Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” qəzetinə verdiyi müsahibədə Azərbaycan əleyhinə səsləndirdiyi iddialar nəinki qəbuledilməz, hətta Qərb dövlətlərinin uzun müddət müşahidə etdiyimiz ikili standart siyasətinin açıq nümunəsidir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin verdiyi sərt cavab təkcə diplomatik reaksiya deyil, həm də illərdir yığılıb qalan ədalətsizliyə, qərəzli yanaşmaya və siyasi ifratçılığa qarşı prinsipial mövqe kimi dəyərləndirilməlidir.
AŞPA artıq uzun müddətdir ki, etimad böhranı yaşayır. Onun rəhbərlərinin və bəzi nümayəndələrinin region dövlətlərinə, xüsusilə Azərbaycana münasibətdə göstərdiyi qərəzli mövqe bu qurumu öz missiyasından uzaqlaşdırıb. İnsan haqları, hüququn aliliyi və demokratik dəyərlər kimi yüksək ideyaların arxasında gizlənən siyasi manipulyasiyalar, AŞPA-nın obyektivlikdən uzaqlaşdığını bir daha sübut edir.
Rusopulosun səsləndirdiyi fikirlər sadəcə etik və diplomatik sərhədləri aşmaq deyil, həm də AŞPA-nın daxilindəki isterik vəziyyətin, daxili xaosun və normativ dəyərlərdən uzaqlaşmanın təzahürüdür. O, özü ilə bağlı yaranmış etimadsızlıq mühitini ört-basdır etmək üçün diqqəti Azərbaycanın üzərinə yönəltmək kimi köhnəlmiş və nəticəsiz bir taktika seçmişdir.
Azərbaycan beynəlxalq hüquqa söykənən, ədalətə əsaslanan, prinsipial və ardıcıl mövqe nümayiş etdirən bir dövlətdir. 30 il ərzində işğala məruz qalan, beynəlxalq hüququn pozulmasına reaksiya verməyən beynəlxalq institutlara baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi – bu, beynəlxalq hüququn təntənəsi idi. Bu reallığı qəbul etməkdə çətinlik çəkən bəzi Qərb siyasətçiləri həmin uğuru gözdən salmaq üçün qərəzli ritorika və yalan ittihamlar səsləndirirlər.
Ayxan Hacızadənin qeyd etdiyi kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyi halda, onun qərarlarına da əhəmiyyət verməyərək prinsipial mövqe sərgiləyir. Bu, hüquqi zəmində tam əsaslıdır və onu göstərir ki, Azərbaycan beynəlxalq hüquqa seçici deyil, prinsipial və balanslı şəkildə yanaşır.
Avropa qurumları daxilində yaranan bu cür ritorika, əslində, daha geniş bir kontekstdə – Avropanın geosiyasi təsir imkanlarının zəifləməsi və daxili parçalanma tendensiyası fonunda baş verir. Ukrayna müharibəsi, enerji təhlükəsizliyi böhranı və yeni güc mərkəzlərinin yaranması fonunda Avropa öz mövqeyini itirməkdədir. Bu durumda Azərbaycanın yüksələn rolu – enerji diplomatiyası, regional təşəbbüsləri və yeni nəqliyyat dəhlizləri ilə çıxış etməsi – bəzi dairələrdə qısqanclıq və aqressiv ritorikaya səbəb olur.
Azərbaycanın regional liderə çevrilməsi, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində oynadığı rolu AŞPA kimi qurumların artıq tənəzzülə uğrayan təsirinə zidd bir yüksəliş amilidir. Bu reallıqla barışmaq əvəzinə, qərəzli ritorikalar səsləndirmək həmin institutların zəifliyinin və çıxılmaz vəziyyətinin göstəricisidir.
Azərbaycan AŞPA-nın qərəzli yanaşmalarına baxmayaraq, dialoqa açıq olduğunu dəfələrlə bəyan edib. Bu, dövlətimizin siyasi uzaqgörənliyini və beynəlxalq institutlarla münasibətləri kəsmək yerinə, onları islahatlara təşviq etmək istəyini nümayiş etdirir. Lakin dialoqun mümkün olması üçün qarşı tərəfin də minimum diplomatik etika və obyektivlik nümayiş etdirməsi gərəkdir.
Teodoros Rusopulos və onunla həmfikir olan şəxslərin adlarının "qara siyahı”ya" daxil edilməsi Azərbaycanın diplomatik hüquqlar çərçivəsində atdığı qanuni və sərt addımdır. Bu, həm də mesajdır – Azərbaycanla təhdid dili ilə danışmaq olmaz.
AŞPA və digər Qərb institutlarının “demokratiya ixracı” adı altında apardıqları siyasi kampaniyalar artıq öz mahiyyətini itirib. Demokratiya seçkili idarəetmə, xalqın iradəsi, ədalət və hüquq üstünlüyü deməkdirsə, Azərbaycan bu prinsipləri qorumaqda israrlıdır.
Rusopulosun ritorikası isə Avropanın daxilindəki böhranlı, qərəzli siyasətin nə qədər təhlükəli səviyyəyə çatdığını və bu qurumların yenidən formalaşma zərurətini ortaya qoyur. Azərbaycan isə öz mövqeyində sabitdir – hüquqa, ədalətə və milli maraqlara əsaslanaraq, beynəlxalq münasibətlərdə öz sözünü deyir.
Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru