“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar”

post-img

İyulun 7-də ADA Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi keçirilib.

Mərasimdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycanın xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil edilib.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar barədə müzakirələr aparılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edilib, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.

İyulun 7-9-da davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyalarının təşkili nəzərdə tutulur.

9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək.

***

Açılış mərasimindən sonra “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan ilk panel müzakirəsi Azərbaycanın xarici işlər nazirinin müavinləri Araz Əzimov və Yalçın Rəfiyevin əsas natiqlər qismində iştirakı ilə keçirilib. Paneldə postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.

***

İkinci panel müzakirəsi “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusuna həsr edilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev əsas natiq qismində iştirak ediblər. Paneldə ticarət və investisiya perspektivləri, bu sahələrdə əməkdaşlığın şaxələndirilməsi, geoiqtisadi gərginliklərin iqtisadi diplomatiyamıza təsirləri, ölkəmizdən keçən nəqliyyat dəhlizləri üzrə mövcud təşəbbüslərin irəlilədilməsi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan sonrakı fəal iştirakını şərtləndirən amillər və s. mövzular müzakirə olunub.

***

“Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda 3-cü panel müzakirəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Baş prokurorun birinci müavini Elçin Məmmədov əsas natiqlər qismində çıxış ediblər. Azərbaycan ərazilərinin işğalı və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesləri ilə bağlı müzakirədə Ermənistanın hərbi təcavüzü nəticəsində baş vermiş çoxsaylı hüquq pozuntularına görə məsuliyyət daşıyan şəxslərlə bağlı aparılan məhkəmə işləri barədə məlumat verilib.

***

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda 4-cü panel Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin rəisi Elməddin Mehdiyevin əsas natiqlər qismində iştirakı ilə keçirilib. Müzakirədə ölkəmizin mədəniyyətinin təşviqi sahəsində birgə fəaliyyət, mədəniyyət diplomatiyasının təşviqi, bu istiqamətdə ikitərəfli və çoxtərəfli əsasda görülən işlər, gələcək planlar, habelə ölkəmizin beynəlxalq inkişafa yardım siyasətinin prioritetləri və istiqamətləri nəzərdən keçirilib.

***

5-ci panel Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin əsas natiqlər qismində iştirakı ilə keçirilib. Paneldə parlamentlərarası əməkdaşlığın perspektivləri, parlament diplomatiyasının xarici siyasətdə rolu, xarici siyasətin kommunikasiyası, hibrid təhdidlər və dezinformasiya ilə mübarizədə strateji kommunikasiya, ictimai diplomatiya və süni intellektin kommunikasiyada tətbiqi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun əsas natiq qismində iştirakı ilə keçirilən “Xəzər dənizi, sərhədlərin delimitasiyası, beynəlxalq müqavilələr” mövzusunda 6-cı paneldə Xəzər dənizinin hüququ statusunun müəyyən edilməsi istiqamətində cari vəziyyət, Azərbaycan–Ermənistan arasında sərhəd delimitasiyası və demarkasiyası üzrə planlar, habelə ikitərəfli və çoxtərəfli beynəlxalq-hüquqi bazanın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

XQ





Siyasət