Yaxud utanmasan, oynamağa nə var...
Ermənistan baş naziri Nikol Paşinyan şəxsi “Telegram” hesabında, bir növ, qəzəb püskürüb. O, özünə qarşı yönəlmiş ittihamlara sərt cavab verərkən ucuz populizmə baş vurmağı da yaddan çıxarmayıb. Ancaq Nikolun bildirdikləri ənənəvidir. Baş nazirin onu “satqın” və “xain” adlandıranlara cavabı isə subliminal xassəlidir. Yəni, erməni hökumət rəhbəri ad çəkmir.
Əvvəlcə, onu bildirək ki, terrorçu “Daşnaksütyun” partiyasının bu günlərdə İrəvanda keçirilmiş 35-ci yığıncağında N.Paşinyan hakimiyyətini devirməyə yönəlmiş çağırışlar səsləndirilib. Görünür, Nikol məhz həmin çağırışlara görə qəzəblənərək özündən çıxıb.
N.Paşinyan bildirib ki, guya, zamanında onu heç kəs hakimiyyətə gətirməyibmiş: “Məni heç kim hakimiyyətə gətirmədi. 2018-ci ildə populyar, qeyri-zorakı məxməri inqilab xalqı hakimiyyətə gətirdi. Mən ancaq xalq hakimiyyətinin etibarlı adamıyam və o, nə vaxt istəsə, məni başqası ilə əvəzləyəcək”.
Əlbəttə, Nikol hazırda belə bəyanatlar səsləndirə bilər. Çünki vaxtilə onu iqtidar kürsüsündə oturdanlar indi siyasi səhnədən siliniblər. Nəzərə alaq ki, Ermənistanda 2018-ci ildə baş vermiş inqilabı “Soros inqilabı” adlandıranlar çoxluq təşkil etməkdədir. Hazırda isə nə Soros var, nə də ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Fondu olan USAID. Deməli, Paşinyan nə qədər istəsə, boğazdan yuxarı danışa bilər və danışır da.
Digər tərəfdən, Nikol ilk dəfədir hakimiyyətdən getməklə bağlı fikir səsləndirir. Görəsən, baş nazir xalqın nə zaman istəsə, onu hakimiyyətdən uzaqlaşdıracağını vurğulamaqla, daha doğrusu, xalq deməklə kimləri nəzərdə tutur? Ermənistan cəmiyyətinin kal strukturunumu? Görəsən, Nikolun 44 günlük müharibədəki məğlubiyyətin nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixli bəyanatı imzalamasından sonra İrəvanın küçələrində iğtişaş törədənlər, ölkənin hazırkı xarici işlər naziri, o zamankı parlament sədri Ararat Mirzoyanın burnunu qırıb al-qana qərq edənlər kimlər idi?
Ümumiyyətlə, Ermənistanda xalq ilə başıpozuq kütlə arasında sərhədlər, demək olar ki, yoxdur. Bilmək olmur ki, hansı qüvvələr xalqı, hansılar revanşist və şovinistləri təmsil edirlər. Birincilərin səsi ümumiyyətlə eşidilmir. Yəni, Nikol əmin olsun ki, sabah onu devirməyə qalxanlar tapılsa, kimlərin xalq, kimlərin başıpozuq kütlə olduğunu müəyyənləşdirə bilməyəcək. Yəqin, elə buna görədir ki, baş nazir hazırda fərq qoymadan zorakı davranışa üstünlük verir.
N.Paşinyan onu da qəzəbli formada yazır ki, “fırıldaqçılar-qəsbçilər, Ermənistanda niyə hakimiyyətə gətirildiyinizi deməyi unutmayın! Siz deməyəcəksiniz, amma mən deyəcəm: Ermənistan Respublikası heç vaxt müstəqil dövlət olmamalıdır. Heç bir halda dövlət olmamalıdır”.
