Nikolun “ürəyi” dözəcəkmi?
Ermənistanın baş naziri Nikol Paşinyanın qardaş Türkiyəyə bu günkü səfəri regionun başlıca mövzusudur. Məsələ iki gün əvvəldən, yəni səfərin gerçəkləşəcəyinə dair xəbərin yayılmasından dərhal sonra aktuallaşıb. Ermənistanda hökumətə yaxın dairələr Nikolun Türkiyəyə yollanmasını mühüm hadisə kimi dəyərləndirirlər. Onlar Paşinyanla Prezident Rəcəb Tayyib Ərdoğanın görüşünü “tarixi an”, “dönüş nöqtəsi” adlandırır, nikbin mesajlar verirlər. Amma başqa məqamlar da var. Onlardan yazımızın ikinci bölümündə söz açacaq, diqqətə çatdıracağımız mətləblər fonunda Paşinyanın Türkiyəyə səfərinin faydasının nədən asılı olduğunu vurğulayacağıq.
***
Əlbəttə, diqqətlər Azərbaycan–Ermənistan sülh prosesinə yönəlib və Ankaranın prosesdəki vasitəçilik missiyası ön plana çıxıb və bunu təbii saymaq mümkündür. Bakı ilə İrəvan arasında vasitəçilik missiyası tarixə qovuşsa da, Türkiyənin mövcud istiqamətdə söz sahibi olması üçün mənəvi haqqının olduğunu unutmamalıyıq. Eyni zamanda ona görə ki, Türkiyə–Ermənistan normallaşması Azərbaycan–Ermənistan münasibətlərinin rəvanlığından asılıdır.
Bəli, Türkiyə Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsində söz sahibinə çevrilə bilər. Amma Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü prinsipial şərtlər var ki, Ankaranın həmin şərtlərlə əlaqədar ölkəmizi yumşalmaya razı salacağı ehtimal edilmir. Çünki başlıca vəzifə sülhün əldə edilməsi və böyük ölçüdə Cənubi Qafqazda barış və əməkdaşlıq mühitinin qərarlaşmasıdır. Həmin mühit üçün isə rəsmi Bakının müəyyənləşdirdiyi baxış - Ermənistan konstitusiyasının işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinin istinad motivinin aradan qalxması və ATƏT-in Minsk qrupunun ləğvi müstəsna təminatdır. Rəsmi İrəvan şərtlərimizi yerinə yetirməlidir, bunun qaçılmazlığını anlamalıdır. Anlamalıdır ki, sülh mühiti özünə dayanıqlılıq immuniteti qazansın. Heç şübhəsiz, Türkiyənin də məsələyə baxışı budur. Həm də ona görə ki, ölkəmizin şərtlərinin yerinə yetirilməsi Ermənistanın ərazi iddiasından daşınmasının təsdiqidir. O iddiadan ki, onun Türkiyəyə qarşı da yönəldiyini yaxşı bilirik.
Vurğuladığımız məqamlar səbəbindən Türkiyənin Azərbaycanı yox, daha çox Ermənistanı barışa cəlb etmək niyyətlərindən söz aça bilərik. Nəzərə alaq ki, torpaqları işğal olunan Ermənistan yox, Azərbaycan olub. İşğalçılığın isə bədəli mütləq olmalıdır. Digər tərəfdən, Azərbaycan rəhbərliyinin müstəsna önəm verdiyi, Ermənistanın reallaşmasına imkan tanımadığı daha bir prinsipial məsələ var. Söhbət Naxçıvana maneəsiz yoldan gedir. Yada salaq ki, rəsmi İrəvan Naxçıvana yolun heç bir gömrük və sərhəd nəzarəti olmadan fəaliyyət göstərməsini özünün ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirir.
Əlbəttə, Naxçıvana yolun böyük mənada Zəngəzur dəhlizi, daha böyük anlamda isə Orta Dəhliz mahiyyəti daşıdığından xəbərdarıq. Türkiyənin məsələdə son dərəcə maraqlı olmasından da həmçinin. Ankarada Azərbaycanın Naxçıvana tam maneəsiz yolla bağlı həm tarixi, həm də 44 günlük müharibə qalibi kimi haqqının olduğunu da gözəl anlayırlar.
Müharibə qalibi məsələni əbəs yerə gündəmə gətirmədik. Çünki 44 günlük savaşın Ermənistan üçün məğlubiyyət kasuzusunu vurğulayan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat var və həmin sənəddə baş nazir N.Paşinyan Naxçıvana sərbəst və maneəsiz yol üçün təminat verib. Qalır, Nikolun öz imzasına hörmətlə yanaşması.
