Paşinyan Zəngəzur dəhlizini açmağa hazır deyil

post-img

Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan azad edilmiş ərazilərin bərpasını sürətlə həyata keçirir. Hal-hazırda Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı layihələr həyata keçirilir. Bu regionun ən böyük strateji üstünlüyü onun tranzit marşrutlarının üzərində yerləşməsidir. Azərbaycanın açılmasını israrla təkid etdiyi Zəngəzur dəhlizi, həm bölgənin, həm də geniş mənada regionun iqtisadi inkişafında əsas hərəkətverici qüvvədir.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü XQ-yə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə blef edir: "II Qarabağ müharibəsindən sonra xeyli vaxt keçib, amma Paşinyan Zəngəzur dəhlizini açmaq istiqamətində heç bir təşəbbüs göstərməyib. Orada 30-40 kilometrlik bir məsafə var amma infrastrukturun bərpası istiqamətində Ermənistanın heç bir iş görmədiyini müşahidə edirik”.

Ekspert vurğulayıb  ki, bu mənada Paşinyanın "Zəngəzur dəhlizi artıq açılmağa hazırdır" bəyanatlarının reallaşacağına inanmır: “Təəssüf ki, Paşinyan bu cür bəyanatlarla daxili və xarici ictimaiyyəti çaşdırmağa eyni zamanda Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır”.

“Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni edir, istər siyasi bəyanatlar, istər real əməli işlər həyata keçirir. Biz azad olunmuş ərazilərdə - Zəngəzur dəhlizinə düşən hissədə istər dəmir yolu, istərsə də avtomobil yolu infrastrukturunu ən yüksək səviyyədə bərpa edirik. Amma Ermənistan tərəfindən heç bir hərəkət görülmür. Əvəzində bu cür yanlış bəyanatlar verilir. Paşinyan bu cür çaşdırıcı və yanlış istiqamətdə açıqlamalar verməkdənsə, Azərbaycanın və Türkiyənin irəli sürdüyü təkliflərə əməl edərək, Zəngəzur dəhlizinin açılmasını sözdə yox, əməldə gerçəkləşdirməlidir. Bu, Ermənistan, Cənubi Qafqaz, region və dünya üçün faydalı olacaq”,- deyə o fikrini yekunlaşdırıb.

Anar Əli,
XQ

Siyasət