Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.
Səfiri salamlayan spiker Sahibə Qafarova ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Milörüşdə qeyd olunub ki, Azərbaycan və Belçika arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Belçika Krallığının Baş nazirinin ötən il COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyi və Prezident İlham Əliyevlə görüşdüyü xatırladılıb.
Spiker Sahibə Qafarova Milli Məclisin Belçika parlamenti ilə əlaqələrin inkişafına hazır olduğunu vurğulayaraq, özünün Belçika parlamentinin keçmiş sədrləri ilə görüşlərini xatırladıb. O, qarşılıqlı səfərlərin və dialoqun münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı məlumatlandırmanın genişlənməsinə töhfə verdiyini söyləyib. O bu məsələlərdə dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Səfir Julyen de Frepon ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu söyləyib. O, COP29 çərçivəsində Belçika Baş nazirinin ölkəmizə səfərinin həm mühüm beynəlxalq tədbirdə iştirak, həm də Azərbaycanla ikitərəfli münasibətlərə dair müzakirələr aparmaq baxımından əhəmiyyətini qeyd edib.
Diplomat ölkələrimiz arasında iqtisadi, nəqliyyat, logistika, dənizçilik sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. O, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd edərək, Azərbaycanla Avropa İttifaqı arasında dialoqun dərinləşməsini dəstəklədiklərini vurğulayıb.
Görüşdə spiker Sahibə Qafarova, həmçinin regionda mövcud olan vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi nəhəng yenidənqurma işləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, mina problemi və digər məsələlər barədə məlumat verib.