Milli Məclis Sədrinin Gürcüstan görüşləri

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

Gürcüstan Prezidenti bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə çatdırıb. Gürcüstan Prezidenti səmimi salamlarına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolu vurğulanaraq, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin dövlətlərimiz arasında münasibətlərin ruhuna uyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Sahibə Qafarova martın 10-da iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini diqqətə çatdıraraq, bu sənədin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana öz minnətdarlığını bildirib.

Həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan–Türkiyə–Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.

***

Milli Məclisin Sədri Sahibə Qafarova martın 11-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb.

Görüşdə Baş nazir İrakli Kobaxidze dost və qonşu ölkələrimiz arasında təmasların, qarşılıqlı səfərlərin mütəmadi hal almasından məmnunluğunu bildirib. Baş nazir son bir il ərzində Azərbaycana üç dəfə səfər etdiyini xatırladıb və bu səfərlərlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Görüşdə Gürcüstan–Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin qarşılıqlı hörmətə və etimada əsaslandığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər xalqlarımızın əsrlər boyu davam edən dostluq əlaqələrinə söykənir. Xalqlarımız həmişə mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar və bu ənənələr bu gün də davam edir.

Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Gürcüstanın Baş nazirinə çatdırıb. Gürcüstanın Baş naziri salamlara və xoş arzulara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, Azərbaycanın Prezidentinin rəhbərliyi ilə uğurlu inkişafının bir çox ölkələr üçün nümunə olduğunu söyləyib.

Söhbət zamanı qeyd olunub ki, ölkələrimiz arasında nümunəvi siyasi əlaqələr bütün digər sahələrdə, o cümlədən iqtisadi sferada uğurlu münasibətlərin təmin olunmasını şərtləndirib. Azərbaycan–Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji, nəqliyyat layihələrinin həyata keçirilməsinə də imkan yaradıb ki, bu gün bu layihələr nəinki Cənubi Qafqazda, o cümlədən daha geniş regionda mühüm amilə çevrilib.

Sahibə Qafarova ölkələrimizin qanunverici orqanları arasında mövcud olan geniş əməkdaşlıq münasibətləri barədə Baş nazirə məlumat verib.

Söhbət zamanı parlamentlərimiz arasında imzalanan əməkdaşlıq haqqında memorandumun önəmi bir daha vurğulanıb və sənəd yeni yol xəritəsi kimi qiymətləndirilib.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İrakli Kobaxidzenin və Azərbaycanın Baş nazirinin həmsədrliyi ilə cari ilin yanvarında keçirilmiş Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub. Əməkdaşlığın dərinləşməsində yüksəksəviyyəli səfərlərin əhəmiyyətinə də diqqət yetirilib.

Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinin təşviqini müzakirə ediblər.

Görüşdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin edilməsinə töhfə verməyə hazırdır.

XQ

 

Son xəbərlər