Naxçıvana maneəsiz yol Ermənistan üçün, belə demək mümkünsə, çəmbərin daralma məhsuludur. Axı Azərbaycan hələ 2015-ci ildə, yəni 44 günlük müharibədən beş il əvvəl regional kommunikasiyaların açılması çağırışını səsləndirmişdi. O zaman ölkəmizin tək şərti işğalın dayandırılması, Ermənistan qoşunlarının ölkəmizin ərazisindən çıxması idi. Bunun müqabilində Ermənistan hazırda Paşinyanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsini gerçəkləşdirə, Azərbaycanla bərabər regional kommunikasiya xabına çevrilə bilərdi. Lakin rəsmi İrəvan təcavüzün davamında israrlı oldu. Belə bir yarıtmaz mövqe tutan dövlət əlbəttə ki, malik olduğu imkanları da qurban vermiş sayılır. Çünki siyasətin sərt sifəti var.
Deməli, indiki durumda Ermənistan rəhbərliyi Naxçıvana yol xüsusunda ölkənin ərazi bütövlüyü və suverenliyi klişesindən uzaq durmalıdır. Çünki Ermənistanın beynəlxalq hüquqla ona məxsus olduğu bildirilən ərazilərə sahiblik dərəcəsini üçtərəfli Bəyanat, geniş anlamda isə 44 günlük müharibə mühəyyənləşdirir və müəyyənləşdirməlidir. Siyasətin sərt sifəti budur və mövcud məqam da Türkiyədə ciddi dərk edilir.
***
Bütün bunlar öz yerində, amma eyni zamanda onu da bildirək ki, Ermənistandakı müxaliflər Paşinyanın Türkiyəyə səfərini xəyanət və satqınlıq olaraq qələmə verir və bildirirlər ki, baş nazir ölkəsinin maraq və mənafelərini Ankaraya təslim edəcək. Səfərlə bağlı erməni gündəmini məşğul edən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin eyni anda Türkiyədə olmasıdır.
Bəli, Ermənistandakı revanşist kəsim bu iddiadadır ki, Ankara və Bakı birlikdə İrəvanı məqbul olmayan şərtlərə razı salacaq. Məsələn, ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Nikolun Türkiyəyə yollanması diplomatik uğur deyil, 2018-ci ildən başlayan və indi geridönməz ola biləcək yeddi illik milli alçaldılmanın kulminasiyasıdır. Onun sözlərinə görə, Paşinyan Ankarada hakimiyyətini qorumaq üçün indulgensiya (günahdan azadolma) axtarışındadır və onun ödəməyə hazır olduğu bədəl erməni xalqının ləyaqəti və gələcəyidir.
Oskanyanı o anlamda haqlı saymaq olar ki, təkcə Paşinyan deyil, ümumən erməni varlığı Azərbaycan xalqı qarşısındakı günahlarından qurtulmalıdır və əvvəldə də vurğuladıq ki, bu qurtulma Ermənistan üçün nəyinsə bahasına başa gəlməlidir. Proses erməni siyasi dairələrində necə qiymətləndiriləcək, məsələnin nə Türkiyəyə, nə də Azərbaycana dəxli var. Beynəlxalq aləm də, böyük ölçüdə, “erməni kartı”nın istifadə müddətinin bitdiyini anlayır. Hazırda Paşinyanın qarşısında dayanan başlıca vəzifə Ermənistanın özünün bir dövlət kimi mövcudiyyət müddətinin bitməsinə imkan verməməkdir. Nikol Ankaraya bu məqsədlə yollanıbsa, səfəri pozitiv saymaq mümkündür.
Əlqərəz, Oskanyan həmçinin bildirir ki, böyük ehtimalla, Türkiyənin vasitəçiliyi ilə Azərbaycan Ermənistanla sülh sazişini imzalayacaq. “...lakin bunun müqabilində Paşinyanın Azərbaycanın tələblərini sonrakı mərhələdə yerinə yetirəcəyinə dair şifahi və ya gizli razılaşma olacaq. Alternativ olaraq, Azərbaycan sənədi imzalaya, amma onu ratifikasiyasını Paşinyanın bu şərtləri yerinə yetirməsinə qədər təxirə sala bilər – necə ki, 15 il əvvəl “futbol diplomatiyası” zamanı Türkiyə etmişdi”, - deyən keçmiş XİN rəhbəri fikirlərini, necə deyərlər, ən pis ssenari üzərində qurur. Daha doğrusu, öz aləmində, ən pis ssenaridə daha böyük pislik axtarır. Yəni, o demək istəyir ki, Ankarada Paşinyana müəyyən jest edilə bilər, ancaq bu jest aldadıcıdır. Onun “Azərbaycanla bağlanacaq bu “sülh müqaviləsi” qarşılıqlı hörmət, ədalət və bərabərhüquqlu danışıqlar nəticəsində formalaşmayıb. Bu sənəd təzyiq, işğal və hərbi cinayətlər nəticəsində yaranıb” şəklində dillənməsi də, “sənəddə Bakı həbsxanalarında saxlanılan erməni əsirlərindən bəhs olunmur. “Artsax”dan zorla köçürülmüş ermənilərin geri dönüşü üçün heç bir yol təklif olunmur. Azərbaycanın Ermənistanın suveren ərazisindəki davam edən hərbi mövcudluğuna dair heç bir tələb irəli sürülmür” kimi fikirlər səsləndirməsi də Ankarada Ermənistanı, guya, böyük siyasi fəlakətin gözlədiyinə dair təbliğatın elementləridir. Hiss olunur ki, Oskanyan nəyin bahasına olursa-olsun, Paşinyanın Türkiyə səfərini qaralamağa köklənib. Əlbəttə, sabiq XİN rəhbəri bununla kifayətlənmir, həmçinin, gündəmə gətirdiyi fikirlərlə Ermənistandakı revanşist və şovinist kəsimi daha da körükləmək yolu tutur. Məsələn: “Təklif olunan sənəd saxta bir illüziyadır – zahirən irəliləyiş, əslində təslimçiliyin rəsmiləşdirilməsidir. Məqsəd Paşinyan hökumətinin siyasi maraqlarına xidmət etməkdir, Ermənistanın milli maraqlarına yox. Azərbaycan və onun müttəfiqləri üçün isə bu, qələbə anıdır – aqressiyanın nəticələrini heç bir güzəşt olmadan rəsmiləşdirmək imkanıdır”.
Oskanyanın sərsəmləmələrinin digər aspektləri də var. Ancaq onun saxta vətənpərəvətliyə və ucuz populizmə əsaslanmış baxışlarının hər birinə diqqət yetirməyi lazım bilmirik. Aydındır ki, keçmiş XİN rəhbəri Ermənistandakı revanşist və şovinist kəsimin “parlaq” təmsilçisi kimi sülh prosesi ilə bağlı istənilən pozitiv məqama qarşı çıxmağı ehkamlaşdırıb. Paşinyanın Türkiyə səfərinə daxildəki etirazçıların bildirdikləri də aşağı-yuxarı məlumdur. Yəni, onlar eynilə Oskanyan kimi ağızlarına nə gəldi danışır, birbaşa inkarçı mövqe tuturlar.
Başlıca məqam Okanyan və onun kimilərinə xaricdən göstərilən dəstəkdir. Məsələn, politoloq Andrey Areşev Rusiya Strateji Mədəniyyət Fondunun saytında dərc olunan məqaləsində yazıb ki, Azərbaycanın və Türkiyənin tələbləri kifayət qədər genişdir və bu tələblər Rusiyanın Ermənistın energetika sektorundakı mövqelərini sarsıtmaq gücündədir. Politoloqun bu fikrindən sonra onun mövzunu tanınmış erməni əsilli rusiyalı iş adamı, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyanın İrəvanda saxlanılmasının üzərinə gətirməsi təəccüblü sayılmamalıdır: “Uzun illər əvvəl Karapetyan, görünüşcə çıxılmaz zərər içində olan “Ermənistan Elektrik Şəbəkələri” şirkətini satın almışdı. İndi isə bu şirkət Nikol Paşinyan hökumətinin və onun “yeni” (əslində, yaxşı tanınmış) tərəfdaşlarının ciddi diqqət mərkəzinə çevrilib”.
Ümumiləşdirmə apararaq təkrarlayaq ki, Ermənistanda hakim komanda Paşinyanın Ankaraya yollanmasını sırf tarixi ilk nöqteyi-nəzərdən əsaslandırır və bunun müsbət ovqatına köklənir. Baş nazirin Türkiyəyə səfərinin pozitiv qiymətləndirilməsi fonunda bu səfərlə bağlı neqativ ritorikanın isə Oskanyanın və Areşevin timsalında həm siyasi, həm də iqtisadi “əsaslandırmasının” olduğunu da gördük. Əlbəttə, mülahizələrin əksinə olaraq, Ankarada Bakı-İrəvan sülhünün ərsəyə gələcəyini ehtimal etmək mümkünsüzdür. Hər bir halda, müəyyən müsbət nəticələrə ümid etmək olar.
Sonda bu ümid fonunda əvvəldə üzərində dayandığımız məqama qayıdaq. Söhbət Paşinyanın Ankaraya səfərinin Ermənistan üçün faydalarından gedir. Əslində, faydanın prinsiplərini, onun hansı şərtlərlə mümkünlüyünü vurğuladıq. Onu da vurğulayaq ki, fayda Paşinyan hakimiyyətinin həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə səmimi mövqe nümayişindən, daxildəki başıpozuqlarla mübarizədə qətiyyətli mövqe tutmasından asılıdır. Yəni, belə yanaşma olacaqsa, Ermənistan üçün fayda mümkündür. Əks halda, bu adlı dövlət, obrazlı desək, onsuz da ölüdür, sadəcə özünə demirlər ki, ürəyi dayanmasın. Heç şübhəsiz, Ankarada Paşinyana bu da deyiləcək. Qalır, Nikolun ürəyinin dözməyi.
Ə.CAHANGİROĞLU
XQ