Son günlər “3+3” tez-tez yada düşür

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Cozef Baydenin təklif etdiyi “3+1” formatı isə “gorbagor” olmaqdadır

Dünyanın müxtəlif qütblərində nüfuzunu itirənlərin yeni məqsədlərlə Cənubi Qafqaza burun soxması halları çoxalır. Təbii ki, bu, yeni dünya düzəninin formalaşmasında iştirak etmək iştahasından irəli gəlir. Ona görə də region ölkələrinin söz birliyinə olan ehtiyacı da artır. Yaxşı ki, bu istiqamətdə atılan addımlarda az-çox müsbət meyillər də görünür. Azərbaycan, Türkiyə, Rusiya və İran siyasətçiləri bu məramın reallaşdırılmasına öz töhfələrini verməyə hazır olduqlarını dönə-dönə bəyan ediblər.

Fakt ondan ibarətdir ki, Fransa başda olmaqla bəzi dövlətlər beynəlxalq aləmdə hegemonluq etmək üçün düşündükləri qlobal layihələrin heç-puç olmasından sonra yeni “fəaliyyət meydanı” axtarırlar. Onların həmin “meydanı” Cənubi Qafqazda tapmasına kömək edən Ermənistan istisna olmaqla, region ölkələri arzuolunan sözbirliyinə daha çox ehtiyac duyulduğunu gizlətmirlər.

Məsələn, bir neçə gün əvvəl – fevralın 19-da kütləvi informasiya vasitələri yazdılar ki, rəsmi Moskvanın fikrincə, regional əməkdaşlığın “3+3” formatı bütün iştirakçı ölkələrin – Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir. Belə ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasındakı “parlament saatı”nda maraqlı fikirlər səsləndirib: “Əvvəldən hamı razılaşdı ki, bizdə əməkdaşlıq formatı məhz “3+3”dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq”.

Rusiyanın baş diplomatının fikrincə, bu yanaşma keçən ilin oktyabrında İstanbulda nazirlər səviyyəsində keçirilən son görüşdə də təsdiq edilib. Lavrov deyib ki, bizim bu münasibətlərimiz ABŞ-ın əvvəlki administrasiyasında paxıllıq yaradıb və onlar “3+3” formatı əvəzinə Cənubi Qafqaz ölkələri və sabiq prezident Cozef Baydenin administrasiyası nümayəndələrinin daxil olacağı “3+1” formatını irəli sürməyə çalışırdılar. Rusiya rəsmisinin fikrincə, son zamanlar “3+3” platformasını daha strukturlaşdırılmış təşkilata çevirmək barədə qərar qəbul edilib. Üstəlik, Moskva bu format daxilində parlamentlərarası komissiyanın yaradılması təklifini dəstəkləyir. Yəni nə olursa-olsun, Makron və makronabənzər yadellilər bizim regiona gəlməsinlər.

Rusiya siyasətçilərinin fikrincə, Azərbaycan – Ermənistan və Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin tənzimlənməsinə yol açar və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edər.

İran İslam Respublikası da bu formatın davam etdirilməsində maraqlıdır. Bu cənub qonşumuzun siyasətçi və diplomatları az qala hər həftə “3+3” formatındakı məsləhətləşmələrin davam etdirilməsini alqışlasalar da, bu formatın qabağa getməsini əngəlləməyə çalışan Ermənistanın başına ağıl qoymurlar.

İslam respublikasının xarici işlər naziri Abbas Arakçı həm İstanbulda xarici işlər nazirlərinin konfransında , həm də Tehranda Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında açıq şəkildə bəyan etmişdir ki, İran bu formatdakı məsləhətləşmələri dəstəkləyir və Qərb ölkələrinin regionumuza gəlməsini rədd edir. Təbii ki, bu, müsbət haldır. Amma rəsmi Tehranın İrəvana “Qərbi bizim regiona gətirmə!” tapşırıq və ya tövsiyəsini verməməsi ... şübhəlidir.

Bu məsləhətləşmə formatının tarixçəsinə gəlincə isə xatırladaq ki, o, Azərbaycanın möhtəşəm Zəfəri və Ermənistanın rəzilcəsinə məğlubiyyəti ilə başa çatmıç İkinci Qarabağ müharibəsindən sonra Ankara və Bakının təşəbbüsü ilə (Türkiyədə bu formatı İlham Əliyevin layihəsi adlandırırlar, Azərbaycanda isə Ankara və Bakının planı) yaradılmışdır. Birinci üçlükdə Cənubi Qafqaz ölkələri, ikinci üçlükdə isə qonşu ölkələr qeyd olunur. Ancaq Ermənistan Avropa İttifaqı xülyasından əl çəkə bilmədiyinə, Gürcüstan isə ərazisinin müəyyən hissəsində suverenliyini bərpa edə bilmədiyinə görə bu məsləhətləşməyə qatılmırlar.

Hər halda Azərbaycan rəhbərliyi dəfələrlə vurğulayıb ki, biz Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Nikol Paşinyana müxalif olan erməni siyasətçiləri isə deyirlər ki, bizim baş nazirimiz kiminləsə teta-tet danışa bilmir, altı ölkə rəhbəri ilə necə danışacaq?

 

 

Siyasət