Almaniyanın Hessen əyalətinin parlamenti qarşısında Azərbaycan Bayrağı qaldırılıb

post-img

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hessen əyalətinə səfər edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində əyalətin paytaxtı Visbaden şəhərində Hessen Landtaqının (parlament) sədri Astrid Valman və əyalət baş nazirinin müavini və iqtisadiyyat naziri Kaveh Mansuri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və yeni tərəfdaşlıq imkanları, xüsusilə bərpaolunan enerji, logistika və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Landtaq binası qarşısında Azərbaycan bayrağı qaldırılıb, səfir Landtaqın xatirə kitabına ürək sözlərini yazıb.

Həmçinin Landtaqın sədri A.Valmanın müşayiəti ilə parlamentin plenar iclasına qatılan N.Ağayev deputatlara təqdim olunub.

Səfər çərçivəsində diplomat Frankfurt Sənaye və Ticarət Palatasında (IHK Frankfurt) vitse-prezident Oliver Şvebel və bir sıra aparıcı şirkətlərin nümayəndələri ilə görüşərək, Azərbaycan ilə Hessen arasında iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə edib.

Eyni zamanda, N.Ağayev Frankfurt Yəhudi İcmasının sədri Mark Qrünbaum və idarə heyətinin üzvləri, Frankfurtun baş ravvini Avixay Apel, Makkabi Almaniya təşkilatının sədri Alon Meyer və Almaniyadakı Qafqaz Yəhudiləri İcmasının sədri Avi Şefatya ilə görüşərək, Azərbaycanda yəhudi icmasının həyatı, tarixən harmoniya və qarşılıqlı anlayış şəraitində, hər hansı antisemitizmlə üzləşmədən yaşamaları barədə danışıb, gələcək əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində N.Ağayev Frankfurtda yaşayan azərbaycanlı icma nümayəndələri ilə də görüşüb.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlkn























Siyasət