Rusiya Ermənistanın daxili siyasi həyatına aktiv maraq göstərməyə başlayıb. Ermənistanla iş üzrə yeni kurator, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko vəziyyətlə tanış olur. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr mövzunu inkişaf etdirərək yazır ki, ölkənin ikinci prezidenti, Qarabağ klanının “xaç atası” Robert Koçaryan bir neçə gün əvvəl Moskvada qısamüddətli səfərdə olub. Hərçənd, o, bir-iki ay əvvəl də Rusiya paytaxtına getmişdi: “O, mayın 22-də gecə qayıdıb və Kremldən aldığı təlimatla bağlı hələ komandasına məlumat verməyib. Yeri gəlmişkən, qeyd edək ki, əvvəlki səfərindən sonra Koçaryan geniş müsahibə verərək fəallaşdığını bildirmişdi. Bəzi məlumatlara görə, Moskvada budəfəki müzakirə mövzusu baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı olub. İstisna edilmir ki, Koçaryanla baş nazir vəzifəsinə potensial namizədlərin kimliyi müzakirə olunub. Yaxın günlərdə bununla bağlı bəzi açıqlamaların veriləcəyi və müvafiq addımların atılacağı istisna edilmir”.
Bildirilib ki, Rusiyada görüş və müzakirə şəxsən S.Kiriyenko ilə deyil, Kremlin erməni məsələləri üzrə ixtisaslaşmış digər bir rəsmi şəxsi ilə keçirilib. Ancaq nəşr həmin “ermənişünas”ın kimliyini açıqlamayıb.
Qeyd edək ki, R.Koçaryanın fəallaşmasının startı hesab olunan sözügedən müsahibə mayın 17-də, şənbə günü verilmişdi. Ermənistanın ikinci prezidentinin ofisində baş tutan müsahibədə ölkənin “Ermənistan xəbərləri–Nyus.am”, “Yerevan.Today”, “Beşinci kanal” və “Politik.am” kimi kütləvi informasiya vasitələri iştirak etmişdilər. Mayın 19-da isə bazar ertəsi günü isə müsahibənin tam versiyası yayımlanmışdı.
R.Koçaryanın müsahibə zamanı Rusiyanın ünvanına xeyli xoş sözlər deməsi diqqətdən yayınmamışdır. Məsələn, o bildirmişdi ki, Ermənistan Rusiya ilə münasibətləri mütləq bərpa etməlidir. Demişdi ki, dünya birqütblülükdən çoxqütblülüyə doğru gedir, keçid dövrü isə qeyri-sabitliklə xarakterizə olunur və bu baxımdan Ermənistan da daxil olmaqla, bəzi ölkələr üçün təhlükələr artır: “Rusiya, Türkiyə və İran üçlüyü arasında potensial baxımından ən güclüsü Rusiyadır. Son bir neçə yüz ildə belədir və coğrafiya dəyişmədiyi üçün geosiyasi vəziyyət də çox az dəyişir. Biz öz yerimizdəyik, Türkiyə öz yerindədir. Türkiyənin ambisiyaları (?) artır. Bu ambisiyaların artması bizim üçün müəyyən təhlükə yaradır. Rusiya ilə tərəfdaşlıq və strateji müttəfiqlik münasibətləri bərpa edilməlidir. İran faktorunu da cəlb etməliyik. İran da bizimə dost ölkədir. Ona görə yox ki, qonşudur, ortaq maraqlarımız var. Biz İran komponentini cəlb etməklə Ermənistan–Rusiya münasibətlərində üçbucaq yaratmalıyıq”.
Jurnalistin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana kömək etmədiyi ilə bağlı sualına cavab olaraq Koçaryan dəfələrlə bu məsələ ilə bağlı çıxış etdiyini xatırladıb və qurumunn bütün üzvlərinin Azərbaycanla Ermənistandan daha yaxşı münasibətlərə malik olduğunu bildirib: “Bu məsələ KTMT tərəfindən həll edilməməli idi. KTMT haqqında danışanda qurumu dərhal Lukaşenkonun obrazı ilə əlaqələndirir və “KTMT kömək etmədi” deyirsiniz. KTMT-nin onurğa sütunu olan ölkə (Rusiya nəzərdə tutulur–S.H.) ilə münasibətlərinizi korlayırsız, sonra da “kömək etmədi” deyirsiniz. Niyə kömək etməli idi? Paşinyan özü demişdi ki, hansısa dağ uğrunda döyüşməyəcəklər. Sərhəddə insident oldu, “KTMT kömək etmədi” deyirsiniz. Yardım almaq üçün bəzi prosedurlardan keçməli və bir neçə ay gözləməlisiniz. Əgər sən torpağın üçün döyüşməsən, heç kim sənin üçün vuruşmaz. Səbəbləri ilk növbədə bunda axtarmaq lazımdır”.
R.Koçaryan Ermənistanın üzləşdiyi çətinliklərdə Rusiyanın heç bir rolunun olmadığını deməklə yanaşı, Moskvaya xoş görünmək üçün Avropanın ünvanına tənqidi fikirlər də səsləndirmişdi. Demişdi ki, “qoca qitə”nin Ermənistanın hansısa təhlükəsizlik məsələsini həll edə biləcəyini düşünmək sadəlövhlükdür. “Belə bir hal yoxdur”, – deyən Koçaryan əlavə etmişdi ki, Fransa prezidenti Emmanuel Makron hansısa gəlişigözəl bəyanat verəcək, ermənilər sevinəcək, bəlkə o, hətta Ermənistan baş nazirini qucaqlayacaq və bununla da hər şey bitəcək: “Hazırda bu regionda aktor ola biləcək üç dövlət var: Rusiya, Türkiyə və İran. Hansı ölkə bizə daha yaxındır, hansı ölkə ilə iqtisadi əlaqələrimiz daha güclüdür, tarixi və miqyası var, hansı dövlət daha qüdrətlidir və ən böyük iqtisadi və hərbi potensiala malikdir? Bunlar alternativ cavabı olmayan suallardır”.
O qeyd etmişdi ki, bir-birini tamamlayan siyasət aparılmalıdır: “Bu, bizim çoxsaylı alternativlərimizin olması halı deyil. Avropa ilə bağlı müzakirələr mənasızdır, Avropa onlara heç reaksiya vermir. Onların bir məqsədi var – Rusiyaya zərər vurmaq. Bu, strategiya deyil, kiminsə əlində alətə çevrilmək üsuludur”.
***
Beləliklə, R.Koçaryanın bu müsahibəsi onun son illərdə Qərbə, xüsusən də Avropa İttifaqı və ABŞ-a qarşı ritorikasını daha da sərtləşdirməsinin göstəricisi olmuşdu. O, Avropanı Ermənistanın daxili işlərinə müdaxilə etməkdə, Qərb dəyərlərini isə ölkənin milli kimliyinə təhdid yaratmaqda günahlandırır. Bu çıxışlar ilk baxışda müstəqil mövqe təsiri bağışlaya bilər, amma, əslində, Koçaryan bu ritorika vasitəsilə Rusiyaya xoş gəlməyə, Kreml qarşısında özünü, necə deyərlər, etibarlı oyunçu kimi təqdim etməyə çalışır. Onun Qərbə yönələn tənqidləri daha çox Kreml üçün səslənən siyasi mesajlara bənzəyir və daxili auditoriyadan çox, Moskvanın siyasi isteblişmentinə ünvanlanıb.
Sabiq prezidentin bu mövqeyi Ermənistanın balanslı xarici siyasətinə ziddir. Paşinyan hökumətinin Qərblə əlaqələri genişləndirməsi, demokratiya, hüquq-mühafizə və iqtisadi islahat sahələrində əməkdaşlıq qurması Koçaryan üçün təhlükə kimi görünür. Çünki bu proseslər sabiq prezidentin rüşvətə, korrupsiyaya və güc balansının şəxsi maraqlara uyğun qurulmasına əsaslanan idarəetmə modelini sıradan çıxarır. Bu səbəbdən də, o, Qərbi tənqid edərək Rusiya ilə ideoloji yaxınlıq nümayiş etdirməyə çalışır. Halbuki bu yanaşma Ermənistanın suveren seçimini məhdudlaşdırır və ölkəni yenidən bir qütbün təsirinə salmağa xidmət edir. Qərbi tənqid etmək, Rusiyaya sədaqət nümayiş etdirməklə hakimiyyətə gəlmək arzusu Koçaryanın keçmişdən dərs almadığını və hələ də xalqı deyil, sponsorlarını düşünən siyasətçi olaraq qaldığını sübut edir.
Bütün bunlar fonunda R.Koçaryanın növbəti dəfə Rusiyaya səfər etməsi ciddi maraq doğurur. Moskvada əsas müzakirə mövzusunun baş nazir Paşinyana qarşı impiçment məsələsi olmasına dair yayılan iddiaların nə qədər real olub-olmadığı hələ tam aydın deyil. Amma məlumdur ki, Koçaryan son illərdə bir neçə dəfə siyasi səhnəyə qayıtmaq üçün cəhdlər göstərib və hər dəfə cəmiyyət tərəfindən ciddi dəstək ala bilməyib. Onun rəhbərlik etdiyi “Hayastan” bloku parlamentdə simvolik təmsilçilikdən kənara çıxmır, ictimai reytinqi isə minimum səviyyədədir. Belə olan halda, Koçaryanın Moskvaya arxalanaraq ölkədə siyasi dəyişikliklər etmək istəyi həm siyasi etikaya, həm də Ermənistanın suverenliyinə ziddir.
