İyunun 3-də Azərbaycan paytaxtında keçirilən “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib.
Bəyanatda deyilir:
“Biz, 2025-ci il iyunun 3-də Bakıda keçirilmiş “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransında iştirak edən alim və akademiklər olaraq, insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyimizi elmi təşəbbüs və yanaşmalarımız vasitəsilə bir daha bəyan edirik.
Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və iqtisadi təsirləri barəsində davamlı şəkildə elmi səviyyədə araşdırmanın vacibliyini qəbul edir və kolonializm anlayışının doğru dərk olunması, dialoqun təşviqi, insan ləyaqətinə və xalqların dekolonizasiya hüququna hörmətin inkişaf etdirilməsində elmi-tədqiqat və təhsilin həlledici rolunu vurğulayırıq.
Biz kolonial hakimiyyətin tarixi prosesləri və quruluşlarının qitələrdə dərin, çoxşaxəli təsirlər yaratdığını, lakin bunların çoxunun hələ tam şəkildə həll olunmadığını qəbul edirik. Müxtəlif elmi sahələri, regionları və intellektual ənənələri təmsil edən alimlər olaraq, kolonial irsin tədqiqi zamanı bərabərlik, sülh və doğru səlahiyyətlərin verilməsi istiqamətində fənlərarası əməkdaşlığın və müstəqil araşdırmanın vacibliyini təsdiq edirik.
Bu yanaşmanı rəhbər tutaraq və hər hansı hüquqi öhdəlik yaratmadan, biz dekolonizasiya və təzminat məsələlərinə dair gələcək elmi əməkdaşlıq təşəbbüslərini dəstəkləyir və bu istiqamətə töhfə vermək niyyətimizi açıq şəkildə bəyan edirik.
Bu məqsədlə biz beynəlxalq elmi həmrəyliyi gücləndirmək, tədqiqatçılar arasında əməkdaşlığı genişləndirmək, gənc alimləri dəstəkləmək və dekolonizasiya mövzusunda bilik mübadiləsinə şərait yaratmaq məqsədilə Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyətimizi bildiririk.
Biz beynəlxalq təşkilatları, hökumətlərarası qurumları, regional institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bu platformaya dəstək verməyə çağırırıq”.
XQ