Bizim nəsil dünyanı daha gözəl bir məkana çevirməkdə uğursuz oldu. Lakin gənc nəsil Qərblə Şərq arasında körpülər qurur. Mən həm nikbinəm, həm də realist.
AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrin deyib.
O bildirib ki, geosiyasi dəyişikliklər tarix boyu daim baş verib. İkinci Dünya müharibəsi, “soyuq müharibə”, pandemiya – bütün bu hadisələr dünyamızı dəyişib. Lakin hazırda proseslər daha da qütbləşir. Bəzi qüvvələr media vasitəsilə təsir göstərməyə çalışır. Yumşaq gücün təsiri azalır, möhkəm güc isə güclənir.
Şafik Qabrin beynəlxalq təşkilatların əsas zəifliyinin onların daha çox hərbi xərclərlə bağlı müzakirələr aparmasında olduğunu vurğulayıb. “Anlamalıyıq ki, geosiyasi dəyişikliklər baş verdikcə geoiqtisadiyyat da dəyişəcək. Bu, bütün dünyaya təsir göstərəcək. Əgər geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq”, - deyə o əlavə edib.