Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə Respublikasına işgüzar səfəri maraqla izlənilir. Hayastanda bu səfərə reaksiyalar diqqəti cəlb edir. Böyük kəsim səfərin üstünlüklərini vurğulayır, Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəməyən radikal revanşistlər isə onun əleyhinə çıxırlar. Həm parlament müxalifəti, həm də Erməni Apostol Kilsəsi ilə gərginlik yaşayan Paşinyanın səfəri bəziləri tərəfindən siyasi avantüra, digərləri tərəfindən isə cəsarətli diplomatik jest kimi qiymətləndirilir.
Ermənistan mediası və “Teleqram” kanalları da bu məsələdə iki yerə bölünüb. Məsələn, populyar “Baqramyan 26” kanalında yerləşdirilmiş “Nikol Paşinyanın Türkiyəyə səfəri: qeyri-sabit region fonunda praqmatizm” sərlövhəli məqalədə bildirilib ki, bu səfər qeyri-adi olsa da, əslində, təsadüfi deyil və həm Ermənistanın daxili gündəliyindən, həm də regional proseslərin məntiqindən irəli gələn düşünülmüş addımdır. Qeyd edilir ki, bu səfər Türkiyə Prezidentinin rəsmi dəvətinə cavab olaraq, sadəcə, diplomatik jest deyil, həm də Ermənistan hökumətinin elan etdiyi regionlaşma siyasətinin əməli şəkildə həyata keçirilməsidir: “Səfər regionda dəyişən reallıqlar fonunda, İran və İsrail arasında qarşıdurmanın gözlənilməz nəticələrlə təhdid etdiyi bir vaxtda Ermənistan ətrafında təhlükəsizlik sistemində sabitliyin möhkəmləndirilməsinə yönəlib. Ermənistanla Türkiyə arasında birbaşa təmasların yaradılması bizə üçüncü tərəf vasitəsilə kommunikasiyanın dalana dirənməsindən qaçmağa və yeni dialoq formatı – dövlət maraqlarının təmin edilməsinə imkan verir. Bu formatda Ermənistan–Türkiyə təmasları nəinki təfsir və anlaşılmazlıq risklərini azaldar, həm də vasitəçilərsiz milli maraqların müdafiəsi və təşviqi üçün yeni kanal aça bilər. İrəvan xarici ssenarilərin obyekti olmağa yox, özünü regional siyasətin subyekti kimi göstərməyə çalışır. Beləliklə, Ermənistan realist və institusional dövlətlərarası münasibətlərin formalaşması strategiyasını nümayiş etdirir. Bunlar artıq köhnə münaqişələrin üstüörtülü və dolayı yolla həlli cəhdləri deyil, qarşılıqlı hörmət, suverenliyin tanınması və təhlükəsizlik təhdidlərinin rədd edilməsi prinsipləri əsasında gələcəyə baxışdır”.
Teleqram kanalı qeyd edir ki, Türkiyə–Ermənistan sərhədinin açılması və nəqliyyat kommunikasiyalarından normal istifadə Ermənistanın kommunikasiya asılılığını azaltmaqla yanaşı, real regional əməkdaşlığa da yol aça bilər: “Türkiyəyə səfəri, sadəcə olaraq, diplomatik akt kimi deyil, onilliklər ərzində qarşılıqlı inamsızlıq və bağlı sərhədlər şəraitində yaşayan regionda yeni reallıq formalaşdırmaq cəhdi kimi də qiymətləndirmək olar. “Real Ermənistan” ideologiyası da məhz budur – sülhün qurulmasında açıq, başa düşülən və təşəbbüskar olmaq”.
