Müasir dünyada rəqabət artıq yalnız geosiyasi və iqtisadi sahələrlə məhdudlaşmır – təhsil də getdikcə daha çox ideoloji qarşıdurmanın mərkəzinə çevrilir. Gənc nəslin hansı bilikləri əldə etməsi, onlara hansı dəyərlərin aşılanması və hansı dünyagörüşünün formalaşması artıq milli təhlükəsizlik və qlobal güc balansı kontekstində əsas strateji məsələ hesab olunur. ABŞ hökumətinin Harvard Universitetinə əcnəbi tələbələrin qəbulunu məhdudlaşdırması ilə bağlı qərarı bu tendensiyanın açıq təzahürüdür.
Ənənəvi olaraq təhsil şəxsi inkişaf, bilik mübadiləsi və kadr hazırlığı vasitəsi kimi qəbul olunurdu. Lakin qloballaşma, informasiya müharibələri və populizmin yüksəlişi fonunda təhsil ideoloji narrativlərin yayılması, milli identikliyin formalaşdırılması və siyasi təsir aləti kimi ön plana çıxır. Vaşinqtonun Harvard Universitetini “zorakılığı təşviq etməkdə, antisemitizmi yaymaqda və Çin Kommunist Partiyasının təbliğatını aparmaqda” ittiham edərək xarici tələbələrin qəbulunu dayandırması bu yanaşmanın bariz nümunəsidir.
Təhsil həm də “yumşaq güc”ün əsas alətlərindən biridir. Ölkələr təhsil proqramları, xarici tələbələrə verilən təqaüdlər və beynəlxalq akademik əməkdaşlıq vasitəsilə öz mədəniyyətlərini, dəyərlərini və ideologiyalarını qlobal miqyasda təbliğ edirlər. Bu strategiyanın məqsədi həm də ölkənin müsbət imicini formalaşdırmaq və gələcəkdə onun maraqlarını dəstəkləyə biləcək intellektual elita yetişdirməkdir. ABŞ, Çin, Almaniya və digər aparıcı ölkələr bu məqsədlə nüfuzlu universitetləri vasitəsilə qlobal istedadları cəlb etmək üçün müxtəlif təşəbbüslər həyata keçirirlər.
Harvard və Stanford kimi universitetlər dünyanın hər yerindən tələbələri cəlb etməklə güclü qlobal məzunlar şəbəkəsi formalaşdırırlar. Təkcə Harvard Universitetində bakalavr tələbələrinin təxminən 27 faizi 150-dən çox ölkədən gələn əcnəbilərdir. Stanford Universitetində bu göstərici 25 faizdir. Bu universitetlər yalnız təhsil ocağı deyil, həm də qlobal intellektual və ideoloji mərkəzlərə çevriliblər. Onların məzunları arasında ABŞ-ın səkkiz prezidenti və müxtəlif ölkələrdən olan 30-dan çox dövlət və hökumət başçısı yer alır. Stanfordun isə Google, Tesla və digər texnoloji nəhənglərin liderlərini yetişdirməsi bu təsirin miqyasını göstərir.
Lakin son illərdə qlobal miqyasda dərinləşən ideoloji ziddiyyətlər təhsili yeni mübarizə meydanına çevirir. Təhsili xaricdə alan gənclər çox vaxt həmin ölkənin dəyərlərinin daşıyıcısına çevrilirlər. Beləliklə, təhsil bir növ “ideoloji ixrac” funksiyası daşımağa başlayır. Dövlətlər anlayır ki, bu günün tələbələri sabahın liderləridir və onların dünya görüşü ölkənin gələcək siyasi, iqtisadi və mədəni trayektoriyasını müəyyən edə bilər. “Təhsil sisteminə nəzarət ölkənin gələcəyinə nəzarət deməkdir” fikri bu kontekstdə daha da aktuallaşır. ABŞ hökumətinin Harvardla bağlı qərarını da məhz bu prizmadan qiymətləndirmək olar.
Ancaq CNN-nin məlumatına görə, bu addım Çində ciddi rezonans doğurdu. Çin rəsmiləri və analitikləri bu qərarı ABŞ ilə Çin arasında artan geosiyasi və ideoloji gərginliyin təhsilə də sirayət etməsi kimi dəyərləndirirlər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirir ki, “təhsilin siyasiləşdirilməsi qəbuledilməzdir” və ABŞ-ın bu addımı onun beynəlxalq imicinə zərbə vuracaq. Doğrudur, ABŞ məhkəməsi Ağ evin Harvard Universitetilə bağlı qərarının icrasını təxirə saldı, amma bu fakt əcnəbiləri daha ehtiyatlı olmağa vadar edəcək.
Pekinin narazılığı başadüşüləndir. Son 15 ildə Çin ABŞ-a ən çox tələbə göndərən ölkə idi. Yanız ötən il Hindistan bu məsələdə önə keçdi. ABŞ universitetləri isə bu tələbələrdən həm akademik, həm də iqtisadi baxımdan ciddi şəkildə faydalanıblar. Lakin son illərdə ABŞ-da Çinə qarşı artan texnoloji və strateji narahatlıqlar bu əlaqələri təzyiq altına saldı. Beləliklə, təhsil sahəsindəki əməkdaşlıq da ABŞ-Çin rəqabətinin bir hissəsinə çevrildi.
Əgər bu tendensiya davam edərsə, dünya “təhsil ikiqütblüyü” ilə üzləşə bilər. Bir tərəfdə Qərb universitetləri, digər tərəfdə isə Çin və ona yaxın tərəfdaş ölkələrin təhsil ocaqları formalaşar. Bu isə bilik və innovasiyanın paylaşılmasını çətinləşdirər, qlobal intellektual inteqrasiyanı zəiflədər və gənc nəslin ideoloji parçalanmasına səbəb ola bilər. Təəssüf ki, bu tendensiyanın işartıları artıq özünü göstərməkdədir.
Səbuhi MƏMMƏDOV
XQ