Bakı Təşəbbüs Qrupu kolonializmlə mübarizədə bizə nümunəvi şəkildə dəstək göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi fikirlərinə belə davam edib: “Bizim azadlıq mübarizəmiz başlayıb və müstəmləkədən azadlığa nail olana kimi davam edəcək. Fəaliyyətimizdə nailiyyətlər əldə etmişik ki, bu da düşmənə qarşı mübarizə aparmağa imkan verəcək. Bizim xalqlarımız birgə qətiyyətlə mübarizə aparır. Mübarizəmizin beynəlxalq səviyyəyə çatdırılması vacibdir. Çünki biz dəstək almalıyıq. BMT bizim tərəfdaşımız ola bilər. Burada Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. BTQ nümunəvi şəkildə bizə dəstək göstərir. Kolonializmdən əziyyət çəkən ərazilərin sakinləri ədalət üçün vuruşur, çiçəklənmək, azad olmaq istəyirlər. BMT bir sıra qətnamələrlə üzv dövlətlərə müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərin artırılmasına çağırış edib
Biz bütün ölkə və beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə şahid olmağa dəvət edirik. BTQ-nin fəaliyyəti örnək olmalıdır.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi insanlığın tələb etdiyi qaydada bu mübarizədə həmin xalqların yanındadır.
Dominantlığı qorumaq istəyən dövlətlər insanlığın nifrətini qazanır. Biz beynəlxalq səviyyədə mediasiyaya başlamalıyıq. Burada BMT-nin dəstəyinə güvənə bilərik. Təşkilatın Dekolonizasiya Komitəsi bizə dəstək göstərməlidir. Suverenliyə nail olanda hüquqi və siyasi imkanlar formalaşacaq. Biz daha ədalətli dünya üçün müstəmləkəçiliyin hər bir formasına qarşı birgə mübarizə aparmalıyıq”.