***
“Joxovurd” qəzeti isə etibarlı mənbələrə istinadən yazıb ki, N.Paşinyan və komanda yoldaşları Türkiyəyə səfərinin məqsədlərini bir müddət öncə bağlı qapılar arxasında müzakirə ediblər: “Mənbələrimizin məlumatına görə, Paşinyan bildirib ki, o, Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməyə gedir. Məqsəd həm də Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində irəliləyişə nail olmaqdır. Əldə etdiyimiz məlumata görə, baş nazir vurğulayıb ki, 2026-cı il seçkilərinə qədər nəyin bahasına olursa-olsun Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi imzalamaq lazımdır. Siyasi komanda bunu seçkidə qalib gəlməyə, hakimiyyətdə qalmağa zəmanət verən strateji addım hesab edir. Paşinyanın bəzi komanda yoldaşları hesab edirlər ki, beynəlxalq oyunçular – Rusiya, ABŞ və Avropa regionda fiziki mövcudluqlarına baxmayaraq, sabitliyi təmin edə bilməyiblər. Buna görə də Paşinyan 2026-cı ildə yenidən seçilmək üçün sülh sazişinin imzalanmasını sürətləndirmək ümidi ilə Ankara ilə birbaşa təmasda olmaq qərarına gəlib”.
Revanşistlər isə öz amplualarında qalmaqda davam edirlər. Erməni Apostol Kilsəsi rəsmi bəyanat verməsə də, Eçmiədzinə yaxınlığı ilə tanınan “Yerkir media” telekanalı səfəri aşağıdakı şəkildə şərh edib: “İstanbula səfər etməzdən öncə Nikol Paşinyan Eçmiədzinə baş çəksəydi, bəlkə daha mənalı olardı. Həm ruhani, həm də milli zəmində bu addım yanlış zamanlama ilə atılıb”. Bu şərh kilsənin ümumi narazılığını dolayı şəkildə ifadə edir. Kilsə təmsilçiləri son dövrlərdə Paşinyanın milli identiklik məsələlərində həddən artıq kosmopolit davranışlar sərgilədiyini bildirirlər.
İrəvanda nəşr olunan “Haykakan Jamanak” və İstanbulda türk və erməni dillərində çıxan “Aqos” qəzetləri isə Paşinyanın səfərini həssas, amma nikbin tonda təqdim ediblər. “Aqos” qəzetində yayımlanan redaksiya məqaləsində deyilir: “Sülhə aparan yolun emosiyalardan deyil, cəsarətli qərarlardan keçdiyini anlamaq üçün bəlkə də çox şeyə ehtiyac yoxdur. Paşinyanın gəlişi ilk addımdır – davamlılığı olacaqmı, zaman göstərəcək”.
Lakin İstanbul erməniləri arasında bu səfərə skeptik yanaşanlar da az deyil. “Nor Marmara” qəzetinin köşə yazarı Hovsep Çolakyan yazır: “Bu, həmin Paşinyandır ki, bir zamanlar diasporu təhqir edən bəyanatlar verirdi. İndi bizə yaxınlaşmaq istəyir. Yəni Ermənistan iqtisadi və siyasi cəhətdən çökəndə...”
Bəzi media qurumları isə Paşinyanın Türkiyə səfərini daha çox sülh, sabitlik və geosiyasi reallıqlar prizmasından izah edirlər. Məsələn, “Lragir.am” saytı səfərə belə şərh verib: “Bu səfər göstərir ki, Ermənistan təkcə Moskva və Tehranla yox, eyni zamanda, regionun əsas oyunçularından biri ilə stabil əlaqə qurmaq niyyətindədir”. “Aravot.am” isə səfəri təhlükəli, amma vacib diplomatik təşəbbüs adlandıraraq yazıb: “Paşinyanın İstanbul gedişi onu erməni tarixinin ən paradoksal lideri kimi təsvir etməyə imkan verir. Amma bəzən paradokslar tarix yaradır”.
Bütün bu reaksiyaları ümumiləşdirsək deyə bilərik ki, N.Paşinyanın İstanbul səfəri Ermənistan cəmiyyətində mövcud olan bütün ideoloji və siyasi baxışların üzə çıxmasına səbəb olub. Hər kəs bu səfəri öz dünyagörüşü, siyasi mövqeyi və tarixi yaddaşı çərçivəsində dəyərləndirib. Lakin bir məqam dəqiqdir. Bu da səfərin, sadəcə, xarici siyasət addımı olmaması, həm daxili auditoriyaya – kilsəyə, diaspora, revanşistlərə, həm də Qərbə ünvanlanan çoxqatlı mesaj olmasındadır.
S.NAZİMOĞLU
XQ