Azərbaycanın etibarlı enerji tərəfdaşı Belçikanın paytaxtında Avropa Komissiyası və Slovakiya arasında yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Slovakiyanın üzləşdiyi qaz təchizatı probleminin müzakirəsinə həsr olunmuş iclasda ölkəmiz energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Toplantıda Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero və Slovakiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər. Avropa Komissiyasının və Slovakiyanın nümayəndələri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıblar. Həm təbii qazın tədarükü, həm də “yaşıl” enerji sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun da iştirak etdiyi müzakirədə ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb. Nazir müavini Azərbaycanın enerji dəhlizlərinin yaradılması istiqamətində strateji rolundan bəhs edərək ölkəmizin Avropa tədarükçüləri ilə əməkdaşlığın genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasına dair dialoqa töhfə verməyə hazır olduğunu bildirib. İclasda bərpaolunan enerjidən istifadənin inkişafı və ixrac planları haqqında məlumat verilib, “Xəzər – Qara dəniz – Avropa”, “Azərbaycan – Mərkəzi Asiya –Avropa”, “Azərbaycan – Türkiyə –Avropa” və “Azərbaycan – Gürcüstan –Türkiyə – Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin reallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Səfər çərçivəsində Avropa Komissiyasının enerji üzrə baş direktoru Ditte Juul Jorgensen ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq, Mərkəzi Asiyadan “yaşıl” enerji tranziti də daxil olmaqla Avropaya bərpaolunan enerjinin müxtəlif marşrutlarla tədarükü məsələsi müzakirə edilib.