Ölkəmizdə qazölçmə qovşaqları buraxılacaq

post-img

Azərbaycanda ilk dəfə olaraq Gəncə Cihazqayırma Zavodunda qazpaylayıcı şəbəkələr üçün qazölçmə qovşaqları buraxılışına başlanılıb. Müəssisədən mediaya bildirilib ki, istehsal üçün qısa müddətdə yeni sexlər tikilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb. Qaz sayğaclarının hissələrinin mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Hazırda bu sahədə çalışacaq mütəxəssislərin yetişdirilməsi istiqamətində zavodda mühüm tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, hazırda Gəncə Cihazqayırma Zavodunda ildə 500 minə yaxın qaz sayğacı istehsal olunur. Zavod fəaliyyətə başladığı dövrdə isə illik istehsal gücü 300 min ədəd təşkil edib. V.Rəhimov qeyd edib ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə istehsal prosesi genişləndirilə bilər. Bunun üçün müəssisənin texniki imkanları və insan resursları kifayət qədərdir. Hazırda isə zavodda 250–270 nəfər çalışır.

Xatırladaq ki, Gəncə Cihazqayırma Zavodunun qaz sayğacları, əsasən, ölkə daxilindəki tələbatı qarşılayır, su sayğacları isə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiyaya ixrac olunur. Müəssisənin enerji resurslarının ölçülməsi sahəsində ixtisaslaşdığını bildirən baş mühəndisin müavini onu da deyib ki, 2022-ci ildən etibarən burada istehsal olunan su sayğacları ölkənin su təchizat sistemində geniş istifadə olunur və etibarlılığı ilə seçilir.

Son illər Azərbaycan Dövlət Neft Şirkətində həyata keçirilən islahatların nəticəsi olaraq yerli istehsala xüsusi önəm verildiyini vurğulayan Vasif Rəhimovun sözlərinə görə, əvvəllər idxal edilən bəzi məhsulların ölkə daxilində istehsalının təşkili ilə bağlı təşəbbüsə qoşulan Gəncə Cihazqayırma Zavodu artıq məişət qaz sayğacları və onların montaj hissələri – elektron modullar, qoruyucu qutular, müxtəlif təyinatlı plomblar və digər komponentlərin buraxılışını təşkil edib.

Yeri gəlmişkən, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci il noyabrın 4-də “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda, meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının “Azəriqaz” tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub.

Memorandum çərçivəsində ilkin olaraq 2 min ədəd qaz sayğacının “Azəriqaz”a təqdim olunması təmin edilib. Həmin sayğaclar sınaq qurğularında yoxlanılıb və eyni zamanda, “Azəriqaz”ın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin mayında “Azəriqaz”ın məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ilə müqavilə bağlanıb.

Ümumilikdə, “Azəriqaz” ilə “Gəncə Cihazqayırma Zavodu” arasında əməkdaşlıq çərçivəsində sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığının azaldılması məqsədilə qaz sayğaclarının alqı-satqısının yerli istehsal hesabına həyata keçirilməsi, yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması, şəffaflığın təmin edilməsi, eləcə də qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi nəzərdə tutulub.

 

İqtisadiyyat