Daha da düşündürücüsü odur ki, Koçaryan ermən xalqının seçimi ilə formalaşan hakimiyyəti devirmək məqsədilə xarici paytaxta, özü də tarixi hegemon mərkəz sayılan Moskvaya müraciət edir. Bu, istər siyasi, istərsə də mənəvi baxımdan qəbulolunmaz bir davranışdır. O, öz şəxsi ambisiyalarını xalqın seçiminin, demokratik proseslərin və regional sabitliyin önünə qoyur. Əlbəttə, Paşinyanın siyasi kursu və qərarları mübahisəli ola bilər, lakin siyasi dəyişikliklər hər bir ölkədə yalnız daxildə – xalq iradəsi və qanuni yolla baş verməlidir. Koçaryanın Moskva ilə belə bir plan üzərində anlaşması ehtimalı Ermənistanı yenidən nisbi müstəqillik dövrünə qaytara bilər.
Əslində, bu fonda əsas məsuliyyət birbaşa Koçaryanın üzərinə düşür. O, Ermənistana illərlə rəhbərlik etmiş bir şəxs kimi ictimaiyyət qarşısında hesab verməli olan biridir. Hər hansı sabiq prezidentin xarici paytaxtlarda siyasi planlar quraraq ölkəsinin konstitusion hakimiyyətinə qarşı layihələr hazırlaması normal qəbul edilə bilməz. Onun Rusiya ilə bu cür təmaslarının nə Ermənistan xalqı tərəfindən mandatı var, nə də real siyasi dayağı. Kremlin erməni məsələləri üzrə emissarları ilə Koçaryanın dialoqu, əslində, Ermənistanda siyasi sistemin, necə deyərlər, arxa qapıdan devrilməsi cəhdidir. Bu isə nəinki Ermənistanın daxilində, eyni zamanda, regionda da sabitlik üçün təhlükə yarada bilər.
Onu da bildirək ki, “Hraparak” qəzeti mənbələrə istinadən N.Paşinyanın impiçmenti üçün Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülə biləcəyini yazıb. Belə bir siyasi fiqirun baş nazirliyə potensial namizəd kimi gündəmə gətirilməsi Koçaryanın planlarının təkcə şəxsi maraqlarla yox, həm də taktiki kombinasiya ilə müşayiət olunduğunu göstərir. Müxalif fraksiyaların öz namizədlərindən imtina etməsi ehtimalı, Moskva tərəfindən razılaşdırılmış fiqurun irəli sürülməsi ssenarisini aktuallaşdırır. Bu da Ermənistan siyasətində müstəqil siyasi qərarların yerini əlaqələndirilmiş kənar müdaxilələrin alması deməkdir.
İlyas HÜSEYNOV,
politoloq
– Robert Koçaryan bu oyunla yalnız Paşinyanı deyil, bütövlükdə hayların seçimini hədəfə alır. Ermənistanın Rusiyaya münasibətdə hansı siyasəti yürütməsi barədə müxtəlif baxışlar ola bilər, amma bu münasibət daxili siyasi iradə üzərindən formalaşmalıdır, şəxsi maraqlar və klan təfəkkürü üzərindən deyil. Moskvanın hansı emissarını dövriyyəyə buraxmasından asılı olmayaraq, əgər bu prosesdə şəffaflıq və legitimlik yoxdursa, nəticə həm Ermənistan, həm də region üçün fəsadlı olacaq.
Əlbəttə, Rusiya Ermənistandakı proseslərə maraqlı ola bilər. Bu, geosiyasi reallıqdır. Ancaq burada əsas məsələ Ermənistanın öz daxilində hansı fiqurların hansı məqsədlərlə bu maraqlara vasitəçilik etməsidir. Koçaryan kimi simalar təkcə xarici güclərin maraqlarını təmin etmir, həm də daxildə sabitliyə qarşı sistemli təhdid yaradırlar. Onun Kremlin emissarları ilə gizli danışıqlar aparması, özünün baş nazirliyə dönüşü və ya Paşinyanın devrilməsi ssenarilərində iştirak etməsi Ermənistanın gələcəyi üçün təhlükəli presedent yaradır. Bu, həm siyasi etikanın, həm də hayların onsuz da zəif olan dövlətçiliyinin zədələnməsi deməkdir.
Səxavət HƏMİD
XQ