Parlamentdə Qlobal Cənubla bağlı müzakirələr

post-img

Mayın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən söz açıb. Azərbaycanın Qlobal Cənub və Qərb arasında siyasi və iqtisadi dialoqun gücləndirilməsi istiqamətində mühüm körpü rolu oynamaq potensialından bəhs edən Səməd Seyidov qeyd edib ki, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkənin qlobal iqlim gündəliyindəki rolunu və Qlobal Cənub və Qərb arasında iqlim məsələlərində əməkdaşlığın inkişafına verdiyi töhfəni göstərir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın son illər Qlobal Cənubda getdikcə güclənən və beynəlxalq səviyyədə tanınan mövqeyi barədə danışıb. Bildirib ki, Azərbaycan xarici siyasətdə çoxtərəfliliyə böyük dəstək verən ölkələrdən biridir. Azərbaycanın Qlobal Cənub ölkələrinin səsi sayılan Qoşulmama Hərəkatına sədrliyi illərində təşkilat Prezident İlham Əliyevin təşəbbüsləri ilə qlobal siyasətdə kifayət qədər aktiv rol oynayıb, inkişaf etməkdə olan ölkələrin səsini beynəlxalq platformalara çatdırıb, onun institusional inkişafında əməli addımlar atılıb, təşkilatın parlament şəbəkəsi və gənclər təşkilatı yaradılıb. Azərbaycan COP29-a sədrliyi dövründə də Qlobal Cənubda liderlik rolunu bir daha təsdiqləyib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qlobal Cənub platformasının gündəliyindən söz açıb, Azərbaycanın bu platformada əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Fariz İsmayılzadə, Asim Mollazadə, Sevinc Fətəliyeva, Zaur Şükürov, Nəsib Məhəməliyev, Pərvanə Vəliyeva, Rizvan Nəbiyev, Sevil Mikayılova, Gülşən Paşayeva və Nigar Məmmədova çıxışlarında bugünkü müzakirənin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Qlobal Cənubla münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.

XQ

Siyasət