları ilə çıxış edir ki, bu da onu həm normativ güc mərkəzi, həm də yeni dünya nizamında konstruktiv qüvvə kimi fərqləndirir.

Nəticə olaraq, Azərbaycan–Suriya tərəfdaşlığı siyasi simvolizm və normativ diplomatiya baxımından unikal bir presedentdir. Azərbaycanın yalnız öz milli maraqlarını deyil, həm də regionun və qlobal sistemin sabitliyi üçün dəyər əsaslı diplomatiya irəli sürür. Yanaşma həm də onu sübut edir ki, postmünaqişə situasiyalarda dayanıqlı əməkdaşlıq yalnız güc balansı ilə deyil, həm də qarşılıqlı hüquqi-siyasi etimad əsasında mümkündür.

***

Müasir beynəlxalq münasibətlər sistemində güc təkcə silahların sayı və iqtisadi göstəricilərlə ölçülmür. Dövlətlərin diplomatik çevikliyi, konfliktlərə neytral və etibarlı yanaşması, həmçinin müxtəlif güc qütbləri arasında körpü rolunu oynamaq bacarığı da onları geosiyasi liderlik səviyyəsinə yüksəldə bilər. Azərbaycan məhz bu istiqamətdə – postmünaqişə dövründə formalaşmış “Bakı modeli” ilə özünü regional diplomatiyanın yeni mərkəzlərindən biri kimi təqdim etməkdədir.

Əhməd Əl Şaraanın Bakıya səfəri və burada imzalanmış sənədlər, razılaşmalar və ictimai mesajlar göstərir ki, Azərbaycan öz ərazisindən çox uzaqda yerləşən və fərqli geosiyasi şərtlərə malik bir regionda – Yaxın Şərqdə etimadlı tərəfdaş kimi qəbul olunur. Bu fakt özlüyündə bir neçə strateji nəticəyə gətirib çıxarır:

Birincisi, Bakı diplomatik platforma funksiyasını daşımağa başlayır. Əgər Suriyanın keçid dövrü rəhbərliyi kimi həssas bir siyasi subyekt Bakını öz etimad mərkəzi kimi görürsə, bu o deməkdir ki, Bakı münaqişə sonrası dövrlər üçün “sabitləşdirici məkan” modelini təşviq edir.

İkincisi, Bakı modeli ideoloji neytrallığa əsaslanır. Azərbaycan hansısa dini doktrinaya, yaxud geosiyasi alyanslara əsaslanaraq siyasi münasibətlər formalaşdırmır. Sözügedən amil xüsusilə Yaxın Şərq kimi dərin parçalanmaların, məzhəbçi qarşıdurmaların və proksi rəqabətlərin hökm sürdüyü coğrafiyada ciddi üstünlükdür. Bakı universal dəyərlərə və beynəlxalq hüquqa əsaslanaraq tərəfdaşlıq təklif edir. Bu da onun diplomatiyasını digər aktorlardan fərqləndirir.

Üçüncüsü, Bakı modeli keçid dövrü ölkələr üçün alternativ nümunə kimi çıxış edir. Suriyanın mövcud vəziyyəti - zəifləmiş dövlət strukturları, dağılmış infrastruktur və hüquqi qeyri-müəyyənlik – xarici müdaxilələrin çoxalması üçün münbit zəmin yaradır. Azərbaycan bu boşluğu siyasi və iqtisadi hegemonluqla deyil, tərəfdaşlıq və təcrübə mübadiləsi yolu ilə doldurmağa çalışır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa modeli Suriyanın reabilitasiyasında nümunə ola bilər.

Dördüncüsü, Bakı modelində ardıcıllıq və etibarlılıq əsas prinsiplər kimi çıxış edir. Suriya ilə münasibətlərdə ilk diplomatik jestlərdən etibarən Azərbaycan mövqeyində dəyişiklik etmədən, açıq, şəffaf və hüquqi əsaslı yanaşmanı qoruyub saxlayıb.

Beləliklə, “Bakı modeli” – bir tərəfdən zərif balans siyasətinə, digər tərəfdən isə ciddi prinsipiallığa əsaslanan, ideoloji neytrallıq və hüquqi legitimlik üzərində qurulan yeni diplomatik yanaşmadır. Azərbaycan bu model vasitəsilə Yaxın Şərqdə sabitlik, bərpa və etimad arxitekturasına mühüm töhfə verməkdədir.

Rəsmi Bakının Suriyanın keçid dövrü rəhbərliyi ilə qurduğu münasibətlər və bu münasibətlərin fonunda baş verən diplomatik hadisələr təkcə ikitərəfli əməkdaşlıq formatı kimi deyil, həm də qlobal siyasi arxitekturanın dəyişməkdə olan konturlarını müəyyənləşdirən prosesin bir hissəsi kimi oxunmalıdır. Dünya artıq post-pandemiya, post-ukrayna və post-monoqütblü dövrə qədəm qoyur. Yeni dövrdə sabitlik yalnız güc amilinə deyil, qarşılıqlı etimada, hüququn aliliyinə və siyasi intizamın diplomatik formatlarına əsaslanır. Məhz belə bir şəraitdə Azərbaycan özünü yeni dünya düzəninin konstruktiv iştirakçısı kimi təsdiqləyir.

Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan öz milli maraqlarını müdafiə etməklə yanaşı, beynəlxalq sistemin daha ədalətli, sabit və legitim əsaslar üzərində qurulmasına töhfə verən yeni geosiyasi aktora çevrilməkdədir. Azərbaycanın diplomatik xətti nə regional güclərin təkrarıdır, nə də qlobal güclərin uzantısı. Rəsmi Bakının diplomatiyası öz yolunu seçən, öz nüfuzunu formalaşdıran və öz prinsipial mövqeyi ilə beynəlxalq münasibətlərin yeni mərhələsinə töhfə verən müstəqil bir siyasətin təzahürüdür.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru





Siyasət