Baş nazirin bu fikirləri hansı qüvvələrə ünvanladığı məlumdur. Həqiqətən, Ermənistanda fırıldaqçılar və qəsdçilər eyni zümrədirlər. Söhbət artıq varlığına xitam verilmiş Qarabağ xuntasının təmsilçilərindən gedir. Bu xuntanın Robert Koçaryan dövrü də olub, Serj Sarkisyan dövrü də. Birinci hakimiyyətə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın istefaya məcbur etməklə gəldi. Robert və fırıldaqçıları səpdikləri Qarabağ toxumları ilə sadə erməniləri aldatdılar. İkincilər kütlə halında prezidentə qarşı çıxdılar və beləliklə Levon istefa vermək məcburiyyətində qaldı. Bu, faktiki olaraq, dövlət çevrilişi idi.
Paşinyanın qəsdçilər məntiqi də fırıldaqçılar məntiqinin davamıdır. Məsələ ondadır ki, R.Koçaryanın hakimiyyət kreslosunda möhkəmlənməsi 1999-cu ilin parlament terrorundan sonra oldu. Həmin ilin dekabrında bir qrup başıpozuq əlində avtomat silahlarla Ermənistan Milli Assmbleyasının binasına soxularaq ölkənin baş naziri və parlament sədrini, o cümlədən onlara yaxın vəzifəli şəxsləri və deputatları qətlə yetirdi. Beləliklə, Robertə müxalif olan və onun prezidentliyini əhəmiyyətsizləşdirən kəsim sıradan çıxarıldı. Nəticədə Qarabağ klanının Ermənistanda hakimiyyəti zəbti prosesi başa çatdı və klan özünün iyirmi illik hökmranlıq yoluna çıxdı.
Bəli, Paşinyan ona görə haqlıdır ki, Qarabağ klanının, yəni xunta rejiminin hakimiyyəti dövründə Ermənistan formal dövlət statusunda idi və əmrləri Rusiyadan alırdı. Əslində, Nikolun xalq dediyi kəsimi də narahat edən bu idi. Həmin xırda kəsim Paşinyanın pozitiv kimi görünən fikirlərinə önəm verərək hazırkı başıpozuqlarla mövqesizlər arasındakı balansa ağırlıq gətirdi və Nikol hakimiyyətə yiyələndi. Ancaq o, nə etdi? Cavab birmənalıdır – baş nazir daha pis erməni olduğunu göstərməyə girişdi və “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. Əslində, dövləti parçalamaq üçün məhz bu bəyanatı səsləndirmək lazım idi. Çünki müasir Ermənistan Qarabağ avantürasına söykənmişdi. Bir dövlət ki, başqalarının torpağına qəsbi ideologiya halına gətirir, deməli, məhvə məhkumdur. Nikol sözügedən bəyanatı ilə məhv ssenarisinə şərik çıxdı.
Bəli, N.Paşinyan anlamalıdır ki, indinin özündə də Ermənistan fəlakətdən qurtulmayıb və bunun günahkarı subliminal tərzdə qəzəb yağdırdıqları yox, onun özüdür. Başqa bir yandan, məgər Paşinyan iqtidarı Qərbin, o cümlədən Fransanın dediklərini itaətkarcasına yerinə yetirmir? Yoxsa, İrəvan Parisin təhriki ilə ölkəni illüziya bataqlığına çəkmir? Bunların hamısı reallaşır. O zaman daha bir sual yaranır: Əgər Ermənistanın sonunu gətirəcək ölkəni parçalamaq əmri varsa, onun icrasında tərəddüdsüz davranan kimdir, hansı qüvvədir? Cavab birmənalıdır - Paşinyan və rəhbərlik etdiyi “Vətəndaş sazişi”. Ancaq Nikol utanmadan yazır ki, guya, partiyası və tərəfdarları Ermənistanı məhvdən qurtarıblar: “Sizin xəyanət adlandırdığınız bizim çətin və qəddar, lakin getdikcə daha çox ehtimal olunan bu planı məhv etmək cəhdimizdir”. Necə deyərlər, utanmasan, oynamağa nə var...
Ə.RÜSTƏMOV
XQ