Hind filmlərinin təsiri və “dərman diplomatiyası”ndan fayda
Ermənistan – Hindistan əlaqələri. Əslində, hər şey məlumdur. İkinci birincini silah-sursatla təmin edir. Dünyada ən çox əhaliyə malik ölkə strateji planlar qurur, qlobal proseslərdə iştirak iddiasındadır və müttəfiqi, daha doğrusu, üzərinə siyasi sərmayə yatırdığı tək ölkə Ermənistandır. Hər halda, belə görüntü var. Yazımız isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Nyu-Dehlidə keçirilmiş Hindistan Dünya İşləri Şurasının toplantısındakı çıxışı barədədir. Sonda, həmçinin Hindistan–Ermənistan əməkdaşlığının yeni seqmentindəki müsbət olaraq səciyyələndirdiyimiz məqamı diqqətə çatdıracağıq.
***
Əvvəlcə onu bildirək ki, Hindistan Dünya İşləri Şurası 1943-cü ildə bir qrup Hindistan ziyalısı tərəfindən beyin mərkəzi kimi yaradılıb. Ölkənin vitse-prezidentləri rəsmi olaraq ICWA (Indian Council of World Affairs) abreviaturası ilə tanınan şuraya rəhbərlik edirlər ki, bu da təşkilatın Nyu-Dehli üçün önəmini təsdiqləyir. Onu da deyək ki, beynəlxalq münasibətlərin və xarici siyasətin öyrənilməsi ilə məşğul olan qurum indiyədək “Asiya Əlaqələri Konfransı” (1947-ci ildə) və “Birləşmiş Millətlər Təşkilatı və Yeni dünya nizamı” (1994-cü ildə) kimi tarixi beynəlxalq toplantıların təşkilini həyata keçirib.
Ancaq demək olmaz ki, ICWA dünya miqyasında böyük nüfuza malikdir. Müqayisə bəlkə yerinə düşməz, amma qurumun beynəlxalq aləmdəki ciddilik dərəcəsi ənənəvi hind filmləri ilə eynidir. Əlbəttə, bu fikri heç də Hindistanın Ermənistanı silahlandırdığına görə bildirmirik. Nə də ki, qənaətimiz ikincinin XİN rəhbərinin ICWA-da çıxışı zamanı sərsəmləməsindən qaynaqlanır. Yekunda Hindistan nüvə ölkəsidir və bu statusa yiyələnmək adi məsələ deyil. Hərçənd...
Mövzuya bir suala doğru yön almaqla başlayaq. Erməni nazir bildirib ki, ölkəsi ilə Hindistanı dərin sivil əlaqələri birləşdirir. Sən demə, müasir milli dövlətlər olmazdan əvvəl hind və erməni xalqları təmas saxlayıblarmış. Şübhəsiz, ağ yalan danışmaq və mənasız söhbət etmək üzrə dünya çempionatı keçirilsə, erməni XİN rəhbəri orada birinci pillədə qərarlaşardı. Sualımız isə budur: Görəsən, Hindistanda Mirzoyanın sivilizasiya barədəki nağılına necə dözüblər? Axı nəinki Mirzoyan və Ermənistandakı hər bir erməni, eləcə də istənilən orta statistik qafqazlı Hindistanı Cimi obrazına, “Zita və Gita”ya, “Fillər mənim dostumdur”a və sair bu sayaq filmlərə görə tanıyıb. Əlbəttə, qədim hind mədəniyyətinin dünya mədəniyyətinin formalaşmasında rolu danılmazdır. Eləcə də dövlətçilik ənənələrinin yaranmasında. Amma məsələnin Ermənistana heç bir aidiyyəti yoxdur.
A.Mirzoyan vurğulayır ki, Hindistanla hərtərfli əməkdaşlığın dərinləşdirilməsi Ermənistanın xarici siyasətinin başlıca prioritetidir. Rəsmi İrəvan hazırda bu mənada Fransa və Hindistandan başqa heç bir dövləti düz əməlli tanımır. Çünki onların hər ikisinin fəaliyyəti erməni avantürizminə dəstək üzərindədir. Hərçənd, Nyu-Dehlidən fərqli olaraq, Parisin daha açıq oynamağa üstünlük verdiyini vurğulamalıyıq. İkincinin birinci vasitəsilə İrəvanı silahlandırdığını da həmçinin.
Mirzoyan bildirib ki, Ermənistan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dialoqda və əməkdaşlıqda maraqlıdır. XİN rəhbəri bu mənada İrəvan – Dehli – Tehran oxu ilə bağlı fikirlərini paylaşıb ki, əslində, onun bildirdiklərində hansısa yenilik yoxdur. Sadəcə, bir daha aydın olur ki, üçlük iş başındadır və Şimal – Cənub nəqliyyat dəhlizinə fokuslanmış fərqli gündəm arzusundadır. Ermənistan isə bu gündəmi avantürizmə alətə çevirməkdə israrlıdır. Mirzoyanın “Hindistan manifesti”ndəki digər məqamlar da fikrimizin sübutudur. İranda məsələni dərk edən proqressiv qüvvələr var. Ümid edək ki, belə qüvvələr Hindistanda da yox deyil.
***
İndi isə gələk A.Mirzoyanın bildirdiklərinin qayəsinə. Onun sözlərinə görə, bütün çətinliklərə, təhlükəsizliyə, təhdidlərə baxmayaraq, Ermənistan Cənubi Qafqazda möhkəm sülhün qərarlaşması ilə bağlı ardıcıl fəaliyyətdədir. Göründüyü kimi, Ararat böyük Hindistan platformasında ağlaşma qurur. Məsələ ondadır ki, Cənubi Qafqazda sülhə ən böyük təhdid elə Ermənistanın özüdür. Nazirin haqqında söz açdığı mətləblər isə ölkəsinin bu “ampluadakı” manipulyasiya alətləridir.
Mirzoyan deyib ki, Ermənistan Azərbaycanla sülh prosesinə vicdanla qoşulub. Halbuki, bir çox məqamları nəzərə alsaq, rəsmi İrəvanın mövcud istiqamətdəki mövqeyi vicdansızlıqdan başqa bir şey deyil. Alətlərdən söz düşmüşkən isə deyək ki, hazırda Ermənistan rəhbərliyi üçün Mirzoyanın barəsində danışdığı suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin pozulmasının yolverilməzliyi və güc tətbiqindən uzaq durmaq kimi məsələlər barış mühitini əngəlləyir. 1991-ci ilin Alma-Ata Bəyannaməsinə istinad da həmçinin.
Erməni XİN rəhbəri deyib ki, sözügedən bəyannamə əsasında Azərbaycan və Ermənistan sərhədlərinin 12 kilometrində uğurlu delimitasiya işləri aparılıb. Amma, bu, o deməkdirmi ki, sərhədlərin digər hissələrində də həmin sənədin üzərində dayanılmalıdır? Əlbəttə, müəyyən mənada, dayanmaq olar. Bəs 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat?
***
Məlum olduğu kimi, Ermənistan 44 günlük müharibə məğlubu kimi məsuliyyətdən boyun qaçırır, özünü üçtərəfli Bəyanat yoxmuş kimi aparır. Qeyd edək ki, bu sənədin meydana çıxma səbəbi Ermənistanın 1991-ci ilin Alma-Ata Bəyannaməsinə hörmətlə yanaşmamasına, Azərbaycan torpaqlarını işğal etməsinə bağlıdır. Şübhəsiz, işğal olmasaydı, bir çox proseslər, o cümlədən müharibə baş verməzdi. Savaş yaşandı, üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin təsdiqi oldu. Sənədin 9-cü bəndi, yəni İrəvanın Naxçıvana maneəsiz yol baxımından üzərinə götürdüyü öhdəlik isə qəsbkarlığın cəzası, daha doğrusu, Azərbaycana vurulmuş ziyanın təzminatıdır. Təzminat ödənməlidir. Özü də tam həcmdə.
***
Bəli, rəsmi İrəvan Alma-Ata Bəyannaməsi ilə reallıqların təhrifindən uzaq dayanmalıdır. Amma Mirzoyanın Hindistanda haqqında söz açdığı Ermənistanın Azərbaycana ünvanladığı normallaşma təklifləri məhz reallıqların təhrifinə yönəlub. XİN rəhbəri bildirib ki, ölkəsinin normallaşma kontekstindəki təklifləri, guya, regional nəqliyyat infrastrukturunun blokdan çıxarılmasında qarşılıqlı faydaya əsaslanır, dəmir yolu nəqliyyatından istifadə etməklə tərəflərin yükləri daşınmalarına şərait yaradır. O zaman sual yaranır: Niyə məhz dəmir yolu?
Aydındır ki, dəmir yolunun üzərində dayanmaq Naxçıvana quru yolu məntiqini məhdudlaşdırmaqdır. Deməli, Azərbaycanın mövqeyi nəzərə alınmır. Halbuki, ölkəmiz Naxçıvanla maneəsiz quru yolunu prioritet sayır. Onun “Azərbaycandan Azərbaycana yol” kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Lakin Ermənistanın Naxçıvana yolla bağlı, ümumən regional kommunikasiyaların açılmasındakı manipulyasiyası bununla bitmir. Qədim diyarımıza gedən yolun tam maneəsizliyinə cəbhə açmış rəsmi İrəvan hesab edir ki, yolda sərhəd və gömrük nəzarəti tətbiq edilməlidir. Mirzoyanın haqqında söz açdığı ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı klişesi məhz bu deməkdir.
***
Digər tərəfdən, dəmir yolu əlaqəsi məntiqinin özündə də erməni iqtidarı tərəfindən irəli sürülmüş şərt var. Şərt odur ki, Azərbaycan Mehri-Yerasx dəmir yolu xəttinin Naxçıvandan keçməsinə razılıq verməlidir və bu, “Ermənistandan Ermənistana yol” kimi təqdim olunur. Məsələ ondadır ki, Mehri və Yerasx arasında yol onsuz da var. Yəni burada “Ermənistandan Ermənistana yol” məntiqi mənasızdır və məsələ heç bir halda “Azərbaycandan Azərbaycana yol” məntiqi ilə eyniləşdirilməməlidir. Çünki Naxçıvan blokadadadır, Yerasx isə yox.
***
Başqa bir məqama nəzər salaq. Ermənistanın regional kommunikasiyaların açılmasının quru yolu, daha dəqiq desək, avtomobil yolu seqmenti, ümumiyyətlə, Naxçıvana gediş-gəlişdən uzaqdır. Çünki İrəvan yükdaşımalar üçün Laçın – Konidzor – Marqara xətti üzərində dayanır. Bir sözlə, düz yolu qoyub dağa-daşa düşməyi irəli sürür. Deməli, yüklər Azərbaycanın Laçınından keçərək Ermənistanın Kornidzoruna daxil olacaq, oradan Türkiyə ilə sərhədə, yəni Marqaraya yön alacaq. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyanın bu mövzuda danışarkən işlətdiyi gülməli fikir də var. Onun sözlərindən belə çıxmışdı ki, azərbaycanlı TIR sürücüləri Ermənistan ərazisində hərəkətdən qorxurlarsa, onları türkiyəli sürücülər əvəzləsinlər. Bilmək olmur, adam hökumət başçısıdır, yoxsa...
Əlqərəz, Mirzoyanın Hindistanda səsləndirdiyi cəfəngiyatın bir seqmentinə aydınlıq gətirdik. Növbəti cəfəngiyat budur ki, o, İrəvanın Bakıya silahlanmaya nəzarət üzrə birgə mexanizmi təklif etməsindən söz açır. Təsəvvür edin, Ermənistan özü sürətlə silahlanır, eyni zamanda, belə bir mexanizmi ortaya atır, üstəlik, məsələni regional təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən əsaslandırmağa çalışır. Hələ bu, azmış kimi, “təəssüf ki, Azərbaycan konstruktiv yanaşmamızı bölüşmür” deyərək sərsəmləyir. Onun daha böyük sərsəmləməsi isə budur: “Habelə, biz Ermənistanın suverenliyinə ərazi iddiaları, o cümlədən “Qərbi Azərbaycan” adlı narrativ vasitəsilə yüksək səviyyəli açıq bəyanatlar eşitməkdə davam edirik”.
***
Ermənistan “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini də Hindistan müstəvisinə daşımağı yaddan çıxarmayıb, guya, onların hüquqlarının pozulduğunu iddia edib. Aydındır ki, İrəvan sülh gündəmini məhz “məhbuslar” gündəminə dəyişib. “Tam nizamlama və möhkəm sülh cəmiyyəti barışa hazırlamaqdan keçir. Həll edilməmiş humanitar problemlər prosesə maneçilik törədir”, – deyən Mirzoyan, əslində, ölkəsinin normallaşmadan tam uzaq yol tutduğunu yenidən göstərməkdədir. Belə bir durumda onun Türkiyə ilə münasibətlərin qaydaya salınmasından söz açması isə aşkar həyasızlıqdır.
***
Mirzoyanın həyasızlığı həm də “Dünyanın kəsişməsi” təşəbbüsünü qabardıb az əvvəl diqqətə çatdırdığımız Laçın – Kornidzor – Marqara marşrutunu həmin “təşəbbüsün” tərkibində görməsidir. Deməli, rəsmi İrəvan faktiki olaraq, Naxçıvanın blokadasını davam etdirməklə, bir yandan özünü Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsinə yol verməməyə kökləyir, digər tərəfdən isə Ankara ilə normallaşma xətti baxımından gündəm qondarır. Əslində, erməni iqtidarının istədiyi ərazi bütövlüyü və suverenlik klişesi ilə manipulyasiyanı Türkiyəyə ötürməkdir ki, bu, son dərəcə gülməlidir.
***
Daha bir gülməli məqam isə Mirzoyanın Ermənistanın Avropa İttifaqı əlaqələrin genişləndirilməsi xəttinə sadiqliyini vurğulamasıdır. Erməni iqtidarının necə sadiq olduğunu gördük. Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının üzvlərinin Avropa əleyhinə dediklərindən sonra Paşinyanın komandası Ermənistanın Aİ-yə qoşulmaqla bağlı qanun layihəsinin müzakirəsini təxirə saldı. İndi ölkə, obrazlı desək, yumurtası tərs gəlmiş toyuğa bənzəyir. Yəni vurnuxmaqla məşğuldur.
Ermənistan vurnuxur ki, Mirzoyan Hindistanda Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın ölkəsinə ticarətin həcmini genişləndirməkdə vacib dividend qazandırdığını bildirib. Halbuki, indiyədək hansısa İrəvan rəsmisi bu barədə söz açmırdı. Ümumən, Paşinyan iqtidarının təmsilçiləri özlərini elə aparırdılar ki, sanki Ermənistanın iqtisadi inkişaf tempində Rusiyanın heç bir rolu yoxdur.
Şübhəsiz, hazırda Mirzoyanın reallığı dilə gətirməsinə səbəb Birləşmiş Ştatların anti-Rusiya cəbhəsində yer almaması, nəticə etibarilə Avropanın həmin cəbhədə zəif duruma düşməsidir. Yəni söhbət heç də Ermənistanın çoxqütblü əməkdaşlıq xəttinə üstünlük verməsindən getmir.
***
Anons etdiyimiz kimi, sonda Hindistan – Ermənistan əməkdaşlığının yeni seqmenti üzərində dayanaq. Axı Mirzoyanın səfəri Nyu-Dehli ilə İrəvan arasında iki memorandumun imzalanması ilə nəticələnib. Memorandumlardan biri Ermənistan XİN-nin diplomatik məktəbi ilə tanınmış hind siyasətçisi Suşma Svaracın adını daşıyan diplomatik xidmət institutu ilədir. Digər sənəd isə ölkələrin dərman vasitələri sahəsindəki işbirliyini gücləndirməyi nəzərdə tutur. Hesab edirik ki, hər iki məsələ Ermənistan üçün son dərəcə vacibdir. Güman edirik ki, diplomatiya sahəsində əməkdaşlıq ölkədə Mirzoyan kimi diletantların meydana çıxmasını əngəlləyəcək, erməni diplomatiyasını primitiv hiyləgərlikdən qurtaracaq. Eyni zamanda, ənənəvi xəstəlikdən, şizofreniyadan xilası üçün Hindistanın Ermənistanı keyfiyyətli dərman vasitələri ilə, xüsusən psixotrop dərmanlarla təmin etməsi çox vacibdir. Axır ki, müsbət nə isə tapdıq.
Ə.CAHANGİROĞLU
XQ