Martın 10-da parlamentdə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından danışıb. O, bu ilin fevralında Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Parlament Assambleyasının yekununda qəbul edilən Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların öz əksini tapmasının əhəmiyyətini vurğulayıb. Fazil Mustafa bu işin davam etdirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının prosesə daha fəal cəlb edilməsi, o cümlədən parlamentlərarası platformalarda daha fəal olmaq üçün QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov Qərbi Azərbaycana dinc yolla və ləyaqətli şəkildə qayıdış işində QHT-lərin üzərinə düşən vəzifələr, xalq diplomatiyasında onların iştirakı, təcrübəli QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi kimi məsələlər barədə fikirlərini bildirib. Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycana qayıdış konsepsiyası üzrə strategiyası, bu istiqamətdə həyata keçirilən qrant layihələri, onların məzmunu, yekunları və nəticələri barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə keçirilən dinləmələrin əhəmiyyətini diqqətə çatdırıb, bu müzakirələrin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququnun beynəlxalq miqyasda tanınması, tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıblar.