Moskva İrəvanda öz mövqeyini sürətlə itirir

post-img

Hayastanın 2020-ci ildə xaricdən aldığı silah-sursatın 96 faizi Rusiyadan idisə, hazırda bu göstərici 10 faizə düşüb

Ermənistan – Rusiya münasibətlərində gərginlik artır. Hər iki ölkənin eyni iqtisadi və hərbi birliyin üzvü olmasına baxmayaraq, iki ölkə arasında arasında hərbi-texniki əməkdaşlıqda kəskin azalma müşahidə olunur. Nəticədə onilliklər ərzində İrəvanın əsas silah tədarükçüsü olan Moskva öz mövqeyini sürətlə itirir, yerini Paris və Dehliyə verir. Bu barədə DW media şirkəti bildirib.

Buna paralel olaraq Hayastan müdafiə xərclərini artırır. Ermənistan maliyyə naziri Vahe Ovanisyanın sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsindən hərbi xərclərə 1,7 milyard dollar ayrılıb. Bu da 2024-cü ildəki xərclərdən 20 faiz çoxdur və ölkənin ümumi daxili məhsulunun 6 faizini təşkil edir. “Bu, büdcənin əhəmiyyətli hissəsini təşkil edir və bütün gücümüz burada cəmləşib”, – deyə nazir bildirib.

Bundan başqa, 2024-cü ilin iyulunda Avropa İttifaqı ilk dəfə Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə yardımı ayırıb. Bildirilib ki, yardım 2025-ci ildə də göstəriləcək. Bu, erməni ekspertlər tərəfindən müdafiə sahəsində əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirilib. Erməni politoloq Tiqran Qriqoryan vurğulayıb ki, yardım davamlı olacaq və onun məbləği hər il artırılacaq. O hesab edir ki, Rusiya ilə Ermənistan arasında silah-sursat təchizatı sahəsində əməkdaşlıq heç bir halda əvvəlki səviyyəyə qayıtmayacaq: “Hər şeydən öncə, əvvəlki dövrün yerinə yetirilməmiş müqavilələri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bəzi Rusiya silahlarının səmərəsizliyi nəzərə alınır. Ümumiyyətlə, bu, həm də siyasi prosesin bir hissəsidir. Demək olar ki, silahların diversifikasiyası deyilən tədbirlər çərçivəsində Ermənistan müəyyən uğurlar əldə edib. Hindistan və Fransadan silah alır”.

Politoloq “yerinə yetirilməmiş müqavilələri” daha çox qabardır. Yada salaq ki, İrəvanla Moskva arasında silah müqaviləsi ilə bağlı mübahisə 2022-ci ildə üzə çıxıb. 44 günlük müharibədən sonra Hayastandan bildirilib ki, silah üçün Rusiyaya yüz milyonlarla dollar ödənilib. Lakin tədarükü nəzərdə tutulan silahların əksəriyyəti sifarişçiyə çatdırılmayıb. Erməni tərəfinin nə təsdiq, nə də təkzib etmədiyi müxtəlif hesablamalara görə, müqavilələrin məbləği 250–400 milyon dollar arasında dəyişir. Baş nazir Nikol Paşinyan hələ 2022-ci ilin sentyabrında hökumətin iclasında bəyan etdiyi kimi, “yüz milyonlarla dollar ödənilib, lakin Ermənistana tədarük öhdəlikləri yerinə yetirilməyib”.

Hökumətin başçısı deyib ki, Ermənistanın Rusiyadan silah alışı üçün ödədiyi məbləğlə bağlı İrəvanla Moskva arasında danışıqlar davam edib. Paşinyan, həmçinin əlavə edib ki, problemin həll variantı kimi həmin vəsaitin ölkəsinin Rusiyaya olan dövlət borcundan tutulması imkanları nəzərdən keçirilib.

Yada salaq ki, o vaxtdan bəri bu məsələ iki ölkə münasibətlərində dəfələrlə gündəmə gətirilib. Həm də Ermənistan hakimiyyətinin Rusiyaya qarşı iddialar irəli sürməsinə səbəb olub. Hətta bunun Hayastanın suverenliyini zəiflətmək məqsədilə edildiyinə dair açıq ittihamlar səsləndirilib.

Yanvarın 15-də keçirilən mətbuat konfransında müdafiə naziri Suren Papikyan silah-sursat tədarükünə görə ödənilmiş vəsaitin 2024-cü ilin noyabr ayının sonunadək, təqribən 240 milyon dollar təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, məbləğ Moskva ilə İrəvan arasında razılaşmaya uyğun olaraq, ümumi borcdan tutulub.

Onu da qeyd edək ki, Ermənistanın Rusiyaya borcu 2024-cü ilin noyabr ayının sonuna 237,4 milyon dollar və ya ümumi xarici borcun 5,5 faizini təşkil edib. Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin dəfələrlə uzadılması üzrə işlər üçün Rusiya hökumətindən kredit götürüb.

Papikyan, həmçinin deyib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır, lakin hələlik bu sahədə yeni razılaşmalardan danışa bilməz. Onun sözlərinə görə, İrəvanın sualları var. Onların cavabları gələcəkdə ikitərəfli münasibətlərin “dərinliyini və xarakterini” müəyyən edəcək.

Müdafiə naziri qeyd edib ki, ölkəsi silah-sursatı Fransa və Hindistandan alacaq. Bu sahədə, həmçinin ABŞ ilə də münasibətləri yaxşılaşdırmaq niyyətindədirlər: “Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın sabiq Dövlət katibi Antoni Blinken tərəfindən imzalanmış Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında xartiya iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əsas verir”.

Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan isə bildirib ki, Rusiya uzun illər ölkəsinin əsas və faktiki olaraq inhisarçı silah-sursat tədarükçüsü olub. Hazırda bu sahədə əməkdaşlıq azalıb: “Biz həmin asılılığa son qoymaq üçün zəruri dəyişikliyi etməliydik və bunu da həyata keçirdik. Son dövrlər təhlükəsizlik sahəsində mühüm nəticələr əldə edilib. Əgər 2020-ci ildə alınan silah-sursatın 96 faizi Rusiyadan idxal edilirdisə, hazırda bu göstərici 10 faizə düşüb”.

Qriqoryanın sözlərinə görə, Rusiya tərəfi çatdırılmaların gecikdirilməsini Ukraynadakı müharibə ilə əlaqələndirir. Bununla belə, o qeyd edib ki, hətta 2021-ci ildə imzalanmış müqavilələr də yerinə yetirilməyib. Sonda o, vəziyyətin siyasi fonuna eyham vurub: “Bir erməni məmuruna deyiblər ki, Rusiya Federasiyası sizə silah və sursat versə, siz daha sərt mövqe tutacaqsınız. Moskva da bunu istəmir. Bu, həm də təchizat çatışmazlığının səbəbidir”.

***

Rusiyadan silah tədarükünün azalması fonunda Hindistan və Fransa Ermənistanın əsas tərəfdaşlarına çevriliblər. Hindistanın IADN nəşrinin məlumatına görə, 2024–2025-ci maliyyə ilində İrəvan Dehlidən 600 milyon dollarlıq silah alıb. Bunlara “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə silahlar və “Zen” anti-dron sistemlərinin tədarükü daxildir. Silahlar isə İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb. Hindistanın “Bharat Forge” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib. Müqavilə üç il ərzində bu tipli 90 artilleriya qurğusunun tədarükünü nəzərdə tutur. Bunlardan başqa, Ermənistan Hindistana 155 mm çaplı MArG 155-BR özüyeriyən artilleriya qurğusu da sifariş verib. 2020-ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” yerüstü radiolokasiya stansiyasının alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Ermənistanın Fransa ilə silah-sursat sahəsində əməkdaşlığında da irəliləyiş nəzərə çarpır. İki ölkə 2023-cü ilin oktyabrında hərbi əməkdaşlıq sazişi imzalayıb. 2024-cü ilin iyununda İrəvan və Paris hərbi-texniki əməkdaşlığın genişləndirilməsini, o cümlədən Ukrayna ordusunun Rusiya ilə müharibədə də istifadə etdiyi GM200 radarlarının, “Bastion” zirehli maşınlarının və “Sezar” haubitsalarının tədarükünü elan olunub.

Bu yaxınlarda Fransanın İrəvandakı səfiri Olivye Dekotini vurğulayıb ki Ermənistanla müdafiə sahəsində əməkdaşlıq 2025-ci ildə üç istiqamətdə davam edəcək. Bu istiqamətlərdən birincisi, müdafiə ləvazimatları və tenikanın tədarükü, ikincisi, hərbçilərin təlimi və orduda islahatların aparılması, üçüncüsü ordunun gücləndirilməsidir.

Təbii ki, Azərbaycan müşahidəçi kimi buna tamaşa edəsi deyil. Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bağlı təbrik mesajında deyib ki, Ermənistanın silahlanması Azərbaycan üçün “ən narahatedici məqamdır”. Dövlət başçısının sözlərinə görə, Ermənistanın silahlanması sülhü poza bilər. Azərbaycanın builki hərbi büdcəsində edilən rekord artımını da, Ermənistanın silahlanması ilə əlaqələndirib. Xatırladaq ki, rəsmi Bakı 2025-ci ildə hərbi xərclər üçün 8,4 milyard manat (təqribən, 4,94 milyard dollar) ayırıb. “Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik”, – dövlət başçımız çıxışında deyib.

Dövlət başçımız yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində isə vurğulayıb ki, Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməli və ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət